
I Liqanın başa çatan XVIII turunda “Karvan” səfərdə autsader “Qaradağ Lökbatan”ın ciddi müqavimətiylə üzləşib. Bölgə təmsilçisi yalnızı fasilədən sonra məğlubiyyətdən qurtula bilib. Qarşılaşmayla bağlı yevlaxlıların baş məşqçisi Kənan Kərimov Globkom.info – a danışdı.
“Turnir cədvəlindəki mövqeyimi möhkəmlətmək üçün “Qaradağ Lökbatan” səfərinə 3 xal üçün gəlmişdik. Rəqibin turnir cədvəlində sonuncu olmasına görə onların inadla, əzmkarlıqla vuruşacağını da bilirdik. Meydan sahibləri gözlədiyimizdən də üstün oyun sərgiləməyə başladılar və ilk yarıda hesabı açdılar. Bizim də qol imkanlarımız vardı, amma son nöqtəni qoya bilmədik. Fasilədən sonra yetirmələrim daha yaxşı mübarizə apardı. Bərabərlik qolunu vursaq da, qələbə üçün əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Rəqib də çox yaxşı mübarizə apardı. Ümumi götürəndə oyun ədalətli heç-heçə ilə bitdi”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info