Artıq 10 gündür ki, Yəmən ABŞ təyyarələrindən və gəmilərindən intensiv raket hücumlarına məruz qalıb. Böyük əksəriyyəti mülki əhali olan ölənlərin sayı 500-ü keçib. Yəmənin bombalanması üçün ABŞ bəzi ərəb ölkələrindəki (S.Ərəbistanı, BƏƏ) hərbi bazalarından və Yəmən sahillərinə göndərdiyi 2 təyyarədaşıyan gəmidən istifadə edir.

Bəs ABŞ Yəməni niyə bombalayır? Yəmənin Bab-əl-Məndab boğazını İsrailə yük aparan istənilən gəmiyə bağladığı üçün. Tramp tələb edir ki, Yəmən boğazı açsın. Əks halda Yəməni indiyədək görmədiyi cəhənnəmə döndərəcək.

Bəs Yəmən boğazı niyə bağlayıb? İsrail Qəzzada mühasirədə qalmış milyondan artıq fələstinlini humanitar yardımdan (su, ərzaq, dərman və s.) məhrum edib. Beynəlxalq qanunlara görə buna soyqırımı deyilir. Üstəlik İsrail Qəzzanı yenidən bombalanmağa başlayıb. Yəmən tələb edir ki, İsrail fələstinlilərə humanitar yardımın çatdırılmasının qarşısını almasın, soyqırımına son qoysun. Bəyan edib ki, nə qədər ki fələstinlilər humanitar blokadadır, Yəmən də İsrailə Qırmızı dəniz vasitəsilə yüklərin daşınmasına imkan verməyəcək.

İndi fikir verin: Yəmən deyir ki, İsrail soyqırımına son qoysun, onun gəmiləri üçün boğazı açım. İsrail Aralıq dənizindən də, quru yollarla da yük qəbul edir, Qəzza sakinləri isə tam blokadadır. Yəni Yəmənin blokadası İsrail üçün humanitar fəlakət yaratmır, sadəcə, xərcləri artır, İsrailin blokadası isə fələstinlilərin aclıqdan, susuzluqdan və xəstəliklərdən ölməsinə səbəb olur. Yəmənin tələbi tam ədalətli deyilmi?

Bir nüansı da nəzərə alın: Yəmən bu tələbi ilə özünü təhlükəyə atır– bilir ki, Qərbin hərbi hücumlarına məruz qalacaq və qalır da. Lakin tələblərinin yerinə yetirilməsinə görə Yəmən heç bir maddi mənfəət əldə etməyəcək. Qərbi dəhşətə gətirən də məhz budur! Belə insanları satın almaq mümkün deyil.

ABŞ boğazın açılmasını istəyir? Bunun üçün ən ucuz, hüquqi, ədalətli və insani yol hansıdır? Qəzzanın humanitar blokadasına son qoymaq. Başqa sözlə, İsraildən bunu tələb etmək.

Yəmən artıq sözünün ağası olduğunu sübut edib. Bayden zamanında da Yəmən İsrailə yük daşıyan gəmilər üçün boğazı bağlamış və Qərb hərbi koalisiyasının bütün səylərinə baxmayaraq, boğazı açmamışdı. Bu ilin yanvarında Qəzzada atəşkəs elan olunandan və oraya humanitar yardımlar buraxılandan sonra Yəmən də boğazın İsrail üçün blokadasına son qoymuşdu. 2 aydan çox idi ki, boğaz bütün gəmilər üçün açıq idi. Lakin İsrail atəşkəs razılaşmasını pozandan və Qəzzanın humanitar blokadasını bərpa edəndən sonra Yəmən yenidən boğazı bağladığını bəyan etdi.

İndi nəticə çıxaraq.

ABŞ boğazın necə asanlıqla açıla biləcəyini yaxşı bilir. Lakin bu halda Qəzzada soyqırımı baş verməyəcək. Belə çıxır ki, ABŞ Qəzzada soyqırımı olmasını istəyir– nəinki istəyir, bunun baş verməsi üçün əlindən gələni edir. Ac, susuz, müalicəsiz qalmış əhalinin bombalanması üçün İsrailə hər cür silah-sursat da verir. Məqsədi də məlumdur: Trampın dediyi kimi, həyatı cəhənnəmə dönmüş fələstinlilərin Qəzzadan kütləvi şəkildə başqa ölkələrə köçməyə razılaşması. Bu planını Tramp ilk dəfə 5 fevralda Ağ Evdə Netanyahunu qəbul edərkən bəyan etmişdi: https://www.facebook.com/share/p/18tkoYYdrx/

Bir Qərb lideri və Qərb məddahı da demir ki, bu məsələdə Yəmən yeganə haqlı, əxlaqi və əsl fədakar tərəfdir.

Fotoda: Demokratik ABŞ-ın köməyilə demokratik İsrailin xarabazara döndərdiyi Qəzza.

Mövzu ilə dərindən maraqlananlar üçün: https://www.facebook.com/share/v/1KK3KQzHeG/

 

Asif Şəfəqqətov