
Azərbaycan Kubokunun ¼ final mərhələsində cavab oyunları çərçivəsində “Səbail” səfərdə “Qarabağ”a məğlub olaraq turnirdəki mübarizəni dayandırdı. Bayıl təmsilçisinin ukraynalı futbolçusu Dmitro Litvin matçla bağlı Globkom.info – a müsahibə verdi.
- “Qarabağ”a məğlub olaraq kubokda mübarizəni dayandırdız. Bu barədə fikirlərini bilmək istərdik...
- Düşünürəm ki, komandamız məğlub olsa da, meydanda pis görünmədik. Uşaqlar yaxşı mübarizə apardı, ümumi götürəndə maraqlı oyun alındı. Kubokla vidalaşdıq, odur ki, bundan sonra bütün məqsədimizi Premyer Liqadakı yönəldəcək və elitada qalmaq uğrunda sona kimi döyüşəcəyik.
- Komanda yoldaşın Rüfət Abdullazadə bərabərlik qolunu vurdu, səncə hesabı belə saxlamaq olardımı?
- Hesab edirəm ki, hesabı qorumaq da olardı. Amma unutmayaq ki, “Qarabağ” futbolçularının səviyyəsi hamıya bəllidir. Onlar həm yaxşı top saxlayır, həm də rəqibin səhvlərindən maksimum istifadə edirlər.
- Öz performansın barədə nə deyərdin?
- Həm fiziki, həm də psixoloji planda özümü yaxşı hesab edirəm. Keçirdiyim oyun saylarına, rəqiblərə və onların oyunçularına qarşı apardığım mübarizəyə nəzər yetirsək, Azərbaycan Premyer Liqasını mənimsəmişəm və stabil formada olduğumu düşünürəm. Təbii ki, bununla kifayətlənmək olmaz, daha da inkişaf etməkdə maraqlıyam.
- Qış fasiləsində komandaya cəlb olunan oyunçular kollektivə uyğunlaşıbmı?
- Yeni oyunçuların adaptasiya olunduqlarını və bizə çox fayda verdikləri qənaətindəyəm. Onlar sıralarımız gücləndirməkdədir.
ABDULLA İSMAYILOĞLU
Globkom.info