
I Liqanın XXI turunun mərkəzi oyunu Yevlaxda baş tutdu. Burda “Karvan” – “İmişli” qarşıdurması gerçəkləşdi. Hər iki komanda 2-3-cü yerlər uğrunda mübarizə aparır və elitaya fokuslandığından 90 dəqiqə sonra tərəflər 1:1 heç-heçəyə razılaşdılar. Bu nəticədən sonra komandalar turnir cədvəlindəki mövqelərində dəyişiklik olmadı. Həmin qarşılaşma ilə bağlı İmişli təmsilçisinin baş məşqçisi Fərid Namazov Globkom.info –a danışdı.
“Bizim üçün çətin oyun olacağını əvvəlcədən bilirdik. Çünki “Karvan” həm yaxşı komanda olmaqla yanaşı, güclü azarkeş dəstəyinə malikdir. Onların “12-ci oyunçu”su son saniyələrə kimi klublarına dəstəyini əsirgəmirlər. Buna rəğmən matça yaxşı başladıq, 7-ci dəqiqədə erkən qol vurub, hesabda irəli çıxdıq. Qoldan sonra daha təmkinli oynadıq, əsasə “2-ci nömrə” ilə çıxış etdik. Maksimum rəqibə pressinq tətbiq edib, əks hücümlara çıxmaq və hesabı qorumağa fokuslanmışdıq. 73-cü dəqiqədə meydan sahibləri standart vəziyyətdə qapımıza yol tapdılar. Buna qədər onlar qapımız ağzında demək olar ki, ciddi qol imkanları yarada bilməmişdilər. Oyunun geridə qalan dəqiqələrində hesabı dəyişmək üçün irəli atılsaq da, fürsətlərimizdən yararlana bilmədik. Səfərdən bir xalla dönsək də, vacib 2 xal itirdik. Qarşıda bizi doğma meydanda lider “Qəbələ” ilə ağır oyun gözləyir, görüşə son dərəcə ciddi hazırlaşırıq. Çalışacağıq ki, uğur qazanan tərəf biz olaq”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info