
Siyasi fiqurların media simulyakrlarına çevrildiyi və kapitalizmin rasionallıq maskasını sürətlə itirdiyi bir dövrdə Donald Tramp Amerika burjua demokratiyasının son, qrotesk mərhələsində ideal ifadəsinə çevrilib. Onun hakimiyyətə gəlişi “tarixin təsadüfü”, yaxud siyasi sistemin səhvi deyil, əmək və kapital arasında artan ziddiyyətlər kontekstində ABŞ-ı bürüyən iqtisadi, siyasi və ideoloji böhranın təbii simptomudur.
Marksist nöqteyi-nəzərdən şəxsiyyət tarixin gedişatını müəyyənləşdirmir, lakin əsas ziddiyyətlərini ifadə edə bilir. Tramp öz xalqına qarşı burjua qorxusunun ruporuna çevrilib və sinfi mübarizənin tarixi qayıdışı zamanı kapitalın panikasının çox aşkar təcəssümüdür. Onun yüksəlişi liberal demokratiyanın deqradasiyasıdır, burjua parlamentarizminin formal institutları artıq qütbləşməyə qərq olmuş sinfi cəmiyyətin idarə olunmasının öhdəsindən gələ bilmir. Digər tərəfdən, trampizm “Amerika arzusu”nu vəd edən, lakin ABŞ-ın işləyən yoxsul, əlçatmaz səhiyyə və iqtisadi böhran infrastrukturu ölkəsinə çevirən quruluşa qarşı xırda burjuaziyanın və lümpenləşdirilən kütlənin üsyan ərazisinə çevirir. Nəhayət, Donaldın siyasəti sinfi narazılığını kapitaldan uzaqlaşdırmaq və “xarici düşmən”ə, yaxud “daxili düşmən”ə yönəltmək üçün populizm, irqçilik və millətçilikdən istifadə edən maliyyə-sənaye oliqarxiyasının maraqlarının ifadəsidir. Tramp sadəcə siyasətçi deyil, trampizm kapitalist sinfin öz hakimiyyətini demokratiya hesabına yox, ona rəğmən möhkəmləndirməyə çalışan böyük burjuaziyadır.
Tramp iqtidarının sinfi əsasları, bunun arxasında kimin və niyə dayandığına nəzər salaq. Trampçı koalisiya homogen deyil, o, ittifaq kimi görünə bilər və derequlyasiya (qeyri-tənzimləmə), vergi güzəştləri, həmkarlar ittifaqı hərəkatının məhv edilməsində maraqlı olan maliyyə kapitalının baxışının ifadəsidir. Trampizmdə maraqlı olan digər mənbələrə qloballaşmadan narazı, proteksionizmə, “milli kapitalizmə” can atan orta və kiçik kapitalı, sistemdən uzaqlaşan və insanların həyatına nəzarəti qaytarmağı vəd edən “güclü lider”i dəstəkləməyə hazır lümpen proletariat və “ağ” fəhlə sinfinin təbəqələrini, o cümlədən, sinfi mübarizəni “ənənəçilərin” “liberal elitalar”a qarşı mübarizəsi kimi pərdələyən, kapitalın ideoloji batalyonları rolunu oynayan millətçi və fundamentalist hərəkatları aid etmək olar. Beləliklə, trampizm sinfi müqavimətin burjuaziyanın artıq inanmadığı çürük demokratiyaya qarşı üsyanı xarakteri daşıyan mürtəce formadır.
Tramp hakimiyyətə “Amerikanı yenidən güclü edək” (“Make America Great Again”) və “öncə Amerika” (“America First) şüarları ilə gəldi, lakin bu lozunqların arxasında məhsuldar kapitalın və hərbi sənayenin maraqlarına tabe edilmiş kapitalist dövlətini bərpa etmək istəyi dayanırdı. Onun əsas addımlarını belə təsnifləşdirmək olar:
- Böyük biznes üçün vergilərin azaldılması sərvəti işçilərdən kapitala köçürən burjua siyasətinin klassik addımıdır;
- Ətraf mühit və əmək məhdudiyyətlərinin aradan qaldırılması işçi sinfinə hücum və istismarın dərinləşməsidir;
- Proteksionizm ilk növbədə Çinlə ticarət müharibələri vasitəsilə Amerika kapitalının hegemonluğunu saxlamaq cəhdidir;
- Təhsilin, elmin və tibbin devalvasiyası dərhal qazanc gətirməyən, lakin uzunmüddətli sosial inkişafı təmin edən sahələrin zəiflədilməsidir.
Trampın iqtisadi siyasəti maskasız kapitalizmdir, yırtıcı və mürtəcedir, XXI əsrdə XIX əsrin modellərini təkrarlamağa çalışır. İdeoloji səviyyədə trampizm antimarksist burjua utopiyasıdır, gücün, nizamın, iyerarxiyanın, fərdiyyətçiliyin və açıq millətçiliyin reabilitasiyasıdır. Onun media diskursu post-həqiqət və ağıl nəzarətinə (marksizm dominant ideyaların hakim sinfin ideyaları olduğunu öyrədir, Tramp isə fəlakətlərin əsl səbəblərini, yəni kapitalizmi əlverişli “düşmənlərlə” – miqrantlar, sosialistlər, LGBTQI+, “liberallar”la əvəzləyərək, bu ideyaların necə çevik şəkildə uyğunlaşdırıla biləcəyini nümayiş etdirdi), affektiv siyasətə (rasional müzakirə əvəzinə – emosiyalar, qorxu, aqressiya. Bu, öz düşüncə nifrət mərhələsinə çatmış kapitalizmin siyasi şizofreniyasıdır və elmə, təhsilə hücumlar etməklə (axı şüurlu insan təhlükəli insandır) əvəzləməyə, hədəf yayındırmağa çalışdı. Pandemiyanın inkarı, iqlim dəyişikliyi və anti-intellektualizmin digər formaları yeni burjua “sağlam düşüncəsinin” əsasına çevrildi.
Marksizm dövləti bir sinfin digər sinifləri istisnmar etmək üçün aparatı hesab edir. Trampın dövründə dövlət getdikcə polis kapitalizminin alətinə çevrilib. BLM etirazlarının və antifaşist nümayişlərinin yatırılması, miqrantların demonizasiyası və təcridçilik simvolu kimi Meksika ilə sərhəddə “divar” tikilməsi, korporativ maraqlara tabe olan hakimlərin təyin edilməsi və ifrat sağçı milislərə dəstək və 2021-ci il yanvarın 6-da Kapitoliya hücumu kapitalın paramilitar diktaturası üçün cəhdin kulminasiya nöqtəsidir. Bunlar demokratiyanın səhvləri deyil, onun məntiqi parçalanmasıdır. Burjuaziya hakimiyyəti təhlükə altına düşəndə qanunilik maskasını götürməkdən çəkinmir. Donaldın seçkilərdə qələbəsindən sonra trampizm Amerika siyasətinin əsas struktur elementinə çevrildi, o, burjuaziyaya xaos, qorxu və şou yolu ilə idarə etməyin mümkün olduğunu göstərdi.
Trampın daxili kursu və xarici siyasəti, o cümlədən Yaxın Şərqdəki siyasəti bir-birindən ayrılmazdır: daxildəki repressiv məntiqi xaricdə militarist məntiq tamamlayır. ABŞ daxilində üsyançı işçi sinfinin qorxusu bütün dünyada milli azadlıq hərəkatlarının qorxusu ilə tamamlanır. Hər iki halda cavab zorakılıq, nəzarət və istismardır. Beləliklə, Trampın daxili siyasətinin təhlili sadəcə Amerika demokratiyasının tədqiqi deyil, tarixi məğlubiyyətin astanasında olan kapitalizmin mahiyyətinə açılan pəncərədir və onun Yaxın Şərqdəki siyasəti bu mübarizənin sadəcə davamıdır: xaricdə imperializm, daxildə neofaşizm.
Donald Trampın siyasəti sadəcə ekssentrik prezidentin qərarlar toplusu deyil, imperialist rəqabətinin güclənməsi kontekstində mərhum kapitalizmin ziddiyyətlərinin cəmlənmiş ifadəsidir. Trampizm Amerika burjuaziyasının (xüsusilə kiçik və orta təbəqələrin) ikili böhrana – daxili həddindən artıq istehsal və qlobal hegemonluğun itirilməsinə reaksiyası idi. Onun Yaxın Şərqdəki siyasəti eyni vaxtda “milli dirçəliş” və təcavüzkar neoimperializm üçün səy göstərən bu ideologiyanın birbaşa əksidir. Marksist nöqteyi-nəzərdən Trampın xarici siyasəti ekspansiyanı artırmaq, yarı periferik və periferik ölkələri sabitliyi pozmaqla qlobal resursları Amerika kapitalının xeyrinə yenidən bölüşdürmək cəhdidir. Yaxın Şərq bu kontekstdə ucuz karbohidrogen mənbəyi, geosiyasi qovşaq və silah bazarı kimi əsas rol oynayır.
Xarici siyasətdə trampizmin əsas elementlərini 5 istiqamət üzrə qruplaşdırmaq mümküdür:
1. Enerji imperializmi və “yaşıl keçid”lə bağlı uğursuzluq. Tramp ABŞ-ın “enerji müstəqilliyini” prioritet elan edərək Obamanın iqlim gündəmini aktiv şəkildə aradan qaldırdı. Praktikada bu, Yaxın Şərq neftindən imtina demək deyildi, əksinə, Çin və Avropa İttifaqını şantaj etmək üçün onun üzərində nəzarəti gücləndirmək idi. Regiona münasibətdə bu, OPEC+ vasitəsilə neft bazarının yenidən qurulması cəhdlərində, İran və Venesuelaya qarşı sanksiyaların manipulyasiyası, o cümlədən İraqa nəzarət cəhdlərində özünü göstərir.
2. Militarizasiya və kapitalın hərbi maşınla birləşməsi. Trampizm Amerikanın Səudiyyə Ərəbistanı, İsrail və BƏƏ-yə silah ixracını kəskin artırıb. O, ilk hakimiyyəti dövründən hərbi-sənaye kompleksini Amerika iqtisadiyyatının mühərriki və təzyiq aləti kimi görürdü. Leninə görə, bu – silah və münaqişələrin idarə edilməsi yolu ilə kapital ixracı imperializmin tipik təzahürüdür.
3. İrticaçı rejimlərə birbaşa dəstək. Səudiyyə Ərəbistanı, İsrail və BƏƏ Trampın əsas müttəfiqləridir. Trampizm bu ölkələrin aqressiv hərəkətlərinə kart-blanş verdi: Qətərin blokadası, Yəmən müharibəsi, Fələstin ərazilərinin ilhaqı. Bu, “sivilizasiyaların” deyil, sinfi şüurun və etirazın istənilən artımını boğmağa çalışan burjuaziyaların ittifaqıdır.
4. İranın müqavimət gücünü məhv etməyə cəhd. İmperialist sistemin hegemonu olan ABŞ həmişə “milli” müqavimət elementlərini aradan qaldırmağa çalışıb. Trampizm İranın nüvə sazişindən (JCPOA) çıxdı, general Süleymanini öldürdü və humanitar fəlakətə səbəb olan sanksiyalar tətbiq etdi. Bu, terrorla mübarizə yox, alternativ regional inteqrasiya mərkəzini dağıtmaq cəhdi idi.
5. “Əsrin müqaviləsi” və Fələstin məsələsi. 2020-ci ildə imzalanan və “Əsrin sövdələşməsi” adlandırılan saaziş cinayətkarlıq və quldurluğun leqallaşdırılmasından başqa bir şey deyil. Bu müqavilə fələstinlilərin öz torpaqlarına qayıtmaq və müstəqillik hüquqlarının qanuni şəkildə məhv olunmasını tələb edirdi. O, Fələstinin neomüstəmləkəçilik statusunu gücləndirərək, xalqın iradəsini tamamilə rədd etdi. Bu, millətlərin öz müqəddəratlarını təyin etməsinə neoliberal yanaşmanın bariz nümunəsidir: hüquqlar yalnız kapital üçündür, millətlər üçün yox!
Trampın Yaxın Şərqdəki siyasəti sistemlidir, dünyanı köhnə və yeni kapital mərkəzləri arasında yenidən bölüşdürmə prosesində ən böyük parçanı qapmaq uğrunda mübarizədir. Çinlə iqtisadi qarşıdurmada uduzan ABŞ hərbi və ideoloji üstünlüklərini hələ də qoruyub saxladığı regionlara təzyiqi artırır. Yaxın Şərq belə regionlardan biridir. Bu isə Amerika kapitalına xeyir verən qeyri-sabitliyin artmasıdır, onun nəticəsində hərbi məhsullar satılır, qaçqınlar Avropada işçi hərəkatını zəiflədir və “xaos” region ölkələrinin müstəqil inkişafına mane olur. Həmçinin ekstremizmin maliyyələşdirilməsi prosesini izləyirik: ektemist islamçılar (sələfilik də daxil olmaqla) çox vaxt solçu qüvvələri cilovlamaq üçün ABŞ-ın müttəfiqlərinin pulları hesabına qidalanırlar. Digər tərəfdən ABŞ hərbi-sənaye kompleksinin qalib gəldiyi yeni silahlanma yarışı və demokratik hərəkatların yatırılmasını (Ərəb baharı ABŞ və müttəfiqlərinin razılığı ilə yatırıldı) müşahidə edirik.
Yaxın Şərqdəki Trampizm Amerika hegemonluğunun özünü də sarsıdan bir sıra təsirlər yaradır. Süleymaninin öldürülməsi bir çox iranlı qrupları birləşdirdi və anti-Amerika əhval-ruhiyyəsini artırdı, həmçinin Fələstin məsələsinə məhəl qoymamaq münaqişələri şiddətləndirdi, hətta Qərb ölkələrində müqavimətə rəğbətin artmasına səbəb oldu və İranı “təcrid etmək” cəhdi son nəticədə Tehranı Çin, Rusiya və Venesuela ilə sıx ittifaqlara sövq etdi.
Yaxın Şərqdə və onun hüdudlarından kənarda marksistlər istənilən imperializmə — istər Amerika, istər Rusiya, istər İran, istərsə də Çin mənşəli olana qarşı durmalıdırlar. Trampizmin əsl alternativi regionda işçilərin beynəlmiləl həmrəyliyinin yaradılması, Fələstin, Livan, İraq və İranda sol hərəkata dəstək, hərbiləşdirmə və xarici müdaxilə ilə mübarizə, o cümlədən ABŞ-ın özündə antiimperialist qüvvələrlə birləşməkdədir.
Trampın Yaxın Şərq siyasəti “sapma”, yaxud “kənara çıxma” deyil, neoliberalizm böhranına və Amerika demokratiyasının daxili parçalanmasına uyğunlaşdırılmış ABŞ imperialist xəttinin məntiqi davamıdır. Trampizm kapitalın tənəzzül dövründə onun mahiyyətinin açılmasıdır və bu mənada marksistlər üçün təkcə bu siyasəti ifşa etmək yox, həm də beynəlxalq həmrəyliyə, məzlumların azadlığına və istismarsız cəmiyyət qurulmasına əsaslanan real alternativlər formalaşdırmaq vacibdir.
Müqavimət səhifəsi