
Təvazökarlıq ruhun böyüklüyüdür
Gürcü atalar sözü
Amma futbolumuzdakı gürcü Kaxaber Tsxadadze də təvazökarlıq, sadəlik, təmkin kimi məziyyətləri görmədik. Belə ki, I Liqanın XXII turunda baş tutan “İmişli” – “Qəbələ” görüşündə qonaqların gürcü baş məşqçisi həm kişisəl həm də futbol mədəniyyətsizliyinə yol verdi. O, uduzmaqda olduğu görüşün bitməsinə bir neçə dəqiqə qalmış soyunub geyinmə otağına getdi. Bununla həm meydandakı yetirmələrini arxasız qoydu, həm də həmkarı Fərid Namazovun əlini sıxmağı özünə sığışdırmadı. Təbii ki, mövsümdəki ilk məğlubiyyətə görə cənab Tsxadadzedən son dərəcə tolerantlıq, vecsizlik sərgiləməsini kimsə nə tələb edir, nə də gözləyirdi. Amma özünə peşəkar məşqçi, futbol adamı deyən şəxs emosiyalarını boğmalı, hakimin final fitinə qədər ehtiyat oyunçular skamyasında yerini almalı və matç bitəndən sonra rəqib komandanın baş məşqçisiylə səmimi görüşüb təbrik etməlidir. Futbolun humanizm, ədalət, dostluq, qardaşlıq, sülh şüarları adı altında keçirilən idman növü olduğunu nəzərə alsaq, gürcü mütəxəssisin əməli yüngülcə desək mədəniyyətsizlik, saymazlıqdır. Görünür zəngin futbolçu karyerasına və titullarla dolu məşqçiliyi ilə öyünən Kaxa “həzrət”ləri dözümlülük, həzm, təmkin, mədəniyyət, sadəlik, təvazökarlıq kimi məziyyətlərdən pəhrizdədir. Bu məqamda dahi mütəfəkkir, maarifçi, filosof Volter ifadəsi yada düşür: “Əsil igidlik bədbəxtlik üz verərkən təzahür edir”. Oxucular və qəbələli azarkeşlər məni yalnış anlamasınlar, mən heç də batoni (gürcücə cənab deməkdir) Tsxadadzeyə bədbəxtlik, faciə arzulamıram. Amma yaşıl meydanda baş verən uğursuzluğa görə hörmətsizliyə susmağı da sevmirəm. Məğlubiyəti həzm edə bilməkdə igidlikdir. “Qəbələ”nin İmişli səfərində dalana məruz qalması da dünyanın sonu deyil ki, gürcü baş məşqçi hirslərini boxa bilməsin. Bununla nə komanda çempionluğunu itirir, nə də II liqaya yuvarlanır. İdmanı, mədəniyyəti, incəsənəti siyasətə qarışdırmağı sevmirəm və bu “amplua”yla diqqət çəkməyə can atan ikiayaqlıları da görən gözüm yoxdur. Amma adım kimi əminəm ki, Qafqazın ən ifrat şovinistləri olan gürcülər özlərinin Premyer Liqasında “qırmızı-qaralar”ın sükanı arxasındakının etdiyi hərəkəti bir azərbacanlı məşqçi etsəydi, onun ünvanınan istər mətbuatda, istərsə də azarkeşlər arasında həftələrlə olmazın ifadələri yağdırar, hətta istefaya belə səsləyərdilər. Sözüm o ki, ölkəmizin qonaqpərvərliyindən, tolerantlığından, yaradılan lüks şəraitindən istifadə edən mister Tsxadadze özünü dağın başında hiss etməsin və futbolumuza, hakimlərimizə (o, oyunlar zamanı referiləri mütəmadi olaraq təhqir edir) məşqçilərimizə hörmət-ehtiram etsin!
“İmişli”nin qələbəsinə gəlincə, komandanın baş məşqçisi Fərid Namazovu, onun yetirmələrini və imişlili azarkeşləri qələbə münasibətiylə təbrik edirəm. Ömrünü doğma yurdunda futbolun inkişafına həsr edən Ruhid Usubovun diliylə desək, belə futbol karnavallarınız bol olsun.
Onu da xüsusi vurğulayım ki, bir neçə turda “İmişli” uğursuzluq labirintinə düşərkən bəzi qaragüruhçular Fərid Namazovu istefaya getməli olduğunu hayqırır, car çəkirdilər. Gənc mütəxəssisi Əsgər Abdullayevin taleyini yaşamasını arzulayanlar kifayət qədər idi. Amma klub rəhbərliyi uğursuz nəticələrə və çempionluğun əldən çıxmasına baxmayaraq baş məşqçiyə güvənini itirmədi. Böhran vəziyyətinə, sağdan-soldan yağdırılan əsassız qınaqlara, söz-söhbətlərə və digər çətinliklərə baxmayaraq Fərid Namazov futbolçularına özünə inamı aşılaya bildi və onları yumruq halında birləşdirərək elitaya vəsiqə uğrunda bir-birindən ağır turlarda yaşıl meydandakı döyüşlərə çıxararaq uğurlu nəticələr qazandırdı. Yeri gəlmişkən I Liqada Kaxaber Tsxadadzeyə və onun komandasının ən böyük baş ağrısı olan “İmişli”dir desək yanılmarıq. Belə ki, çempionatın VI turunda Fərid müəllimin yetirmələri səfərdə “Qəbələ”yə güclü müqavimət göstərərək qolsuz bərabərliə nail oldular. XIV turda isə “İmişli” doğma divarlar arasında “qırmızı-qaralar”a qarşı kreativ və döyüşkən futbol sərgiləsə də, yekunda 1:2 hesabıyla məğlubiyət yaşadı. Bu yenilgiylə də imişlilər Kaxaber Tsxadadzenin əhvalına soğan doğramağa nail oldular. Çünki 13 oyunda qol buraxmadan rəqiblərini sıradan çıxaran “Qəbələ” Heydər Əliyev adına İmişli şəhər stadionuda qapısında qol görməklə ilk şilləsini yemişdi. Çempionatın XXII turunda doğma yerli publika qarşısındakı qarşıdurmada da Fərid Namazovun yetirmələri qorxaq futbol ilə deyil, döyüşkən, yaradıcı oyunla gürcü həmkarını taktikasını, strategiasını alt-üst edərək onlara acı məğlubiyyət yaşatdı. Bununla da Tsxadadzenin ildırımsürətli hücumla qələbədən-qələbəyə iddiasına son qoyuldu. Fərid Namazovun həmkarına məğlubiyyət yaşatması II Dünya müharibəsindəki Almaniya ilə SSRİ-in xüsusi xidmət orqanlarınları, daha dəqiq desək “Abver” ilə “Smerş” arasındakı mübarizədə ikincilərin üstün gəlməsinin xatırlatdı. Qısaca onu deyim ki, III Reyxin kəşfiyyat, əks-kəşfiyyat və diversiya fəaliyyətinə rəhbərlik edən “Abver” (1921-44-cü illərdə mövcud olub) dövrününün ən güclü xüsusi xidmət orqanlarından biri hesab edilirdi. Almanların bu elit təşkilatına görkəmli hərb xadimi, peşəkar kəşfiyyatçı, admiral Vilhelm Kanaris rəhbərlik edirdi. “Smerş” müharibənin ən ağır şəraitində 1943-cü ildə yaradılmışdır. Sovetlərin bu kəşfiyyat orqanının rəhbər postuna cəmi 4 sinif oxumuş, amma son dərəcə bacarıqlı, inadkar və kreativ çekist yanaşmalarına sahib Viktor Abakumov irəli çəkilir. Məhz Abakumovun sayəsində düşmənin arxa cəbhələrində, o cümlədən qoşun növlərinin və Hitlerin qərargahlarında bir çox planlardan xəbər tutulur və almanların əksər diversiya, basqın, kəşfiyyat fəaliyyətləri alt üst edilir. Ona görə bir çox xüsusi xidmət orqanlarının nümayəndələri, tarixçilər, tədqiqatçılar qeyd edirlər: “III Reyxin və dünyanın üstün xüsusi xidmət orqanı zəngin keçmişi olmayan sovetin “Smerş”inə məğlub oldu, admiral Kanarisin planlarını isə cəmi 4 sinif oxumuş Viktor Abakumov puç etdi”.
Odur ki, baş məşqçi kimi titulları bol, mütəxəssis kimi də CV-si zəngin olan və I Liqada hamıya güc gələrək “Herakl”lıq edən Kaxaber Tsxadadzeni məşqçilik təcrübəsi və uğurlarıyla öyünməyən Fərid Namazov məğlub etdi. Daha doğrusu yaşıl meydanda gürcü həmkarına Viktor Abakumov nümunəsini yaşatdı. Tanrının müdaxiləsinə, dinlərin həqiqiliyinə inanmasam da, enerji qanununa və mistikanın təsir gücünə inanıram. “İmişli”nin baş məşqçisinin zəfəri ilə “Smerş” arasında enerji oxşarlığı odur ki, hər iki hal aprel ayında yaşanıb. Belə ki, adı çəkilən xüsusi təyinatlı təşkilat 19 apreldə yaradılıb, Fərid Namazov isə gürcü həmkarını yaşıl medanda 18 apreldə məğlub etdi.
Bu məqamda yazıçı Ameliya Erxart vurğulayır: “Ən çətini hərəkətə keçməkdir, sonrakı hər şey ancaq əzmkarlıqdan asılıdır”.
Düşünürəm ki, Fərid Namazov “İmişli”yə gələrkən ən çətin işin altına girdi, ümidini, uğura gedən yolda əzmkarlığını itirmədi. O, komandasını çempion edə bilməsə də, Premer Liqaya yüksəltdi.
Futbolumuzda əcnəbi məşqçilərin təyinatına qarşı deyiləm. Amma və lakin... Gənc, səriştəli, bacarıqlı mütəxəssislərimizə daha çox şans verilməsinin tərəfdarıyam. Ümid edirəm ki, futbolumuzun başında duran qalstuklular gec də olsa, bunu başa düşərlər...
P.S Kaxaber Tsxadadzenin Azərbaycandakı baş məşqçilik karerasıyla bağlı zəngin xatirələri var: “İnter” (Bakı) ilə çempionluq, vitse-çempionluq,“Birlik Kuboku”nun qalibi olması, “Qəbələ”ni elitada saxlaya bilməməsi, “qırmızı-qaralar”la I Liqada qızıl medallara sahib olması (praktik olaraq bunu reallaşdırıb, fors major hadisə baş verməsə qarşıdakı oyunlarda da rəsmləşdirəcək) və s. Bunlarla yanaşı gürcü mütəxəssisin daim kabus kimi xatırlayacağı hadisədə əlavə olundu. Bu xoş olmayan nostalji rəqib tanımayan Kaxaber Tsxadadzenin qarşısına gənc məşqçi Fərid Namazovun çıxaraq ona yaşıl meydanda nokaut daddırmaqla “tkveni gamarjvebis dasasruli” (gürcücə: sənin qələbən bitdi) deməsidir...
ABDULLA İSMAYILOĞLU, Forvard.az