
Analitik Asif Şəfəqqətov Feysbuk səhifəsində Qəzzadakı real vəziyyət haqda fikirlərini yazıb. Yazını oxucularmıza təqdim edirik.
İndi Qəzzadan hamı danışır. Bir çoxu hətta Qəzza sakinlərini günahlandırır ki, avaradırlar, heç bir işlə məşğul olmurlar, İsrailin hesabına yaşayırdılar və s. və i.a. Lakin az adam Qəzza sakinlərinin hansı şəraitdə yaşadığından məlumatlı idi. Qəzza 16 ildir ki, aşağıdakı şəraitdə yaşayırdı:
- Eni 6-12 km, uzunluğu 40 km olan Qəzza zolağı fiziki olaraq qurudan və sudan blokada olunub.
- Qəzza zolağı beton, polad, tikanlı məftil, müşahidə kameraları və hərəkət sensorlarından ibarət ümumi çəkisi 140 min ton olan 65 km-lik hasarla əhatələnib.
- Hasarın hündürlüyü yerindən asılı olaraq 5-9 metrdir.
- Hər 2 km-dən bir pulemyet qülləsi qoyulub. Pulemyotlar məsafədən idarə olunur.
- Hasara yerdən, sudan, havadan, hətta yer altından patrulla nəzarət edilir.
- Qəzza zolağından cəmi 3 çıxış var. Hər çıxışda polad qapılardan, barmaqlıqlardan, tikanlı məftillərdən və avtomatlı əsgərlərdən ibarət NBM sistemi var.
- Hasar daxilindəki 363 km² ərazidə 2,3 milyon əhali yaşayır.
- İsrailin icazəsi olmadan Qəzza heç bir məhsulu idxal və ixrac edə bilməz. İcazə verilən və ya qadağan olunan məhsulların siyahısı daim dəyişdirilir. Məsələn, müxtəlif vaxtlarda idxalı qadağan olunan məhsullar: müəyyən ərzaq növləri, kağız, kitablar, şamlar, paltarlar, qab-qacaq, soyuducular, paltaryuyan maşınlar, eynəklər, el. lampaları, kibrit, iynə, ayaqqabılar, döşəklər, avtomobil ehtiyat hissələri, tikinti materialları, borular, generatorlar, yanacaq...
- Materiallara sərbəst çıxış olmadan Qəzzanın infrastrukturunu (məsələn, bütün Qəzza əhalisini təmin edən su nasosunu) bərpa etmək mümkün deyil. Qəzza zolağında mövcud olan təbii suyun 95%-i içməyə yararlı deyil.
- Blokada səbəbindən Qəzza xəstəxanalarında tibbi avadanlıq və ən əsas dərmanlar çatışmırdı. Buna görə də əhali İsraildə və ya İordan çayının qərb sahilində kömək axtarmalı olurdu. Həkimin qəbuluna getmək üçün Qəzza sakini hasarlanmış ərazidən kənara çıxmalı idi, bunun üçün isə İsraildən icazə almalı idi.
- Qəzzadan quru, dəniz və ya hava ilə kənara çıxmaq olar. Quru və dənizlə İsraildən icazəsiz kənara çıxmağa görə Qəzza sakininin güllələnməsi qanunidir. Hava ilə isə çıxa bilməz, çünki Qəzzanın hava limanı İsrail tərəfindən məhv edilib.
- Qəzza sakinlərinin əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı və sosial vəziyyəti Qəzzadan kənara çıxmaq və İsraildə işləmək imkanından asılı idi. İşləmək üçün də onlara icazə lazım idi.
- Qəzzada orta aylıq əmək haqqı $384, işsizlik səviyyəsi– 46,6% idi.
- Elektrik sutkada 4-13 saat verilirdi və tamamilə İsrailin iradəsindən asılı idi.
- Qəzzanın kənd təsərrüfatına yararlı torpaqlarının 35%-i, balıqçılığa yararlı su ərazisinin 85%-i əhali üçün əlçatan deyildi, çünki bu ərazilər İsrail əsgərlərinin atəş zonasına daxil idi.
- Qəzza sakinlərinin əksəriyyəti bu və ya digər psixi pozuntulardan əziyyət çəkir: 93%-də həyacan pozuntusu, 44%-də ağır xroniki depressiya müşahidə olunur. Gənclərin 52%-i yaşamaq istəmədiklərini bildirirdi.
...Bu həbs düşərgəsidir. Belə şəraitdə yaşayanların aqressivləşməməsi mümkün deyil, seçkilərdə HƏMAS-a üstünlük vermələri isə başadüşüləndir.
GlobKom.İnfo