Donald Tramp Prezident postuna ikinci dəfə sahbləndikdəns sonra yerə-göyə sığmır. ABŞ-ın 47-ci Prezidenti özünü sanki Olimp dağında oturmuş Zevs kimi hiss edir. Zevsin əsas silahı ildırım idi – kimə qəzəbi tuturdusa, əlindəki ildırımları ona yönəldərək, külə döndərirdi. Trampın da ildırımları sanksiyalarıdır.

Bir həftədir Ağ Evin sahibi tarif silahını qaldıraraq, aşağıdakıları tələb edir:

Rusiyadan: Ukraynada müharibəni dayandır və mənim şərtlərimi qəbul et.

Çindən: Rusiya ilə əməkdaşlığı məhdudlaşdır, Latın Amerikası bazarından çıx, TikToku sat.

Səudiyyə Ərəbistanından: Neftin qiymətini endir.

Avropa Birliyindən: ABŞ-dan daha çox neft və qaz al, hərbi xərcləri ÜDM-in 5%-nə qaldır, Ukrayna müharibəsini maliyyələşdirməyi və müharibədən sonra Ukraynanın bərpa edilməsini öz öhdəsinə götür.

Danimarkadan: Qrenlandiyanı ver.

Kanadadan: ABŞ-ın 51-ci ştatı ol.

Panamadan: ABŞ-a birləş.

Ukraynadan: mənim istənilən təklifimi qəbul et və şükür elə.

Almaniyadan: AfD-nin hakimiyyətə gəlməsinə şərait yarat.

Britaniyadan: Naycel Faracın “İslahatlar” partiyasını hakimiyyətə gətir.

İrandan: Nüvə tədqiqatlarını dayandır, İsrailin "xətrinə dəymə".

Cənubi Koreyadan: oradakı ABŞ silahlı qüvvələrinin saxlanmasına görə ödənişi illik $1 milyardan $5 milyarda qaldır.

Meksikadan: ABŞ-a miqrant axınına son qoy, ABŞ-dan deportasiya olunan miqrantları qəbul et.

Kolumbiya və digər Latın Amerikası ölkələrindən: ABŞ-dan deportasiya olunan miqrantları qəbul edin.

Fələstindən: ərəblər Qəzzanı tam boşaltsınlar.

Misir və İordaniyadan: Qəzzadan çıxan fələstinliləri qəbul edin.

BƏƏ və digər varlı ərəb ölkələrindən: Qəzzadan köçən fələstinlilər üçün Misirdə və İordaniyada şəhərciklər tikin.

Yaponiya və S.Ərəbistanından: Trampın elan etdiyi $500 milyardlıq “Stargate” proqramına yüz milyardlar ayırın.

Əfqanıstandan: ABŞ-ın qoyub qaçdığı hərbi texnikanı geri qaytar.

...və sairə və ilaxır.

Belə görürəm ki, bunun “ildırımını” sındırıb, verəcəklər qoltuğuna. Artıq Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib:

“Mən əvvəl başa düşmək istəyirəm ki, Amerika tərəfi hansı əsas üzərində nizamlama prosesinə başlamaq istəyir. Əgər son zamanlar eşitdiyimiz siqnallar əsasında başlamaq istəyirsə, onda bu nə 100 günə, nə də daha çox günə baş tutacaq.”

Çin Trampın tələblərinə Putinlə videokonfransla cavab verdi.Səudiyə Ərəbistanı neftin qiymətinin endirilməsinə razı olmadı. Avropa Birliyi ABŞ-la “soyuq müharibəyə” hazırlaşır. Misir ilə İordaniya fələstinliləri qəbul etmədilər. Meksika hələ ram olmur.

Hələlik Ağ Evin “Zevs”i qarşısında Kolumbiya boyun əyib, Ukrayna isə cavab verə bilmir. Yaşayaq, müşahidə edək, görək nələr baş verəcək...

Aftandil Babayev

Globkom.info