I Liqanın başa çatan XVIII turunda “Mingəçevir” doğma divarlar arasında MOİK-i məğlub etdi. Bununla da “işıqçılar” ardıcıl 4-cü qələbəsini qazandılar. Uğurlu çıxışla bağlı komandanın baş məşqçisi Füzuli Məmmədov Globkom.info – a danışdı.

“Çempionatın ikinci yarısına nəticə etibarı ilə uğurlu başlamamışdıq. Əvvəlcə “Zaqatala” səfərində məğlub olduq, ardınca isə ardıcıl iki turda heç-heçə etdik. Buna rəğmən həmin qarşılaşmalarda oyun planında zəif olmamışıq və turdan-tura daha yaxşı mübarizə aparmağa başladıq. Artıq 4 matçdır qol buraxmadan qələbə qazanırıq. Futbolçularımın məşqlərdə, oyunlara yanaşması, xarakter göstərməsi bizə ümid verir. Ardıcıl 4 turdu qələbələr əldə etməyimizə baxmayaraq, yetirmələrim hələ də zəfərə acdılar və inkişafa can atırlar. Heyətimizdə gənc oyunçular var, onlar performanslarını artırmaq üçün üzərlərində maksimum çalışır, oyundan-oyuna təcrübələri artır. Hələ tam istədiyim səviyyəyə çatmamışıq. Komandamızın daha yaxşı potensialı var. Bunun üçün bizə bir qədər də vaxt lazımdır. Peşəkar futbolda işə yanaşma, ciddiyyət, dəmir rejim futbolçuları inkişafa aparan başlıca amillərdir. Qarşıda 9 tur var və hər oyuna qələbə əzmiylə çıxacağıq”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info