
Azərbaycan yığmasının Haiti və Belarusa qarşı keçirdiyi iki yoxlama oyunlarında məğlubiyyəti mətbuatda və cəmiyyətdə etirazla qarşılanıb. AFFA-nı və ölkənin əsas komandasını kəskin tənqid edənlərdən biri də deputat Aqil Abbasdır. Millət vəkilinin Forvard.az - a verdiyi açıqlamasını olduğu kimi Globkom.info oxucularına təqdim edirik.
“Yığmamızın son iki oyunu sadəcə biabırçılıqdı, başqa söz tapa bilmirəm. Başa düşmək olmur ki, heç kimə lazım olmayan əcnəbi məşqçilər niyə ölkənin əsas komandasının sükanı arxasına gətirilir. Həmçinin köhnə və başqa yığmalardakı uğurları əsas gətirilərək Byazi, Santuş kimi yadları yalvara-yalvara millimizi baş məşqçi gətirmək yüksək məbləğdə pul xərcləməyin məqsədi nədir?! Onlara bu qədər pullar tökməyə dəymir, sanki bizə fiaskolar yaşatmaq üçün onlara yüksək postlara gətiririk. Özümüzün yetəri qədər savadlı mütəxəssisləri var, onların savad, təcrübəsindən istifadə etmək əvəzinə gedib, xaricilərdən yapışırıq. Vaxtilə Qurban Qurbanov kimi ölkənin ən savadlı, təcrübəli məşqçisini millimizə gətirdilər, cəmi 1 ildən sonra onun tələblərinə razı olmayıb, yola saldılar. Əslində məqsəd Qurban müəllimi “Qarabağ”dan tamamilə uzaqlaşdıraraq, ancaq yığma ilə kifaətlənməsini şərt qoymuşdular. Bununla da hazırda ölkə futbolunu çiyinlərinlə daşıyan Ağdam klubunu məhv etmək istəyirdilər. “Köhlən atlar”ın “Xəzər-Lənkəran”ın taleyi gözləyirdi. Qurban Qurbanov bunları bilib, doğma klubunu seçdi. Yerli məşqçilərimizi də şans tanımayıb, legionerləri dəvət edirik. Nəticə də göz qabağındadır. Son illərdə Azərbaycan seçməsinin sükanı arxasına gəlib-gedən yad məşqçilər, gündə efirə, verlişlərə “müğənni” adı ilə çıxanları xatırladır. Bu qədər də dəyişikliklər, lazımsız “eksperiment”lər olar?! Yurçeviçlərə, byazilərə, santuşlara xərclərənən milyonları, uşaq futboluna, stadionlara xərclənsə, daha çox faydalı olardı. Baxın, bu gün Premer Liqada mübarizə aparan komandaların çoxunun stadionları süni meydançadır. Bu da təbii ki, futbolçuların zədələnməsinə və digər bu kimi xoşagəlməz hallar gətirib çıxarır. Bir baş məşqçinin açıqlamasını oxumuşdum ki, futbolçularım o qədər süni meydançalarda çox onadıqlarından, təbii ot örtüyünə ayaq basanda elə bir hissə meydançaya uyğunlaşmağa çalışırlar. Futbolumuzu inkişaf etdirməkdən dəm vururuq, amma müasir standartlara cavab verən futbol məkanları azdı. Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə hələ stadionu tikib qurtara bilmirlər. Naxçıvan Muxtar Respublikasında diyarın əsas futbol məkanını təmir edə bilmirlər. Ona görə “Kəpəz”, “Araz-Naxçıvan” kimi klublar qaçqın düşüblər. AFFA-ın nə işlə məşğul olduğunu bilmək olmur?! Təbii ki, futbolçularımızda da problem var. Milli üzvləri medanda can qoymur, döyüşmürlər cəmi 60 dəqiqə xala xətrin qalmasın futbol oynayırlar. Türkiyədə heç kimə lazım olmayan oyunçuları milliləşdirib gətiriblər. Onlardan bizə hansı fayda ola bilər?! O cür “futbolçu”ları ancaq pul maraqlandırır. AFFA-da seleksiyaçılar eşələyib harda futbol oynaya bilməyənlər varsa, doldurublar milliyə. Azərbaycanın əsas komandasının üzvlərində sanki mübarizə ruhu ölüb. Onlar doğma divarlar arasındakı oyunlara gəzişmək, səfər matçlarına isə turist kimi gedirlər. Bu faciədir.Halbuki,90-cı illərdə müharibə gedən, ağır iqtisadi-sosial şəraitlə əyinlərinə geyinməyə forma tapmayan, məqş etməyə stadionlar olmadığı, maaş almayan bir vaxtlarda futbolçularımız meydanda şir-pələng kimi döyüşürdülər. İstər AFFA rəhbərliyi, istər millinin məşqçilər korpusu hərdən “Qarabağ”, “Zirə”, “Sabah”, “Turan Tovuz”un oyunlarını baxıb, ibrət götürsünlər. Hazırda elə bir mənzərədir ki, meydanda Azərbaycan millisini yox, ordan-burdan yığılanların yaşıl qazonlarda gəzintilərini görürük”.
ABDULLA İSMAYILOĞLU