I Liqanın XXIV turunda “Mingəçevir” səfərdə “Difai Ağsu”nu 4:1 hesabıyla darmadağın etməklə bir 7-ci pillədən 4-cü yerə qalxdı. Qarşılaşma ilə bağlı “işıqçılar”ın baş məşqçisi Füzuli Məmmədov Globkom.info – a açıqlama verdi.

“Difai Ağsu” çempionatda qalmaq uğrunda mübarizə aparan əsas rəqiblərimizdəndir. Onlarla oyuna son dərəcə ciddi hazırlaşmışdıq. Rəqibin heyətində sürəti, fərdi texnikasıyla seçilən vingerlər və forvardlar olduğundan, onlar cinahdan reydlərdə və müdafiəçilərin arxasında açılmalarda son dərəcə təhlükəli olurlar. Məhz bunu nəzərə almışdıq. Odur ki, bir həftə bounca komandamı həm taktiki, həm də psixoloji olaraq oyuna yaxşı hazırlamışdım. Hakimin start fitindən meydanda təmkinli, ehtiyatlı oyunla Ağsu təmsilçisinin qapısına yol tapmalıydıq. 90 dəqiqə ərzində rəqibin cinahdan hücumlarını netrallaşdıraraq özümüz sürətli cihah keçidlərində effektli olduq. Deyərdim ki, cinah hücumlarımızın kreativ alındığı matçlarımızdan biri oldu. Layiqli qələbə qazandıq. Əsas gücümüzü azarkeşlərdən aldıq. Fanatlarımız uzun məsafə qət edərək səfər qarşılaşmasında bizi tək qoymadılar. Onlara dərin minnətdarlığımı bildirirəm. Həmçinin klubumuzun prezidenti Rafael müəllimə də təşəkkürümü bildirmək istəyirəm. İstər fanatlarımız, istərsə də prezidentimiz oyunlarda bizi tək qoymurlar. Odur ki, “Difai Ağsu” üzərindəki qələbəmə tək mənim və yetirmələrimin deyil, bütün klub camiyamızın və azarkeşlərimizin dəstəyi ilə qazanılmış zəfərdir. Bu vəhdətlə qarşıdakı 3 turda da qələbələr sıralamaqla mövsümü yuxarı pillələrdə qərarlaşmaq istəyirik”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info