
I Liqanın XXI turunun mərkəzi qarşılaşması Yevlaxda reallaşdı. Burda “Karvan” – “İmişli” qarşıdurmasında tərəflər sülhə razılaşdılar. Oyunla bağlı yevlaxlıların baş məşqçisi Kənan Kərimov globkom.info – a danışdı.
“Bizim üçün prinsipial matç idi, 3 xalı qazanmağı çox istəyirdik. Bununla ikinci pillədəki yerimizi daha da möhkəmləndirə bilərdik. İki fərqli hissə alındı. İlk yarıda rəqib daha yaxşı oynadı və erkən qol vurmağa nail oldular. Qısası fasiləyə kimi meydanda istədiyimizi həyata keçirə bilmədik. Amma ikinci yarıda daha yaxşı çıxış etdik. Çoxsaylı qol imkanlarımız olsa da, onlardan yalnız birini reallaşdırdıq. Çox çalışmağımıza rəğmən qələbə qazana bilmədik. Ümumi götürəndə heç-heçəni ədalətli nəticə hesab edirəm. Ən azından məğlub olmadıq və 2-ci pillədəki yerimizi qoruduq. Amma işimiz bitməyib, bizi qarşıdakı altı turda çətin görüşlər gözləyir”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info