
Bu mövsüm Avropa Liqasında “Qarabağ” uğursuz çıxışı ilə diqqət çəksə də, Ağdam təmsilçisi dünənə qədər pley-off şansını nəzəri də olsa, saxlayırdı. Bunun üçün komanda qarşıdakı iki oyunda qələbə qazanmalıydı. Dünən “köhlən atlar” doğma divarlar arasında Rumıniyanın FKSB-ni (keçmiş “Styauna”) qəbul edirdi. Çoxları meydan sahiblərinin qələbə qazanacağına inansalar da, bunun çox çətinliklə əldə ediləcəyi qənaətindəydilər. Amma hakimin start fitindən sonra ağdamlılar ilk hücumda - 57-ci saniyədə rəqib müdafiəçilərinin səhvindən yararlanaraq erkən qol vurdu. Leandro Andrade fərqlənməklə komandasını hesabda irəli çıxarır. Qoldan sonra “atlılar” meydanın mərkəzində ağırlıqlarını qoymaqla hesabı daha da artırmağa can atırdı. Amma Qurban Qurbanovun yetirmələrinin qol sevinci çox çəkmədi. 7-ci dəqiqədə rəqibin kapitanı Adriyan Şut künc zərbəsindən sonra hesabı bərabərləşdirdi. 10-cu dəqiqədə rumınlar penalti vurmaq şansı qazansalar da, referi VAR-a baxdıqdan sonra 11 metrəlik cərimə zərbəsini ləğv etdi. İlk 10 dəqiqədə meydanda hər iki tərəfdən kreativ, qarşılıqlı hücumlarla keçən oyun gördük. “Süvarilər” hücumda yaradıcılığı ilə diqqət çəksə də, müdafiədə boşluqlarıyla göz öxşadılar. Olavi Juninyonun yoxluğu hücumda dişsizliyi, son nöqtəni qoymaqda, Yasin Benziyanın əsas 11-likdən kənarda qalması ilə meydanda pleymeyker funksiyasının zəifliyi göstərirdi. Odur ki, “Qarabağ” nominal hücumçu yoxluğunu Marko Yankoviç, Abdulla Zubir, Aleksey Kaşukun fərdi oyunlarına, Elvin Cəfərquliyev ilə Mateus Silvanın start sürəti sayəsində rəqib komandanın müdafiəsini yaramağa və qollar vurmağa köklənmişdir. Amma Kaşuk ilk 10 dəqiqədən sonra meydanda görsənmədi. Hər iki tərəf sürətli əks hücumlara çıxarkən müdafiədə və yarımmüdafiə xətdində ciddi boşluqlar verirdi. FKSB isə tablodakı rəqəmləri tarazlaşdırandan sonra daha ehtiyatlı oynamağa, tempi aşağı salmağa başladı. Rumınlar “ikinci mərtəbə”də “Qarabağ”ı aşkarca üstələyirdi. Qonaqlar topu ələ keçirən kimi uzun ötürmələrlə irəlidəki futbolçularını görür, ağdamlıların müdafiəsi arxasına hiyləgər ötürmələr edirdilər. Rəqibin heyətində Şut, Birliqa, Mikulesku fəallığıyla seçilirdi. Hesab 1:1 ikən irəliləyən dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində getdi. İlk yarı sona yaxınlaşdıqca “atlılar” yenidən feallaşmağa başladı. 41-ci dəqiqədə Yankoviç uzun ötürmə ilə Elvini gördü, sonuncu cinahdan sürətlə reyd etdikdən sonra qapı önünə asma etdi, bu zaman rəqib müdafiəçi Dava səhvə yol verərək avtoqol müəllifi oldu. Amma rumınlar ruhdan düşmədilər və ilk hissəyə əlavə olun dəqiqələrdə meydanda dominantlıq etməyə başladılar. Bunun məntiqi nəticəsiydi ki, 45+4-cü dəqiqədə növbəti künc zərbəsindən sonra Mikulesku dəqiq baş zərbəsiylə “status-kvo”nu bərpa etdi. Bununla komandalar fasiləyə bərabərliklə yollandı. Rumınlar isə paltardəyişmə otağına psixoloji cəhətdən üstün addımladılar. İlk yarı “Qarabağ”ın müdafiəsində boşluqların və harmoniyanın olmadığı nəzərdən qaçmadı. Kevin Medina tək başına arxa xətdə komandasının dayağı idi. “Köhlən atlar” irəlidə nə qədər yaxşı çıxış etməyə çalışsa da, hücumçu yoxluğu özünü göstərdi. Meydanda taran tipli və fərdi texnikasıyla rəqibin müdafiəsini çaşbaş salan forvarda ehtiyac vardı. Juninyonun gedişi artıq “süvarilər” cəbhəsində hiss olunurdu. Həmçinin meydanda top saxlamağı bacaran və pleymeyker funksiyasını yerinə yetirən oyunçu da çatışmırdı. Yuxarıda qeyd etdiyim kimi Kaşuk kölgədə qaldı. Nəriman da ondan gözlənilənləri vermədi. Odur ki, Qurban Qurbanov ikinci yarıya bu futbolçular oyundan alıb, əvəzinə Benziya ilə Addaini meydana buraxmağını gözlənilən idi. Amma baş məşqçi dəyişikliyə getmədi. Rəqib isə oyunun ikinci raunduna mövqelər üzrə əvəzetmələrlə başladı. Qurban müəllim isə əvəzetmələri xeyli ləngitdi. Mütəxəssis yalnız 70-ci dəqiqədə əvəzetməyə əl atdı ki, bu zaman da zəif bəndlər olan Kaşuk ilə Nərimana toxunmadı. Mövqe üzrə Romaonu Patriklə əvəz etdi, Bəhlulun isə zədəsini tam sağaltmaması, onun yenidən sıradan çıxmasından ehtiyatlanaraq Veşoviçlə dəyişdi. Silva mərkəz müdafiəçisi kimi oynamağa başladı. Baş məşqçi Bəhlulun yerinə meydana Bədavini niyə buraxmamağı sual doğurdu. Çünki dağıstanlı mərkəz müdafiəçisidir və komandanın ən təcrübəli arxa xətt oyunçusudur. Hər halda o, “2 nömrə”dən daha effektli ola bilərdi. Fasilədən sonra “Qarabağ” 66-cı dəqiqəyə kimi meydanda topa nəzarət etməklə xoşbəxtliyi rəqibin qapısı ağzında atxarmağa çalışdı. Amma bundan nəticə hasil olmadı. İkinci yarıda “süvarilər”in heyətində ən yaxşısı Elvin idi. O, həm cinahdan sürətli reydlər etməklə cərimə meydançasına asmalar, həm də rəqib qapısına zərbələr endirirdi. Ağdamlılar hücumda son nöqtəni qoya bilməməsi, rumınların tədricən topa nəzarət etməsi və hücuma çıxmalarına gətirib çıxardı. 73-cü dəqiqədə qonaqlar yenə kornerdən fərqləndi. Adriyan Şut “ikinci mərbədə” dəqiq baş zərbəsiylə həm dublunu reallaşdırdı, həm də komandasını hesabda önə keçirdi. Bundan sonra “Qarabağ” heç olmasa bərabərlik qolunu vurmaq üçün irəli atılsa da, rəqib daha yaxşı qapandı və tempi “öldürmək” üçün maksimum çalışdı. 81-ci dəqiqədə Qurban Qurbanov Nərimanı, Kaşuku, Leandronu oyundan alıb, Musanı, Addaini və Toralı döyüşə atmasına baxmayaraq, bundan da nəticə hasil olmadı. Matça əlavə olunan dəqiqələri də nəzərə alsaq, yaşıl meydanda 100 dəqiqə davam edən qarşıdurmada rumınlar əzmkar qələbə qazanmaqla Bakını tərk etdilər. “Qarabağ” isə nəzəri pley-off şanslarını da tükətdi. “Qırmızı-göylər” xarakter göstərərək “süvarilər”ə şapalaq vurması bir daha göstərdi ki, Ağdam təmsilçisi bu mövsüm avrokuboklarda delitant kimi çıxış edir.
ABDULLA İSMAYILOĞLU
Globkom.info