Rumıniyada “seçki demokratiyası” məzhəkəsini davam etdirirlər

2024-cü ilin 24 noyabrında Rumıniyada prezident seçkiləri keçirildi. Seçki nəticələri liberallar üçün şok oldu: 1-ci turda heç bir namizəd yetərli səs toplamasa da 2-ci turda iştirak haqqı qazananlar arasında bir nəfər də liberal yox idi. 2-ci tura seçicilərin 22,94%-nin dəstəyini qazanmış ultrasağçı Kelin Ceorcersku və 19,18%-lə sağ-mərkəzçi Yelena Laskoni çıxmışdı.

Sosioloji sorğular göstərirdi ki, bu iki namizəd arasında Ceorceskunun qalib gələcəyi şübhəsizdir. O isə Rumıniyada NATO bazasının yaradılmasının və Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinə, Rusiya ilə normal münasibətlərin bərpa edilməsinin lehinə idi. Nəzərə almaq lazımdır ki, 2023-cü ildən NATO Rumıniyada Avropada 2-ci ən böyük bazasını tikir, bu işlərə artıq on milyardlarla dollar vəsait xarcləyib. Almaniyadakı NAO bazası Rusiyanı Baltik dənizindən blokadaya almağı nəzərdə tuturdusa, Rumıniyadakı baza Rusiyanı Qara dənizdən blokadaya almağa planlaşdırılmışdı. Belə bir strateji ölkəyə çevrilmiş Rumıniyada Ceorcesku kimi adamın prezident olmasına yol vermək olmazdı.

Ceorcesku isə deyirdi ki, Rumıniyada NATO bazasının yerləşdirilməsi onu Rusiyanın nüvə zərbələri üçün 1 nömrəli hədəfə çevirir. Başqa sözlə, NATO bazası Rumıniyanı təhlükəsiz etmir, əksinə, onun üçün təhlükəni daha da artırır. Xalq da onu dəstəkləyir, potensial müharibənin ön xəttində olmaq istəmirdi.

8 dekabrda prezident seçkilərinin 2-ci turu olmalı idi. Amma buna yol vermək olmazdı axı. Tələsik nəsə bir bəhanə tapmaq lazım idi ki, seçkilər ləğv olunsun. Sonralar Amerika mətbuatının yazdığına görə, seçki nəticələrinin ləğv edilməsini Bayden şəxsən tapşırmışdı. Seçkilərin qeyri-demokratik keçirildiyini bəhanə gətirmək olmazdı, çünki Rumıniyada hakimiyyətdə liberalların nümayəndələri idi. Aİ rəhbərliyi başını sındırır ki, nə əsasla seçki nəticələrini ləğv etdirsinlər – vaxt az, bəhanə yox...

🔹 6 dekabrda Rumıniyanın Konstitusiya məhkəməsi (KM) seçkilərin 1-ci turunun nəticələrini ləğv etdi. Əsas da bu oldu ki, Ceorceskunun təbliğat kampaniyasının qanunsuz maliyyələşdirilməsinə və Rusiyanın seçkilərə ehtimal olunan müdaxiləsinə dair müəyyən məlumatlar var. Bəs bu "ehtimallar" və "müəyyən məlumatlar" nədən ibarət idi? Heç nədən– Ceorcesku TikTok təbliğatından istifadə edib, bu social şəbəkə isə Aİ-nin senzurasına tabe deyil, vəssəlam.

Arqumentin gülünclüyü və absurdluğu "fontan" vurur! "Biz şübhələnirik ki, sizi qanunsuz maliyyələşdiriblər – buna görə də seçki nəticələrini ləğv edirik!". Əgər bu hüquqi arqumentdirsə, onda istənilən seçki nəticəsini ləğv etmək olar!

Amma absurdlar teatrı bununla bitmir.

Yeni prezident seçkiləri günü 4 maya təyin olunur. Məqsəd həmin günədək Ceorceskunu gözdən salmaq və reytinqini endirmək idi. Əgər buna nail olmasalar, onu namizədlər sırasından çıxarmalı idilər.

KM-in qərarından sonra seçki nəticələrinin ləğv olunmasına səbəb olan "ehtimallar", "bəzi məlumatlar" üzrə cinayət işi açılmalı, onlar ya sübut olunmalı, ya da təsdiqini tapmadığı bildirilməli idi. Sübut olunsaydı, Ceorcesku barəsində ən pis halda cinayət işi açılmalı, ən yaxşı halda növbəti seçkilərdən kənarlaşdırılmalı idi. Fevral ayı bitdi, lakin "ehtimalları" təsdiq edən heç nə tapılmadı.

Burdan nə nəticə çıxır? KM-nin qərarı üçün "əsaslar" təsdiqini tapmayıb. Deməli, KM-in qərarı səhv olub və ləğv olunmalıdır. Amma buna etmək olmaz axı. Teatr davam etməlidir.

13 yanvarda Buxarestdə 100 mindən artıq adamın iştirak etdiyi etiraz nümayişi oldu. Nümayişçilər Ceorceskuya qarşı ədalətsizliyə son qoymağa çağırırdılar. Son 30 ildə belə çoxsaylı nümayiş olmamışdı. Bütün sosioloji sorğular göstərirdi ki, Ceorceskunun reytinqi gündən-günə artır.

14 fevralda ABŞ-ın vitse-prezidenti J.D.Vens Münhen Təhlükəsizlik Konfransında Rumıniya seçkiləri nəticələrinin ləğv edilməsinə görə Aİ-ni kəskin tənqid etdi, onları seçilərdən qorxmaqda, onların səsini eşitməməkdə, qeyri-demokratiklikdə günahlandırdı.

20 fevralda J.D.Vens ABŞ-da CPAC-da (Konservativ Siyasi Fəaliyyət Konfransı) yenə Rumıniya seçkiləri məsələsinə toxunaraq dedi: "Əgər siz nəticələri xoşunuza gəlməyən seçkiləri ləğv edirsinizsə, sizin ümumi dəyərləriniz yoxdur və bu Rumıniyada baş verdi. Əgər siz xalqınızdan qorxursunuzsa, onu susmağa və ağzını bağlamağa məcbur edirsinizsə, sizin ümumi dəyərləriniz yoxdur." O bütün Qərb dünyasında demokratiyanı və söz azadlığını müdafiə etməyə çağırdı və qeyd etdi ki, bu Avropa ilə alyansın möhkəmlənməsinə gedən yoldur.

26 fevraldan Rumıniyada 5 may seçkilərinə namizədliyin irəli sürülməsi başlayırdı. Həmin gün Ceorcesku prezidentliyə namizədliyini qeydiyyata almaq üçün gedərkən polislər tərəfindən saxlanıldı və həbs edildi. Prokurorluq onu konstitusiya quruluşuna təhdiddə, faşist təşkilatı yaratmaqda və seçki kampaniyasının maliyyələşdirilməsi mənbələrini saxtalaşdırmaqda ittiham etdi. Bu ittihamlara görə ona 20 ilə qədər həbs düşür.

İttiham təqdim edildikdən sonra Ceorcesku məhkəmə nəzarəti altında 60 gün müddətinə hərəkət məhdudiyyəti və sosial şəbəkələrdən istifadə qadağası şərtləri ilə azad edildi. Təsəvvür edirsiniz: 60 gün – yəni 26 aprelə qədər hərəkət etmə, sosial şəbəkədən də istifadə etmə, 5 mayda isə seçkidir. Əsl iezuit məktəbidir!

Müvəqqəti şərti azadlığa çıxan Ceorcesku onu gözləyən tərəfdarları qarşısında çıxışda dedi: "Bu gün hamı gördü ki, ölkədə vəziyyət nə qədər pis vəziyyətdədir. Rumıniya hakimiyyətinin bu nökərliyi Brüsselin tapşırığı əsasında baş verdi. Lakin Trampın və Vensin sayəsində ABŞ göstərdi ki, biz düzgün yoldayıq".

İlon Mask Ceorceskunun həbsini "tam özbaşınalıq" adlandırdı.

Həmin gün Aİ diplomatiyasının başçısı Kaya Kallas, əvvəlcədən razılaşdırıldığı kimi, ABŞ dövlət katibi Marko Rubio görüşmək üçün Vaşinqtona gəldi. Lakin Ceorceskunun həbsinə görə Rubio onunla görüşmədi və görüş üçün başqa vaxt da təyin etmədi. Kallas kor-peşman geri qayıtdı.

Fevralın sonunda keçirilən sosioloji sorğular göstərdi ki, yeni seçkilərdə Ceorcesku istənilən namizədlərlə hətta 1-ci turdan qalib gələ bilər.

Cinayət ittihamı seçkidə namizədliyi irəli sürməyi qadağan etmir. Ceorceskuya qarşı tətbiq olunmuş məhdudiyyətlərlə də onun qalib gələcəyindən qorxan Aİ daha bir addım atdı. Prezidentliyə namizədlər Sebastyan Popesku və Kristian Terxeş KM-ə müraciət edərək, prokurorluğun 4 ittihamını nəzərə alaraq Ceorceskunun namizədliyinin qeydə alınmamasını xahiş etdi. 8 martda KM bunun prosessual pozuntu olduğuna və bunun üçün hüquqi əsasın olmadığına istinad edərək, bütün ittihamlar üzrə xahişləri yekdillikdə rədd etdi və Ceorceskunun namizədliyini irəli sürməsinə icazə verdi.

9 martda KM-in müsbət qərarına baxmayaraq, Rumıniya Mərkəzi Seçki Komissiyası (MSK) Ceorceskunun prezidentliyə namizədliyini qəbul etmədi (Komissiyanın 10 üzvü əleyhinə, 4 üzvü lehinə səs verdi). Maraqlıdır ki, MSK namizədi qeydə almamasının səbəbini açıqlamır. Səbəb yoxdur axı.

Demokratiyanın təntənəsi! Aİ də demokratiyanın belə uğurla qalib gəlməsini alqışlarla qarşılayır və Rumıniya MSK-sına öpücüklər göndərir.

İlon Mask MSK-nın qərarını "dəlilik" adlandırdı.

Ceorceskunun tərəfdarları MSK-nın qarşısında kütləvi etiraz aksiyasına başlayıblar. Yəqin ki, demokratik Aİ demokratik Rumıniya hökumətinə tapşıracaq ki, "faşist" etirazçıları demokratik dəyənəklərlə, mümkün olmasa, demokratik itlərlə demokratikcəsinə döyərək, MSK-nın qarşısından qovsunlar. Lazım gəlsə, demokratik su şurnaqlarından, demokratik gözyaşardıcı qazlardan da istifadə edə bilərlər.

Asif Şəfəqqətov