
“Qəbələ” I Liqada çempionluğunu erkən rəsmləşdirsə də, komanda sonuncu turda səfərdə “Qaradağ Lökbatan”I məğlub etməklə mövsümü qələbə ilə başa vurdu. “Qırmızı-qaralar”ın təcrübəli müdafiəçisi Elvin Yunuszadə Globkom.info - a müsahibə verdi.
- Son matçınızı da qələbə ilə başa vurduz. Təəssüratların maraqlıdır...
- Erkən çempionluğumuza baxmayaraq, tonusdan düşmədik. Çox xoşdur ki, mövsümü qələbə ilə başa vurduq.
- Premyer Liqaya yüksələn “Qəbələ”də səni də görəcəyikmi?
- Əsas məqsədimiz o idi ki, elitaya vəsiqəni təmin etdik. Buna mən daxil bütün komandamız sevinclidir. Digər məsələləri isə müəyyən zamandan sonra aydınlaşdıracağıq. Hələlik çempionluğumuzun və istirahətimizin dadını çıxarmaq istəyirik.
- İstənilən halda təcrübəli Elvin Yunuszadəni yenidən güclülər dəstəsində görə biləcəyikmi?
- Mənim də ən böyük arzum yenidən elitada oynamaqdır. Amma hələlik nəsə deyə bilmərəm. Klub rəhbərliyi ilə danışığımız olacaq.
- Səncə, “qırmızı-qaralar”ın Premyer Liqadakı məqsədi nə olacaq?
- “Qəbələ” həmişə çempionata rəng qatan komanda olub. Klubun özünə görə ənənəsi var. Odur ki, bölgə təmsilçisinin adına layiq çıxış edəcəyinə inanıram.
ABDULLA İSMAYILOĞLU
Globkom.info