Əkrəm İmamoğluya ən böyük dəstəyi İstanbul unversiteti tələbələri verdilər. Tələbələrin etirazı o dərəcədə güclü olub ki, pols onların qarşısını ala bilməyib. Bilirəm, bundan sonra yazacaqlarım çoxlarının xoşuna gəlməyəcək. Ancaq mənim məqsədim xoşa gəlmək yox, həqiqəti demək, insanların gözünü açmaqdır.

Mən də vaxtilə Bakı Dövlət Universitetinin tələbəsi olmuş, xalq hərəkatında, mitiniqlərdə, piketlərdə, etirazlarda fəal işitirak etmişəm. Ancaq indi o günləri xatırlayanda başa düşürəm ki, nə baş verdiyindən çox zaman heç xəbərim olmayıb. Bizi müxtəlif üsullarla qızışdırıb, dəhmərələyib, buradan oraya, orada da buraya qovurdular. Filan yerdə mitinq var, getmək lazımdır, filan yerdə piket var, getmək lazımdır, filankəsi tutublar, getmək lazımdır və s. Heç bilmirdik, nəyə gedirdik. Mitinq nəyə görədir, piketin məqsədi nədir, tutulan kimdir, nəçidir...

Üç-dörd nəfəri atmışdılar ortaya, hamı onların dediyi ilə oturub-durur, onların ardınca gedirdi. Onlar özləri çox zaman heç o tədbirlərdə iştirak etmir, bizi küyləyib göndərdikdən sonra aradan çıxırdılar. Adları da yadımdadır, sadəcə çəkmək istəmirəm. Çünki rəhmətə gedəni, məni izləyən qohumları, oğulları-qızları var...Haradan təlimat aldıqları bəlli olmayan o üç-dörd nəfərdən müəllimlər də çəkinir və bizi dərhal dərsdən buraxırdılar. Beləcə, nə düz-əməlli dərs oxuya bilirdik, nə də siyasi proseslərdən baş çıxara.

Xalq Cəbhəsi deyirdi, Aydın Məmmədov satqındır, biz də şüursuz olaraq bunu yayırdıq. Deyirdilər, Zərdüşt Əlizadə satqındır, dərhal Zərdüştə xortdan kimi baxır, onu cin donunda görürdük. Bizi 19 yanvar gecəsi tankların qabağına göndərəndə "güllələr xolostoy olacaq" deyənlər də o gecə ortalıqda yox idilər. Amma neçə tələbə öldü, neçə ailə bədbəxt oldu. Mən ağılsız da ölümün bir addımlığından döndüm. Ata-anamın da heç nədən xəbəri yox idi. Oğullarının Bakıda dərs oxuduğunu düşünürlər...

Demək istəyirəm ki, tələbələri siyasi oyunlara alət etmək, onlardan top yemi kimi istifadə taktikası yeni deyil və siyasətbazlar, fırtıldaqçılar bundan hər zaman öz xeyirlərinə istifadə ediblər. Əminəm ki, dərsini buraxıb İmamoğluunun müdafiəsinə qalxan İstanbul Universiteti tələbələrinin də məsələnin mahiyyəti haqqında təsəvvürləri çox az və səthidir. Onlar nə İmamoğlunun korrupsiyaya bulaşmasından, nə də tender satmasından xəbərdar deyillər. Olsalar da buna inanmır, inanmaq istəmirlər. Daha doğrusu, buna göz yumurlar.

Gəncliyində kimlərinsə təbliğatına uyaraq qanunsuz əməllərə, yolsuzluğa göz yuman tələbədən böyüyəndə nə vətəndaş olacaq? O da saxtakarın, yalançının biri olacaq da...

Əslində onlar bu olayı sorğulamalı, araşdırmalı, suallar verməlidirlər. Niyə Əkrəm o boyda villada yaşayır? Haradandır? Videoda kisələrə yığılan pullar haradandır, kimindir?

Şəxsən mənə çox maraqlıdır, İmamoğlunun PKK terror təşkilatı ilə hansı əlaqəsi ola bilər? Buna inanmaq istəmirəm, amma suala cavab tapmaq, istintaqı izləmək lazımdır. Görək sübut olunacaqmı? Kimin dəlilləri güclü çıxacaq: hüquq-mühafizə orqanlarının, yoxsa CHP-nin və İmamoğlunun özünün?

Tələbələr də istintaqı və məhkəməni diqqətlə izləməli, yalnız qərarların ədalətsizliyinə əmin olduqdan sonra etiraza qalxmalıdırlar.

Yoxsa bu gün saxlanıb, artıq bunlar küçədədir. Nə bilirsiz günahsız olduğunu? Onunla birgə yeyib-içir, yatıb-durursunuz? Adam heç özündən 100 faiz arxayın ola bilmir...

Mən Əkrəm İmamoğlunun həbsini alqışlamıram. Bu məsələdə nə Türkiyə iqtidarını, nə də müxalifətini dəstəkləyirəm. Mənim üçün Ərdoğanla İmamoğlunun heç bir fərqi yoxdur. Sadəcə, prosesi izləyir və kimin haqlı çıxacağını gözləyirəm. Təbii ki, Əkrəm İmamoğlu süddən çıxmış ağ qaşıq deyil. Ona irəli sürülən ittihamlar tam əsassız ola bilməz. Ancaq ittiham edənlər də mələk deyil və qara-qura işlərə İmamoğludan daha çox qarışmaları ehtimalı xeyli yüksəkdir. Amma həyatda, xüsusilə də, siyasətdə haqlılar yox, güclülər qalib gəlir. Bu məsələdə də Türkiyə xalqının iradəsi, ona verilən beynəlxalq dəstək, qlobal oyunçuların mövqeyi, təsiri ciddi rol oynayacaq. Düşünürəm ki, Ərdoğan həm daxildə, həm də xaricdə bir çox qüvvələri bezdirib. Hakimiyyətdə israrla daimi qalmaq istəyi də ondan qisas alına biləcəyi qorxusundan qaynaqlana bilər. İmamoğlunun həbsi də önəmli rəqiblərdən birinin zərərsizləşdirilməsi məqsədi daşıya bilər. Ancaq məhz bu həbs tam əks effekt verə, İmamoğlu həm daxildən, həm də xaricdən güclü dəstək ala bilər. Bəli, ortada siyasi faktor var. Amma cinayət əməli faktı da mümkündür. Heç biri hakimiyyət ona opponentlik edənin qanunsuz əməlinə göz yummur. Sabah İmamoğlu iqtidarda olsa, əminəm ki, analoji addımı Ərdoğana qarşı atacaq. Odur ki, cəmiyyət aylıq olmalı, çirkli siyasi oyunların alətinə çevrilməməli, gəncləri də bundan çəkindirməlidir. Türkiyədəki hakimiyyət dəyişikliyinin isə bizim üçün ciddi fərqi olmayacağını düşünürəm. Azərbaycan iqtidarı artıq İmamoğlu ilə də yaxşı münasibətdədir. Onun COP 29-a dəvət olunması və məmnuniyyətlə iştirak etməsi bizə Ərdoğandan daha yaxın olacağını düşünməyə əsas verir...

Nadir Qocabəyli

Globkom.info