Müharibə, xüsusən də Rusiya kimi ölkə ilə müharibə böyük hərbi xərclər deməkdir. Bu xərclərin böyük hissəsini ABŞ çəkirdi. Müharibə zamanı ən böyük xərclər nə vaxt silinir? Döyüş zamanı. Deməli, təbiidir ki, ABŞ Ukraynadakı bütün döyüş əməliyyatlarının planlaşdırılmasını öz nəzarətinə götürməli idi. Müharibə başlayandan məhz belə də olmuşdu. Əvvəl ABŞ generalları əməliyyatları NATO-nun Almaniyadakı Ramştayn bazasında planlaşdırır, təsdiq edir və idarə edirdilər. Hər hansı əməliyyat planı Ukrayna komandanlığı tərəfindən də hazırlana bilərdi, lakin həmin plan NATO (ABŞ) generalları tərəfindən təsdiq edilməyincə ona nə vəsait, nə də texnika ayrıla bilməzdi.

Ramştayn komandanlığının ən böyük əməliyyatı geniş reklam olunan 2023-cü ilin əks-hücum əməliyyatı idi. Əməliyyatın məqsədi Zaporojyedən böyük qüvvə ilə hücum etməklə Rusiyanın Krımla quru yolunu bağlamaq, Krımı qurudan mühasirəyə almaq, sonra da yaxın məsafədən adi toplarla Krım körpüsünü partlatmaq və Krımı ələ keçirmək idi. Bu Rusiya üçün çox ağır zərbə ola və bəlkə də Rusiya daxilində hərbi-siyasi çaxnaşmalarla nəticələnə bilərdi (hər halda buna ümid edirdilər).

2023-cü ilin 4 iyununda əməliyyat başladı. 1 aya planlaşdırılmış əməliyyat noyabr ayınadək davam etdi. Bu döyüşlərdə Ukrayna böyük sayda canlı qüvvə və texnika itirdi, lakin rusların Surovikin müdafiə sisteminin heç 3-cü səddini də tam keçə bilmədilər. Əməliyyat böyük uğursuzluqla nəticələndi.

Yeri gəlmişkən, o vaxt Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı olan general Valeri Zalujnı alternativ əks-hücum əməliyyatı təklif etmişdi, lakin onun təklifi qəbul olunmamışdı. Zalujnı, ümumiyyətlə, NATO-nun əməliyyat planlamasını Rusiya (sovet) hərbi taktikasına qarşı düzgün hesab etmirdi.

Kəşfiyyatın verdiyi məlumata görə, müdafiə olunduğu aylar ərzində Rusiya kifayət qədər canlı qüvvə hazırlamış və texnika toplamışdı. Bu qədər qüvvənin toplanması Rusiyanın yenidən hücuma keçəcəyindən xəbər verirdi. Ukraynanın uğursuz əks-hücumu noyabrda bitdiyindən və qış aylarında uğurlu hücum təşkil etmək çətin olduğundan NATO Rusiyanın 2024-cü ilin yaz aylarında hücuma başlayacağını gözləyirdi.

Ramştayn komandanlığının uğursuzluğu ABŞ tərəfindən Ukrayna müharibəsinə rəhbərliyin və idarəetmə mexanizminin dəyişməsi ilə nəticələndi. 2023-cü ilin 12 dekabrında ABŞ general Antonio Aqutonu Ukrayna əməliyyatlarına komandan təyin etdi və o, Ukraynaya göndərildi. Bundan sonra əməliyyatlar Ramştayndan yox, Ukraynadan idarə edilməyə başlandı.

Rusiya ordusu NATO-nun gözlədiyi böyük hücuma başlamasa da yazı gözləmədən elə qış aylarından kiçik miqyaslı hücumlara başladı. 2024-cü ilin fevralında Rusiya Ukrayna rəhbərliyinin "yenilməz qala" adlandırdığı Avdeyevka şəhərini ələ keçirdi. Bundan sonra Rusiya ordusunun cənub-qərb istiqamətində irəliləməsi sürətləndi. NATO kəşfiyyatı bildirirdi ki, Rusiya, əsasən, Zaporojye istiqamətində böyük qoşun rezervi toplayıb, lakin onları döyüşlərdə istifadə etmir. Buna görə də düşünürdülər ki, Rusiyanın kiçik miqyaslı hücumları böyük hücum üçün əlverişli platsdarmların hazırlanması üçün aparılır.

Elə etmək lazım idi ki, Rusiya rezervini istifadə edə bilməsin. Bu məqsədlə general Aquto xüsusi əməliyyat planı haırlayır.

2024-cü ilin 6 avqustunda Ukrayna ordusu gözlənilmədən (həqiqətən də gözlənilməz olması mənim üçün şübhəlidir) Rusiyanın Kursk vilayətinə daxil oldu və qısa müddətdə 1000 км²-dək (Zərdab rayonundan da kiçik bir ərazi- red) Rusiya ərazisini nəzarətə götürdü. Əməliyyatda USQ-nin ən təcrübəli hərbi birləşmələri, həmçinin Britaniya, ABŞ, Polşa və Fransanın xüsusi təyinatlıları iştirak edirdilər. Əməliyyatın əsas məqsədi Kursk AES-i ələ keçirmək idi. AES ələ keçirilsə idi, Rusiyanı şantaj etmək və ən azı Ukraynanı tərk etməyə məcbur etmək olardı.

Lakin belə böyük əməliyyatın yalnız bir məqsədi ola bilməzdi. 1-ci məqsədə çatılmazsa, 2-ci, 3-cü məqsədləri də olmalı idi. Əməliyyat planına görə Kursk AES-i ələ keçirə bilməsələr, Putinə qarşı psixoloji təzyiq faktorundan istifadə etməli idilər. Bu nə faktor idi?

II Dünya Müharibəsindən sonra Rusiya ərazisi heç vaxt işğal olunmamışdı. Müharibələr tarixində ad qoymuş Kurskun bir hissəsinin işğalı Rusiya üçün şok effekti yaratmalı idi. Bunu bütün Qərb mətbuatı da "körükləyəcəkdi". Rusiya tezliklə bu biabırçılıqdan qurtarmaq üçün Zaporojye və Donetskdə topladığı rezerv qoşunlarını, həmçinin ən təcrübəli hərbi birləşmələrini Kurska göndərməli idi. Bu halda Rusiyanın Ukraynanın qərbinə doğru sürətlə irəliləməsinin, həmçinin böyük hücumunun qarşısı alınacaqdı.

Əməliyyat nə 1-ci, nə də 2-ci məqsədinə çata bildi. Ukrainlər Kursk AES-ə yaxınlaşa bilmədilər və Rusiya Ukraynadan çox az sayda hərbi birləşmə çıxartdı. 1-ci məqsədin qarşısını almaq əzmkarlıq məsələsi idi, 2-ci məqsədin qarşısını almaq isə seçim məsələsi. Ona görə ki, 2-ci məqsədlə bağlı Putinin qarşısında dilemma var idi:

1) Ukraynadan çıxartmaqla Kurskda qoşunları artırıb, ukrainləri Kurskdan qısa müddətdə çıxartmaq;

2) Kurskda minimum qoşun saxlamaqla ukrainlərin Kurskda uzun müddət qalmasına imkan vermək.

NATO düşünürdü ki, Putin Kurskun uzun müddət işğal altında qalmasına dözməyəcək, Kursk qaçqınları, Rusiya əhalisi, vətənşüvənləri də Putini məcbur edəcəklər ki, o, 1-ci yolu seçsin. Lakin o, 2-ci yolu seçdi. Baş Qərargah qarşısında da Kurskun qısa müddətə azad edilməsi tələbini qoymadı.

"Putin niyə belə etdi?" sualına indiyədək Qərb, Ukrayna və Rusiya mətbuatında aydın cavab yoxdur. Mənim bu suala cavab versiyam belədir.

Ukrayna müharibəsi göstərdi ki, Putin heç vaxt emosiyalar əsasında qərar qəbul etmir. Hərçənd Ukrayna və NATO-nun bütün provokasiyaları Putini məhz emosional qərarlar qəbul etməyə təhrik etməyə yönəlmişdi. Görünən budur ki, onların psixoloqları Putini yaxşı öyrənməyibmişlər.

Kurskda USQ-nin işğal etdiyi ərazi çox da əlverişli konfiqurasiyaya malik deyildi- o Rusiya ərazisinə girmiş "cib" (karman) kimi idi, daha doğrusu, Rusiya ilk günlərdən işğal zonasını bu hala saldı. Məntiqlə Rusiya bir qədər böyük qüvvə cəlb etməklə "cib"in ağzını bağlayıb Ukrayna qoşunlarını qısa müddətdə mühasirəyə ala bilərdi. Lakin bunu etmədi. Niyə?

"Cib"də qalan ukrainlər 3 tərəfdən hücumlara, atəşlərə məruz qalırlar. Belə bir ərazini saxlamaq çətindir, bunun üçün psixoloji olaraq daha dözümlü, daha təcrübəli hərbçilər tələb olunur. Bu səbəbdən də Ukrayna Kurska ən yaxşı, ən təcrübəli, ən yaxşı təchiz olunmuş əsgərlərini, ən yaxşı texnikası göndərirdi. Məncə, Rusiyanın Kursk "cib"ini bağlamamaqda məqsədi də elə bu idi.

Kurskda ukrainlərin həm canlı qüvvə, həm də texnika itkisi Ukrayna ərazilərindən daha böyük idi, çünki "cib"də idilər. Lakin ərazini saxlamaq üçün Ukrayna (daha doğrusu, Aquto – bu onun üçün şəxsi qürur məsələsi idi) ora daim yeni (ən yaxşı) qüvvələr və texnika göndərirdi. Rusiyaya da elə bu lazım idi:

-"cib"ə düşən ukrainləri və texnikanı nisbətən az qüvvə ilə məhv etmək daha asandır;

-"cib"də Ukraynanın ən yaxşı əsgərləri və texnikası məhv olur;

- "cib" Ukraynanın digər cəhbələrinin zəiflədilməsi hesabına əsgər və texnika ilə təchiz olunur.

Kurska görə Ukrayna cəbhələri zəiflədildiyindən Rusiya bu müddətdə Kuraxovo, Uqledar, Selidovo, Velikaya Novoselka kimi "qala"ları və onlarla kəndləri ələ keçirdi. Kurskda isə Ukrayna onminlərlə elit əsgər saysız-hesabsız texnika itirdi (Gerasimovun Putinə raportuna görə, üçillik müharibədə itirdiyi texnikanın 40%-i qədər!). Yəni Kursk "cib"i Ukrayna üçün yaxşı tələ idi.

Əslində, Rusiya bu tələnin ləğv edilməsində maraqlı deyildi. Sadəcə, siyasi səbəblərdən onu ləğv etmək qərarına gəldi. Həm də artıq USQ əvvəlki gücdə deyil. Tələni ləğv etməkdə məqsəd 11 martda Ciddədə ABŞ-la Ukrayna arasında atəşkəs razılaşması üzrə danışıqlar zamanı Ukraynanın əlində hesab etdiyi yeganə "kart"ını vurmaq idi.

Ukrainlərin Kurskda işğal etdikəri böyük ərazinin 8 martdan başlayaraq 5 gün ərzində, demək olar ki, tam azad edilməsi də göstərdi ki, Rusiya bu "cib"i çoxdan bağlaya bilərdi.

Asif Şəfəqqətov

GlobKom.İnfo