Dünən I Liqada debütant “Cəbrayıl” doğma divarlar arasında çempionluğa iddialı “Karvan”ı büdrətdi. Belə ki, meydan sahibləri 90+7-ci dəqiqədə bərabərlik qolunu vuraraq yevlaxlıların sevinməsinə imkan vermədilər. Qarabağ təmsilçisinin qolkiperi Əkbər Vəliyev matçla bağlı Globkom.info – a danışdı.

- Gərgin keçən oyunla bağlı fikirlərini bilmək istərdik...

- “Karvan” komandası çox yaxşı komandadır. Onlar çempionluq uğrunda mübarizə aparırlar. Bölgə təmsilçisiylə oyunda qələbəyə köklənmişdik. Amma matçın gedişatını, hesabda geri olmağımızı nəzərə alsaq, düşünürəm ki, güclü rəqibə qarşı mübarizlik sərgiləyib, son dəqiqələrdə bərabərlik qolunu vurmağımız uğurlu nəticədir.

- Qol buraxdın, səncə topu çıxarmaq olardımı?

- Düşünürəm ki, daha yaxşı reaksiya göstərib qol imkan verməmək olardı. Amma səmimi deyim ki, iki ay idi zədəliydim, doğru-dürüst məşqlər də etməmişdim. Yeni-yeni formamı bərpa edirəm. Odur ki, daha yaxşı formada olsaydım, bəlkə də qolun qarşısını ala bilərdim.

Elita təcrübəsinə malik futbolçusan, yaxın gələcəksə səni yenidən Premyer Liqada görə bilərikmi?

- İnşallah ki, məqsədim budur. Amma hələlik arzu etdiyim formanı yığmalıyam.

- Qarşınıza çempionatda yerinizi qorumaq yoxsa daha yuxarı pillələrdə qərarlaşmaq tapşırığı qoyulub?

- Təkəbbürlük kimi çıxmasın, amma elitada yerimizi qorumaq barədə düşünmürük. Başlıca məqsədimiz bacardıqca irəli getməkdir. Ona görə də qarşıdakı oyunların hər birində əzmkarlıq, mübarizlik sərgiləyib maksimum çox xal toplamaqda maraqlıyıq.  

ABDULLA İSMAYILOĞLU

Globkom.info