1918-ci ilin sonunda şəhərdə başlayan fəhlə hərəkatının güclənməsi, xüsusən də Bakı Fəhlə Konfransının təmsil olunduğu həmkarlar ittifaqı təşkilatının fəaliyyəti ingilislərin Bakıdakı mövqeyini çətinləşdirirdi. Şəhərdə vaxtaşırı tətillər başlayır, nümayişlər və yürüşlər təşkil edilirdi.

İngilis bölmələrinin siravi heyəti, xüsusən də şəxsi heyətin demək olar ki, üçdə birini təşkil edən hindlilər dəfələrlə Bakı fəhlələrinin nümayişlərini və mitinqlərini dağıtmaqdan imtina etmiş, hətta onların fəhlələrlə qardaşlaşması halları müşahidə edilmişdir.  Bolşeviklər ingilis, irland, şotland və hindlilərin yerləşdiyi hərbi hissələrə gizlicə daxil olaraq əsgərlər arasında ingilis və hindi dillərində yazılan vərəqələr yayaraq onları vətənlərinə geri qayıtmağa və ingilis komandanlığına qarşı bolşeviklərlə həmrəyliyə çağırırdılar.

Azərbaycan hökumətinin rəsmi mətbuat orqanı olan “Azərbaycan” qəzeti 24 iyul 1919-cu ildə dərc etdirdiyi məqaləsində ingiliscə danışan bir qrup Bakı kommunistinin şəhərdə ingilis əsgərlərə "Müharibə bitdi, sizi niyə Vətənə göndərmirlər?” imzası ilə  müraciətlər etdiyini qeyd edirdi. Hətta Britaniya hakimiyyətinin Bakıdakı bütün mətbəələrdə latın şriftlərini müsadirə etməsi də gözlənilən nəticəni vermədi. Öz növbəsində ingilis əsgərləri arasında təbliğat və təşviqat işini gücləndirmək məqsədilə antiintervensiya məzmunlu xüsusi siyasi ədəbiyyat və Kominternin ingilis kommunistləri arasından təcrübəli kadrlar Xüsusi Dəniz Ekspedisiyasının gəmiləri ilə Moskvadan Həştərxan vasitəsilə Bakıya göndərilirdi. Onlardan biri də “Cek”, “Yaşa” ləqəbli  Herman adında ingilis kommunisti idi. Herman Bakı dəniz limanında tərcüməçi kimi işə düzələrək, Britaniya qarnizonunun bir hissəsində kommunist hücrəsi yaratmağa çalışırdı. İngilis jurnalisti kimi fəaliyyət göstərən başqa bir kommunist İ.Blumfeld hətta Bakıdan gizli şəkildə külli miqdarda neft və neft məhsulları daşıyan Xüsusi Dəniz Ekspedisiyasının izinə düşməyə çalışan Britaniya hərbi kəşfiyyatına yanlış məlumat vermişdir.

1919-cu ilin yayında Bakı kommunistləri Moskvaya göndərdikləri məktubda yazırdılar ki, "alınan və burada yenidən çap etdiyimiz ədəbiyyat sayəsində artıq qonaq olan təşviqatçı tərəfindən Bakıda ingilis kommunistlərinin bir qrupu təşkil olunub. Ümid edirik ki, ingilisləri tamamilə parçalayacağıq və bu, yəqin ki, onların tezliklə vətənlərinə geri göndərilməsi ilə nəticələnəcək.Biz ədəbiyyatın Zaqafqaziya miqyasında yayılmasını təşkil edirik."

Bakıda 50 min işçinin iştirak etdiyi 1 May nümayişi zamanı bolşeviklərin fitnə-fəsad agitasiyasından qorxan ingilis komandanlığı öz əsgərlərini kazarmalara bağlayıb, şəhərin küçələrinə tanklar və zirehli maşınlar gətirmişdilər. Buna səbəb nümayişçilərin ingilis dilində pankartlar da daşımaları və ingilis əsgərlərinə ingilis, hindi dillərində “Yoldaş ingilis əsgərləri!” adlı xüsusi vərəqələr vermələri idi. Üstəlik, nümayişin marşrutu elə qurulmuşdu ki, o, ingilis qoşunlarının qərargahı və kazarmalarının yerləşdiyi binaların yanından keçirdi. Nümayişçilər kazarmanın yanından keçərək, tərcüməçilərin köməyi ilə pəncərədən baxan ingilis əsgərlərinə öz rəğbətini və mehribanlığını bildirirdilər. Bu nümayiş zamanı ingilis əsgərləri arasında vərəqələr paylanır, onlar da bu vərəqələri asanlıqla qəbul etdilər. 28 may 1919-cu ildə Azərbaycan Respublikasının qurulmasının 1 illiyi münasibətilə yerli kommunistlərin təşkil etdiyi növbəti nümayiş zamanı hərbi qərargahın ətrafına ingilis dilində vərəqələr səpələnmişdi.

Ümumiyyətlə isə ingilis əsgərləri arasında apardığı təbliğat fəaliyyəti öz bəhrəsini verirdi. 1919-cu ilin ortalarında Xəzər-Qafqaz Cəbhəsinin XI Əlahiddə Ordusunun Siyasi İdarəsindən Mərkəzə göndərilən məktubda o dövrün Bakı həyatından aşağıdakı çox diqqətəlayiq epizod verilir: "Bolşevik necədir?  Xoş xasiyyətli olan ingilis əsgəri isə təbəssümlə cavab verərək ingilis ləhcəsi ilə rusca: "Карашо я пальшевик!" (Yaxşı, mən bolşevikəm)  deyə cavab verirdi.

1919-cu ilin yayında ingilis əsgərləri və dənizçiləri dəfələrlə və ən qəti formada onların tez bir zamanda evlərinə göndərilməsini tələb edirdilər. Həmin vaxt vətənlərində ingilis müstəmləkəçiliyinə qarşı milli-azadlıq hərəkatı yeni güclə cərəyan edən intervensiya qoşunlarının üçdə birini təşkil edən hindu əsgərləri də öz rəhbərləri olan ingilislərə qarşı xüsusilə düşmənçilik münasibəti bəsləyirdilər.

İngilis kommunistlərinin və Bakı kommunistlərinin Bakı şəhərində dislokasiya edilmiş ingilis hərbi hissələrində apardıqları agitasiya öz bəhrəsini verdi. Xəzər dənizini mühafizə edən Britaniya Hərbi Dəniz Qüvvələrində etiraz dalğası baş qaldırdı. 1919-cu il iyunun 16-da üç gəminin ekipajının üzvləri üsyan qaldırıb açıq şəkildə Sovet Rusiyasına qarşı döyüşmək istəmədiklərini bəyan etdilər və vətənlərinə getməyi tələb etdilər. Ancaq hərbi hakimiyyət dənizçilərə qarşı sərt davranaraq onlardan dördünü güllələnmək cəzası ilə ölümə məhkum etdi. Lakin 4 ingilis matrosunun edamı vəziyyəti daha da ağırlaşdırdı. İki həftə sonra daha səkkiz gəminin ekipajları qiyam qaldırdı.

Moskvada çap olunan Jizn nasionalnostey qəzeti  Bakıda bolşevik təbliğatına görə ingilis əsgərlərinin güllələnərək edam edildiyini qeyd edirdi. Bu ərəfədə bolşevizmə görə 500-dən çox ingilis əsgəri Bakıdan deportasiya edilmişdi.

 

Əli Novruzov

Qaynaqlar:

1. Дарабади, П. (2013). Военно-политическая история Азербайджана (1917-1920 годы).

2.Борьба за установление и упрочение Советской властей в Дагестана. Махачкала, 1960, с. 203.

3.  Nabat, 18 may 1919.

4.  Молот, 1919 9  августа.

5. ARPİİSSA, fond.2, siyahı, 22, iş.120, vərəq 6.

6. Azərbaycan qəzeti, 24 iyul 1919-cu il.

7. ARPİİSSA, fond.456, siyahı, 18, iş.10, vərəq ,14.

8. ARDA, fond.52, siyahı.1, iş. 611, vərəq.5.

9. Ratqauzer, Y. Şura Azərbaycanı uğrunda mübarizə, 1929.

10. Nabat, 6 may 1919.

11. Маковский. А. А. Радченко. Б. М. Каспийская Краснознаменная, 1982, с. 84