
Nəriman Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardıqları inadlı mübarizə arxiv sənədləri ilə də sübut edilir. Həmin arxiv sənədlərindəki bəzi fraqmentləri diqqətinizə çatdırmağı vacib hesab edirik.
1920-ci il aprelin 30-da Azərbaycan SSR xarici işlər komissarının müavini Mirzə Davud Hüseynovun daşnak Ermənistanının xarici işlər nazirliyinə göndərdiyi notada deyilirdi:
“Azərbaycan Sovet Sosialist Respublikasının fəhlə-kəndli hökuməti İnqilab Komitəsinin simasında sizdən tələb edir:
1) Qarabağ və Zəngəzuru öz qoşunlarınızdan dərhal təmizləyin;
2) Qoşunlarınızı öz sərhədlərinizə çəkin;
3) Milli qırğınlara son qoyun. Əks təqdirdə Azərbaycan Sovet Sosialist Respublikasının İnqilab Komitəsi özünü sizinlə müharibə vəziyyətində hesab etmiş olacaqdır. Notaya cavab vermək üçün üç gün vaxt verilir.” (Д.П.Гулиева, (1989), К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР: 1918-1925: документы и материалы).
1920-ci il iyununda Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanov, Mikoyanın və Nuricanyanın Çiçerinə və Orconokidzeyə göndərdikləri teleqramda qeyd edilirdi:
"Artıq Sovet Azərbaycanına daxil olmuş və guya mübahisəli olan Zəngəzur və Qarabağa gəldikdə qəti surətdə bildiririk ki, bu yerlər şübhəsiz gələcəkdə də Azərbaycanda qalmalıdır."
Nərimanovla Orconikidzenin mübahisəli ərazilər barədə yazışması onu göstərir ki, Sovet Azərbaycanı rəhbərliyi ələxsus da Nərimanov Zəngəzuru (həmçinin Şərur-Dərələyəz və Naxçıvanı da) Azərbaycanın ayrılmaz parçası hesab edirdi.
Nəriman Nərimanov: Salam. Yoldaş Lenindən teleqramıma cavab almadınız? Siz ona yazdığınız məktubda başqa ərazilərə iddia etməməyimizi məsləhət görmüsünüz. O dediyiniz başqa ərazilər hansılardır ? Qarabağ və Zəngəzur Azərbaycanın ayrılmaz bölgələridir.
Orconikidze: Salam, yoldaş Nərimanov. İndi Çiçerinlə Qarabağ və Zəngəzur haqqında danışdım. Bu ərazilərin Azərbaycana dərhal və qeyd-şərtsiz verilməsini bildirmişəm. Ancaq bunun üçün digər ərazilərə dair iddialardan imtina etmək (Orconikidze digər ərazilər dedikdə Şərur-Dərələyəz və Naxçıvanı nəzərdə tutur), Dağlıq Qarabağa və Zəngəzura muxtariyyət verməyiniz lazımdır. Bu təklif Azərbaycandan gəlməlidir və heç bir halda müqavilədə göstərilməməlidir. Sabah bu barədə sizinlə görüşəcəm.
Azərbaycan Sovet hökumətinin ərazi məsələsindəki həssaslığını Naxçıvan məsələsində də görmək olar. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov və erməni bolşeviklər Anastas Mikoyan və Avis Nuricanyan da daşnak hökuməti ilə müqavilə bağlamağın əleyhinə idi. Onların 1920-ci ilin iyununda Çiçerin və Orconikidzeyə göndərdiyi teleqramda deyilirdi:
Daşnak hökuməti Azərbaycana qarşı hücumunu davam etdirir, bəzi bölgələrdə bu hücumlar onlar üçün uğurla nəticələnib. Bu gün onların qoşunu Gədəbəy və Qazaxa yaxınlaşıb. Müsəlmanlarla birlikdə Azərbaycana geri çəkilən erməni kommunistləri daşnaklara qarşı vuruşurlar. Ermənistan faktiki olaraq hal-hazırda Azərbaycanla müharibə şəraitindədir. İddia edilən mübahisəli Zəngəzur və Qarabağın Sovet Azərbaycanının tərkibinə daxil olması məsələsinə gəldikdə isə qəti şəkildə bildiririk ki, bu ərazilərə iddiamız yoxdur və bu torpaqlar Azərbaycanın tərkibində qalmalıdır. Culfa və Naxçıvan bölgələri isə bir ildən çoxdur yerli müsəlmanlardan ibarət bir şura tərəfindən idarə olunur. Bu ərazidə yaşayanların mütləq əksəriyyəti də müsəlmandır. Türkiyə ilə birbaşa əlaqə qurmaq üçün bu ərazi də Sovet qoşunları tərəfindən ələ keçirilərək Azərbaycana ilhaq edilməlidir”. (Д.П.Гулиева, (1989), К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР: 1918-1925: документы и материалы)
Azərbaycan Sovet Respublikasını RSFSR rəhbərliyi də ərazi bütövlüyü məsələsində dəstəkləyirdi.
Rusiya holşeviklərdən, xüsusən, Orconikidze də bu nöqteyi nəzəri müdafiə edirdi. Onun bu mövqeyi Çiçerinə göndərdiyi teleqramda da hiss olunur:
"Azərbaycan Qarabağ və Zəngəzurun dərhal və qeyd-şərtsiz birləşdirilməsi üzərində israr edir; məncə bunu etmək lazımdır, belə ki, hər iki qəza iqtisadi cəhətdən Bakıya meyl edir və Erivandan tamamilə ayrı düşmüşdür."
1920-ci ilin iyunun 19-da Orconikidze tərəfindən Leninə və Çiçerinə imzalanmış belə bir teleqram da göndərildi: “Qarabağda və Zəngəzurda Sovet hakimiyyəti elan edilmişdir və adı çəkilən ərazilər özlərini Azərbaycan Sovet Respublikasının bir hissəsi hesab edirlər.” (İqrar Əliyev. Dağlıq Qarabağ: Tarix, faktlar və hadisələr.)
Lakin RSFSR rəhbərliyinin Azərbaycanı dəstəkləməsi Azərbaycana olan hər-hansısa hüsnü rəğbətdən irəli gəlmirdi. RSFSR rəhbərliyi Azərbaycanı dünya inqilabının yayılması üçün əsas məntəqə hesab edir və sovet hakimiyyəti qurulmayan Gürcüstan və Ermənistan respublikaları üzərinə həmlə etmək üçün Azərbaycanı əsas çıxış məntəqəsi kimi görürdülər. Azərbaycanın regiondakı xüsusi missiyası haqqında 1922-ci ildə Orconikdze deyirdi: "Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduğu andan etibarən, Azərbaycan bizim çıxış məntəqəmiz idi. Oradan biz millətçi-burjua-əksinqilabçı menşevik və daşnak hökumətləri üzərinə həmlə edirdik."
Nəzərə almalıyıq ki, 28 aprel çevrilişindən sonra Azərbaycan Cənubi Qafqazda antiimperialist (antiqərb) mübarizənin o illərdə geniş vüsət aldığı Şərqə münasibətdə sovet strategiyasının mərkəzi qovşağı, habelə Cənubi Qafqazın sovetləşməsinin əsas platsdarmı olmuşdu. Bu spesifik vəzifəni Azərbaycan kommunistləri belə izah edirdilər: "Müstəqil Azərbaycanın fuqərayi-kasibəsi bunu unutmamalıdır ki, Azərbaycan Şərq aləminin xilaskarı və mərkəzi nöqtəsini təşkil ediyor. Azərbaycan imperializmaya vurulacaq yumruğun ən müdhişini vurmaq vəzifəsilə müvəzzəfdir (vəzifəlidir- Ş.R) ...", "biz bilirik ki, İngiltərə emperyalizmasının mürdəşiri, onu dəfn edən Şərq aləmində Qırmızı Azərbaycan olacaqdır", "biz Azərbaycan inqilabına Azərbaycan dairəsində baxmayaraq, Azərbaycan inqilabında ancaq Şərq inqilabını görürüz və biz... var qüvvəmizi toplayacağıq ki, nə tövr olur-olsun, Şərqə kömək edək." (Rəhmanzadə, Ş. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri). Bakı, “Aspoliqraf”, 2008.)
Əli Novruzov
Foto: Azərbaycan Sovet Respublikasının partiya və dövlət xadimləri, 28 aprel 1920-ci il.
Mənbə: Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi.