
Cənab Tramp iqtisadi-rüsum müharibəsinə start verdi. Əslində elə prezidentliyi başlayandan anonsunu etmişdi və bununla bəzi ölkələrə qarşı da rüsum müharibəsininin başlaması ilkin təməlini atmışdı. Dünən isə bu yeni savaşını hamıya qarşı "totallaşdır”dı".
Trampın bu və ya digər qərarlarına təəccüb edən yekə-yekə mütəxəssislərin yekə qüsuru var: onlar liberalların SSRİ-nin və sosialist düşərgənin dağıdılmasından sonra uydurduğu "tarixin sonu"na inanıblar. Marksizm-leninizm elmindən səthi xəbəri olan hər kəs kapitalizmin və imperializmin necə işlədiyini bilir.
Tramp ABŞ-ni təzədən "qreyt" edəcəyini söz vermişdi. Bu adamın seçkiqabağı devizi idi. Bu xırda planetdə, kainatı qoyuram kənara, təkcə Günəş sistemindən qum dənəciyindən də xırda olan planetdə resurslar, maddiyat artmır, əksinə - azala-azala gedir. Bir ökəni "təzədən qreyt" etmək üçün gərək onlarla ölkənin haqqına girəsən ki, ABŞ-da bunu məhz imperializmin hesabına edir.
SSRİ-siz dünya belə, hətta bundan daha da qəddar və təhlükəli olacaq.
Əslində Sovet İttifaqı mövcud olmayanda da ABŞ dünya arenasına baş imperialist kimi çıxmamışdı. Avropa imperialistlərinin planetin sərvəti üstündə törətdiyi iki dünya müharibəsi ABŞ-a sərvət qazandırd və onu Yer kürəsində ağalığına gətirdi. Üstəlik dolları beynəlxalq valyutaya çevirdi. ABŞ Latın Amerika ölkələrinin anasını ağlatdı, vəhşicəsinə o ölkələri və xalqları istismar etdi və etməkdədir. Okeanın o tayındakı kapitalistlərinin Latın Amerikasında törətdiyi vəhşilik və insan əleyhinə cinayətlər Böyük Britaniyanın, Fransanın, Belçikanın Afrikada və Asiyada törətdikləri istismarçılıqdan az olmayıb. Sadəcə ABŞ-ın Latın Amerikasında törətdikləri hamının, xüsusilə Azərbaycan cəmiyyətinin həmişə diqqətindən çox kənarda olub. Azərbaycanlıların mütləq əksəriyyəti ümumiyyətlə beyinlərinə yeridilmiş "ruslar bizi taladı" əfsanəsindən başqa heç nə bilmirlər.
Trampın Baydendən, respublikaçıların demokratlardan tək fərqi ola bilər: biri o birindən daha çox və daha qəddar imperialistlik edər. ABŞ-da hakimiyyətlərin prioritetləri və strategiyası dəyişə bilər, amma o bir kapitalist dövlət kimi nə məramı, nə də məqsədi dəyişməz. Bayden və dünyanın bütün liberalları üçün "Rusiya dağılmalıdır" şüarı dəb idi. Tramp isə Çini təhlükə gördüyündən onu sıradan çıxarmaq istəyir. Belə götürəndə, praqmatik yanaşmadır. Misal üçün, Panama kanalının hər iki başındakı limanlara Çin hakimiyyətinə yaxın şirkətlər nəzarət edirsə, Tramp özünü rəzil vəziyyətə salmış Rusiyadan niyə çəkinməlidir ki? Rusiya bütün postsovet illəri ərzində öz sərvətini Qərb kapitalistlərinə yedizdirirdi, xaricdən isə öz ölkəsinə qara qəpik gəlmirdi. Çar Rusiyası da eyni cür var olub. Çar Rusiyasının tərkibində olan Bakı neftini Qərb kapitalistləri daşıyıb aparırdı, istismar edirdi.
Xülasə, Tramp özünü sülh göyərçini kimi mövqeləşdirsə də, məzmunda imperialist yırtıcıdır. Adam kapitalist ailədə böyüyüb, major-meşşan burjua balalarından olub, onun nə qəlbi var, nə də hissləri. "Al, gülüm, ver, gülüm"dən başqa beynində məqsəd yoxdur. Əlinə ABŞ qüdrətində dövlət keçib, ona görə "ver, gülüm"lə hərəkət etməyə çalışacaq və beynəlxalq aləmdə gərginliyi artıracaq. Müharibəsiz kapitalizm (imperializm) var ola bilməz.
Ya insanlar, işçi sinfindən olan insanların şüurlu olaraq əl-ələ verib dünya düzənini dəyişəcəklər, ya da balaları bir gün müharibədə yanacaq.
P.S Karikatura 1960-cı illərdə ABŞ-də dərc edilib. Sem dayının antikommunist təbliğat maşınının işini göstərir
A.Sultanov
Globkom.info