
Hazırda Azərbaycan Premyer Liqasında qələbə “oruc”unda olan komandalardan biri “Turan Tovuz”dur. Bölgə təmsilçisi 5 oyundur 3 xallıq uğur qazana bilmir. Bu məsələ ilə bağlı “boz qurd”un futbolçusu Orxan Əliyev Globkom.info – da müsahibə verdi.
- Son turda autsayder “Səbail”in müqavimətini qıra bilmədiz, uğursuzluqla bağlı fikirlərin maraqlıdır…
- Bayıl təmsilçisini məğlub etmək və qələbəsizliyə son qoymaq istəyirdik. Amma alınmadı. Rəqib də çox yaxşı mübarizə apardı. Onlar məğlub olmamaq üçün əllərindən gələni etdi. Təbii ki, qələbə qazansaq yaxşı olardı, alınmadı. Hər halda məğlubiyyət də yaşamadıq. 2 xal itirsək də, bir xal qazandıq.
- Sonuncu dəfə XXIV turda qələbə qazanmısız, artıq 5 oyunudur ki, qələbə üzünə həsrətsiz, hazırda komandada psixoloji vəziyyət necədir?
- Əlbəttə ki, komanda ardıcıl uğursuzluqlar yaşayanda bu hal futbolçuların mənəvi-psixoloji vəziyyətinə təsir edir. Amma hazırkı vəziyyətdə özümüzdən başqa heç kim bizə kömək edə bilməz. Komanda olaraq xoşagəlməz davamiyyətə son qoymalıyıq. Düşünürəm ki, qarşıdakı oyunlarda qara zolağa son qoya biləcəyik.
- Səncə, avrokuboklara vəsiqəni təmin edə biləcəksizmi?
- Hələ çempionat bitməyib, mübarizə davam edir. Bizim üçün başlıca motivasiya qitəmiqyaslı yarışlara vəsiqə qazamaqdır. Buna inanır və mübarizə aparırıq. Ümid edirəm ki, hədəfimizə nail olacağıq.
- “Səbail” ilə matç bitəndən sonra azarkeşləriniz tərəfindən kəskin tənqid və qınağa rast gəldiniz. Bu barədə nə deyərdin?
- Azarkeşlərimizin emosialarını və gözləntilərini anlayıram. Onlar komandalarında uğur gözləyirlər. Bizi tənqid etmək haqlarıdır, amma təhqir yolverilməzdir. Biz azarkeşlərlə birgə qara zolaqdan çıxmaq istəyirik. Odur ki, ürəyində və beynində “Turan Tovuz” sevgisi olanların bizə inanıb, dəstəklərini əsirgələmələrini istərdim.
ABDULLA İSMAYILOĞLU
Globkom.info