
I Liqanın XVI turunda çempionatda qalmaq uğrunda mübarizə aparan "Qaradağ Lökbatan" doğma divarlar arasında "İmişli"yə məğlub oldu. Matçın ikinci hissəsində qəsəbə təmsilçisinin futbolçusu Coşqun Əsədzadə zədələnərək əvəzləndi. 90 dəqiqə sonra müdafiəçi Globkom.info - a danışdı.
"İmişli" ilə oyunda məqsədimiz 3 xal qazanmaq idi. Uşaqlar meydanda çox istəkliydilər. Qələbə üçün çox çalışdıq, amma əlimizə düşən fürsətləri qola çevirə bilmədim. Rəqibin də şansları az olmadı. Qapıçımız bir neçə dəfə kritik epizodlarda seyvlər etsə də, qapımızın toxunulmazlığını təmin edə bilmədik. Qısası bəxtimiz gətirmədi. Amma ruhdan düşmürük və qarşıdakı oyunlara fokuslanmalıyıq. Məqsədimiz həm "qara zolaq"dan çıxmaq, həm də elitada yerimizi qorumaqdır. Bunun üçün qarşıdakı turlarda bütün gücümüzü ortaya qoyacağıq və inşaallah istəyimizə nail olacağıq".
Futbolçu oyunda zədələnməsi barədə də söz açdı:
"Oyunda bir neçə dəfə rəqib futbolçular tərəfində ayağıma zərbə aldım. Matçın sonlarında növbəti müdaxilədən sonra artıq meydanda davam edə bilmədim və əvəzləndim. Şükürlər olsun ki, ciddi xəsarət almamışam".
ABDULLA İSMAYILOĞLU
Globkom.info