Cənab Tramp corablarını hara gəldi atan kişi tipindəndir. Çətiri ərindiyindən bağlamır, atır trapa, çıxır gedir. İçəridə də heç kimə "get o çətiri gətir" göstərişi vermir. Onun arxasınca qalxan başqa bir yüksək təbəqə məmuru da çətirin yanından keçib, təyyarəyə daxil olur, çətiri yerdən qaldırmaq fikiri heç beyninə toxunmur.

Sonra aşağıdan kimsə qalxır, çətiri qaldırır, bağlayır, aparıb içəri atır. "Kimsə" deyəndə ki, məlum, işçi, işçi sinfindən olan biri. Manqurtlaşdırılan insanlar üçün bu kapitalistlər, milyarderlər haqda bir "uğur hekayəsi" uydurulur. Tramp haqqında da bənzər hekayə var. Amma adam təkcə bu hərəkətindən bəlli edir ki, ərincək parazitin biridir,  heç nə də vecinə deyil. Kapitalist ailəsində heç nədən korluq çəkmədən böyüyən harın uşaq. "Oyuncaq" filmindən tanıdığımız kapitalist, oliqarx müsyö Rombalkoşenin oğlu Erikin personajı.

Nəhayət ki, yaxın günlərdə ABŞ və Ukrayna neçə vaxtdır müzakirə etdikləri "nadir torpaq elementləri" ilə bağlı müqavilə imzalayacaq. Artıq neçənci dəfədir ki, "imzalanacaq" anonsu verilir. Əvvəlki anonslardan sonra imzalanmamışdı. Zelenski Ukrayna cəmiyyətinin qulaqları üçün populistlik edərək "bu, qarətdir, mən bu qarətə imza atmaram" demişdir. Halbuki, Ukraynanın təbii resurslarını ABŞ-a hərbi kömək əvəzinə verilməsi ideyasını ortaya atan elə Zelenski olmuşdur. Ukraynanın yəhudi “rəhbər”i  bu layihəni Bayden iqtidarına təklif etmişdir. Bununla bağlı  Blinken də açıqlama verərək təsdiqləmişdir.

Zaman isə onu göstərdi ki, Zelenski sadəcə fırıldaqçılıqla məşğul imiş, onun Baydengilə nəsə vermək fikiri olmayıb, “Ağ Ev”in sabiq qoca xozeyninin  "zəif damarını" tutmuşdu və özünə lazım olanda o damara basırdı. Tramp isə fərqlidir. Onun bütün həyatı Zelenski kimi fırıldaqçılıqla keçib. Zelenski ona bata bilmir. O, hər dəfə bir bəhanə ilə özünün təklif etdiyi bu "Ukrayna təbii resurslarının hesabına ABŞ-dan aldığı yüz milyardları qaytaracaq" müqaviləsinin imzalanmasını pozanda Vaşinqton şərtləri daha da ağırlaşdırır. Hələ Zelenskinin “Ağ Ev”də "dava saldığı" gündə imzalanası müqavilə haqqında məşhur Boris Conson da "bu, qarətdir"  demişdir. Onun həmin açıqlamasının ən maraqlı və diqqətə layiq tərəfi "qarətin" 1941-ci ildə ABŞ-ın Böyük Britaniyaya etdiyi "lend-liz köməyi” ilə" eyniləşdirməsidir. Sabiq Baş nazir  "ABŞ 1941-ci ildə bizə atmışdı” deyə bəyan etmişdir.  

Bu burjua siyasətçiləri bir-birlərini didməsələr öz aralarında, həqiqət səsləndirməzlər. Burjua (sağçı və liberal) politikləri həqiqəti ancaq hirslənəndə dilə gətirərlər və istəmədən hesablamadıqları başqa bir yalanlarını ifşa edərlər.

Boris Conson da bütün bu faşist, sağçı, liberal düşərgənin "SSRİ ABŞ-ın lend-lizi hesabına qalib gəldi" əfsanəsini ifşa etmiş oldu. “Lend-liz” razılaşması ilə rəsmi Londona atan, ada ölkəsini qarət edən ABŞ SSRİ-yə əvəzsiz kömək edərdirmi? Əlbəttə, yox!!!  Etməmişdilər də! SSRİ illərlə ABŞ-a borcunu ödədi. Hətta SSRİ-dən sonra Rusiya da bu borcu qaytarmalı oldu

A.Sultanov

Globkom.info