Cəbhəşüvənlərin mitinqinə icazə vermədilər. Düz elədilər. Amma gərək verib, biabır edəydilər. Çünki o mitinqə heç 300 nəfər də gəlməyəcəkdi.

Başçıları deyir ki, hökumət bizdən qorxur. Ə, sənin nəyindən qorxacaq? O miskin stadiona 300 cəbhəşüvən toplayıb, mənasız "a-zad-lıq", "is-te-fa" qışqırmağındanmı?

Qorxulu olan, yəni özünə güvənən qüvvə mitinq üçün icazə istəmir ey, vaxtını və yerini elan edir, hakimiyyətə də xəbər verir, vəssalam. Necəki Türkiyədə, Gürcüstanda, Ermənistanda belədir...

Ümumiyyətlə, Azərbaycanda indiyədək bir dənə də səviyyəli mütünq olmayıb. Şüarlar bəsit, transporantlar primitiv, çıxışlar da bayağı, şablon, əttökən.

Ötən əsrin 80 və 90-cı illərində onlarla mitinqdə iştirak etmişəm, heç birindən zövq ala bilməmişəm. Əslində iştirakçılara ruh yüksəkliyi bəxş etməli olan bu aksiyalar çoxunun ruhunu öldürüb. İştirakçı sayı hər zaman azalan xətt üzrə gedib. Amma elə bil nəsə boynumuza düşmüşdü. Sevmədiyimiz, mahiyyətini yetərincə dərk etmədiyimiz o yığnaqlara sanki küyə düşərək gedirdik. Bu elə bil bir trend, dəb, kütləvi psixoz idi. Mitinqə gedəndə sanki başqalarından fərqli, daha müasir, daha azad olurduq. Əslində isə bizi hansısa gözəgörünməz qüvvələr uşaq kimi, kukla kimi idarə edirdilər. Heç azad adam da gedib haradasa, hansısa sürüyə qoşulub, dirijor çubuğu ilə "a-zad-lıq" qışıqırar?

Onu da deyim ki, qışqıranlar da əsasən digərlərini həvəsləndirmək üçün xüsusi təlimatlandırılmış adamlar idi.. Amma Azərbaycan mitinqlərində heç vaxt bir ürək kimi döyünən ritm alınmadı. Çünki insanlar nə şüarlara, nə demokratiyaya, nə tribunadakı liderciklərə ürəkdən inanmadılar. Bu plan, bu komediya, bu məzhəkə bizdə tutmadı, alınmadı...

Bir dəfə BMH (Birləşmiş Müxalifət Hərəkatı) üzvü olarkən Arif Hacılıya dedim ki, gəlin bu mitinqləri bir az səviyyəli, canlı keçirək, "azadlıq" və "istefa" şüarları ilə kifayətlənməyək, daha anlamlı ifadələr düşünək, xaricdəki kimi rəngbərəng transporantlar, posterlər, karikaturalar hazırlayaq. Mitinqlərimiz həm də bir növ maskarad olsun. İnsanlar əyləncəyə meyillidir. Qoy xaricdə də istedadlı, kreativ xalq olduğumuzu görsünlər. Arif Hacılı mənə üzündəki daimi ironik mimika ilə baxıb heç nə demədi və mitinq komitəsinin sədri olaraq da heç nə etmədi. Mitinq yenə iki bəsit və bayağı şüar, aleksandrovka kağızlarına flamasterlə yazılmış bir neçə donqili şüarla keçdi.

Arif Hacılı yalnız yalandan belə bir elan verdi ki, mitinqimizə guya Ukraynadan "Femen" qrupunun qızları gələcək. Bilməyənlər üçün deyim ki, vaxtilə bu qrup Ukrayna maydanlarına çılpaq, sinələrini açaraq çıxırdı. Amma mister Hacılının bu yalanına inanan olmamışdı. Çünki 20-ci sahədə keçirilən o mitinqə çox az adam gəldi. Mən başa düşdüm ki, bunlar istedadsız olmaqla bərabər, həm də oğru, korrupsionerdirlər. Mirinqlərə haralardansa ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir, mənimsəyirlər. Mitinqlərin keçirilməsinə görə isə hər yerdən pul alırdılar. Hətta icra hakimiyyətlərindən də. Əslində bunların mitinqlərinin çoxunu vaxtilə elə hakimiyyət özü keçirir, rayonlardan gələn cəbhəşüvənlərin yol və yemək pulunu icra hakimiyyətləri verirdi. O pulların da xeyli hissəsini rayon şöbə sədrləri mənimsəyir, Bakıya İsa Qəmbərə, Əli Kərimliyə, Arif Hacılıya da pay gətirirdilər. Mənim AXCP-dən çıxmağımın əsas səbəblərindən biri də məhz bu işlərin izinə düşməyim olub.

Bunlar həmişə təmizlik, şəffaflıq tələb edən adamlardan it kimi qorxublar.

BDU şöbəsində Bəhruz Kərimov adlı bir cəbhəçi yoldaşımız vardı. O hüquqşünas və son dərəcə qanunpərəst bir adam idi. Həmişə deyirdi ki, yetərsay olmadan iclas keçirmək olmaz. O zaman AXC BDU şöbəsi məclisinin sədri Qulamhüseyn Əliyev buna görə Bəhruzun AXC-dən xaric olunması təklifini verdi. Bu mənim üçün son dərəcə dəhşətli bir şey idi. Sovet hökumətini, mövcud hakimiyyəti ən çox qanunları pozmaqda günahlandıran xalq hərəkatının rəhbərlərindən biri qanun tələb edən cəbhə üzvünü təşkilatdan qovmağı tələb edirdi. Qulamhüseyn Əliyev daha sonra AXCP Ali məclisinin sədri oldu. Bax belə...

O dövrdə hakimiyyət də bu tip zəif, boz, bayağı mitinqlərin olmasında maraqlı idi. Çünki həm Avropaya bizim müxalifətin nə gündə olduğunu, həm də ölkəmizdə demokratiyaya, sərbəst toplaşmaya, söz azadlığına heç bir maneə olmadığını göstərmək istəyirdi. Amma indi görünür, bunlara ehtiyac qalmayıb. Ona görə də, "mitinq kaput!"

Mitinq və nümayiş əslində güc nümayişi üçündür. Gücün yoxdursa, 200-300 nəfəri müxtəlif yollarla, pul-para ilə qabaqcadan razılaşdırılmış hansısa stadiona toplamaq dünyanın ən saxta, gülünc və mənasız işidir.

Bizim müxalifətin isə gücü, nüfuzu, tərəfdarı yoxdur. Bu 35 ildə bütün siyasi kapitalını xərcləyərək, necə deyərlər, quru yurdda qalıb. Bundan başqa, öz yalançılığı, riyakarlığı, ikiüzlülüyü, satqınlığı, fərsizliyi, düşüklüyü, həyasızlığı ilə böyük nifrət qazanıb və tamamilə nüfuzdan düşüb.

Bu düşərgə heç vaxt dirilməyəcək və bütün revanş imkanları sıfırın altındadır. Yaxında qəpik-quruşla saxladıqları şüvən trollar da onları tərk edəcək. Çünki artıq Qərb də onları dəstəkləməkdən imtina etməyə qərar verib və düz də edib. İllərlə yazdıqlarımın nəticə verməsindən çox məmnunam. Axır ki, Amerikada da eşitdilər və ağıllarına batdı. Amerikanın qol qoymadığı şeyə  Avropa da amin deyəcək.

Nadir Qocabəyli

Globkom.info