"Şamaxı" Misli Premyer Liqasının II pərdəsində səfərdə lider "Qarabağ"a məğlub oldu. Buna baxmayaraq bölgə təmsilsçisi son çempiona qarşı ciddi müqavimət göstərdi. Komandanın həm qış toplanışı, həm də  çempionatın ikinci yarısına start bağlı "şirlər"in 39 yaşlı qapıçısı və kapitanı Kamal Bayramov Globkom.info - ya müsahibə verdi.

- Qış toplanışını necə keçirdiz?

- Yaxşı toplanış keçdik. Heyətimizə yeni qoşulan oyunçular var. Təzə legionerlərimiz kollektivə hələ tam adaptasiya ola bilməyib. Hələlik 60-65% çempionata hazırıq. Amma oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Bizə vaxt lazımdır. 

- Premyer Liqanın II yarısında yaxşı oyun sərgiləsəz də, məğlub olduz. Ən azı bir xal götürmək üçün nə çatmadı?

- Rəqibimizin kimliyinə və hazırda komandamızda yeni futbolçuların qoşulmasını nəzərə alsaq, oyun planında pis çıxış etmədik. Meydanda "Qarabağ"a qarı yaxşı döyüşdük. Bu komandamızın çempionatın ikinci yarısında daha mübariz və kreativ oyun sərgiləyəcəyindən xəbər verir. Dzügün istiqamətdə irəliləyirik. 

- Avtoqol olmasa idi, heç-heçə qeydə alına bilərdimi?

- Biz Avropa səviyyəli bir komandaya qarşı oynayırdıq. Unutmayaq ki, "Qarabağ" oyunun istənilən anında nəticəni öz xeyrinə dəyişə bilir. Bu reallıqdır ki, Ağdam təmsilçisi çempionatda digər komandalardan ən azı 3 baş üstündür. Buna rəğmən onlarla bu gün açıq futbol oynadıq və nəticədə uduzduq. 

- "Qarabağ"ın qələbə qolunda kobud səhvə yol verərək avtoqol müəllifi olan Cəlal Hüseynova dəstək olduzmu?

- Avtoqollar da futbolun tərkib hissəsidir. Yaşıl meydanda belə hallar tez-tez olur. Futbolçumuza mənəvi dəstəyimizi göstərdik. Bütün futbolçularımızın arxasındayıq. Cəlal yaxşı futbolçudur. O, komandaya cəlb olunubsa, demək ki, səviyyəsinə və potensialına bələdik. 

 

ABDULLA İSMAYILOĞLU 

Globkom.info