I Liqanın yola saldığımız XV turunda “Karvan” vacib 2 xal itirdi. Yevlax təmsilçisi “Cəbrayıl” səfərində son dəqiqədə penaltidən buraxdığı qol ilə qələbəni əldən verdi. Yevlaxlıların futbolçusu Əli Abdullayev son oyun və qarşıdakı hədəflərlə bağlı Globkom.info – a danışdı.

- Son turda “Cəbrayıl” səfərində dalana məruz qaldız. Qələbə üçün nə çatmadı?

- Bizim üçün gərgin qarşılaşma oldu. Çox mübariz, yaxşı qapanan komandaya qarşı oynadıq. Buna rəğmən cəbrayıllılarla matça qələbə üçün gəlmişdik. Hesabı biz açsaq da, təəssüflər olsun ki, oyuna əlavə olunan dəqiqədə qapımıza 11 metrlik cərimə zərbəsi təyin edildi və qələbəni əldən verdik. Artıq olan olub. İrəli baxmalıyıq.

- Turnir cədvəlinin 2-ci pilləsində olsaz da, vəziyyətiniz çox kritikdir. “Qəbələ” vahid liderdir, onlarla aranızda 9 xallıq fərq var. 3-cü yerdə olan “İmişli” isə sizi addımbaaddım izləyir. Bu təzyiqə tab gətirmək və heç olmasa 2-ci pillədəki yerinizi qoruya biləcəksizmi?

- Hələ çempionatın startından bilirdik ki, üzərimizdə təzyiqin çox olacağını bilirdik. Bu gün 2-ci pillədəyik. Amma əsas məqsədimiz bu mövqedə qalmaq yox, çempionluqdur. Çempion ola bilməyəcəyimiz təqdirdə B planımız 2-ci yerdə möhkəmlənməyimizdir. Odur ki, biz həm A, həm də B planımız üzrə sona qədər mübarizə aparacağıq.

- Çempionatın ikinci yarısında oyun planında üstünlüyünüz olsa da, nəticələriniz ürəkaçan deyil. Bu hal komandada psixoloji tənəzzül yaratmayacaq?

- Bütün komandalarda “qara zolaq” olur, biz də istisna deyilik. Buna baxmayaraq, kollektivimiz yumruq kimi bir olub mövcud vəziyyətdən çıxmağa çalışacağıq. Hələ qarşıda çox oyunlarımız var, məqsədimiz hər turda maksimum nəticə qazanmaqdır.

- “Karvan”la elitaya yüksələcəyinizə inanırsanmı?

- Hədəfimiz, məqsədimiz odur. AFFA İcraiyyə Komitəsinin son qərarına əsasən komanda sayının artırılmasını da alqışlayıram. I Liqada çıxış edən futbolçuların ən böyük arzusu Premyer Liqada oynamaqdır.

ABDULLA İSMAYILOĞLU

Globkom.info