
“The Oversight Project” Baydenin imzası ilə əldə etmək mümkün olan bütün sənədləri toplayıb. Bir sənəd (2024-cü il seçkisində iştirakdan imtina ilə bağlı) istisna olmaqla bütün sənədlərdə onun orijinal yox, “facsimile” imzası (bir növ möhür-imza) qoyulub.
“Heritage Foundation” təşkilatının araşdırmasına görə Baydenin prezidentliyi dövründə imzaladığı sənədlərin böyük əksəriyyətində eyni “facsimile” imzadan istifadə olunub.
“Faksimile” imzadan çox prezidentlərin administrasiyasında istifadə edilib– bunda elə böyük problem yoxdur. Bu zaman qəbul edilirdi ki, prezident özü həmin sənədi görüb və ona “facsimile” imzanın qoyulmasına icazə verib. Lakin Baydenin onun adından imzalanan sənədlərdən xəbəri olması müəyyən şübhələr doğurub.
Məsələn, jurnalistlər qeyd edirlər ki, Baydenin “facsimile” imzası olan 30.12.2022 tarixli fərmanla 6 cinayətkar (1 qatil və 5 narkodiler) əfv edilib. Fərmanda yazılıb ki, o "Vaşinqton şəhərində imzalanıb". Amma həmin gün Bayden Vircin adalarında istirahət edir və qolf oynayırdı.
14 martda ABŞ Ədliyyə Departamentində (nazirliyində) keçirilən mətbuat konfransında Tramp bəyan etdi ki, Baydenin “facsimile” imzası olan bütün sənədlər etibarsız elan oluna bilər.
Donald Tramp: "Düzünü desək, fırıldaqçı Co Bayden bizi Rusiya və bütün qalanları ilə əsl zibilə salıb. Lakin o heç bilmirdi ki, bu sənədlərə qol çəkib, hardan bilsin? Mən də bilmirəm, başa düşürsünüz, bu işi kim görüb. ... Lənət şeytana, o heç nə etdiyini bilmirdi. Əgər bilsəydi, bütün bu pis şeylər baş verməzdi".
“The New York Post”-dan Stiv Nelsonun fikrinə görə Baydenin əsas köməkçilərindən biri öz səlahiyyətlərini aşa və ABŞ prezidentinin razılığı olmadan onun “facsimile” imzasından istifadə edə bilərdi. Əgər bu fikir doğrudursa, onda Baydenin “facsimile” imzası olan bütün sənədlərin hüquqi qüvvəsi yoxdur.
16 martda Tramp “Truth Social” şəbəkəsində yazdı:
"Yuxulu Co Baydenin hədiyyə etdiyi "əfvlər" etibarsız, hüquqi qüvvəsi və nəticələri olmayan elan olunurlar, çünki onlar avtomatik qurğu vasitəsilə imzalanıblar. Başqa sözlə, Co Bayden onları imzalamayıb, lakin daha vacibi, o onlar haqqında heç nə bilməyib".
Sonra da aşağıdakı memi paylaşıb. Şəkildə ABŞ-ın son 3 prezidentinin portretlər qalereyası əks olunub. Baydenin portreti yerində mexaniki imzalama qurğusunun şəkli qoyulub.
Xatırladıram ki, Co Baydenin əfv etdikləri arasında oğlu Hanter və digər ailə üzvləri, həmçinin sabiq müdafiə naziri Mark Milli, kovid pandemiyasının "xaç atası" doktor Entoni Fauçi, Konqresin 06.01.2021 tarixində "Kapitoliyə hücum" hadisələrini araşdıran xüsusi komissiyasının üzvləri də var.
Əlbəttə, Trampın Baydenin imzasını etibarsız hesab etməsi hələ bu məsələdə nöqtəni qoymur. Prezidentin imzası Ali Məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Yəqin, buna görə Tramp Ədliyyə Departamentinə getmişdi– administrasiya adından məhkəməyə iddia sənədi hazırlanacaq.
Belə görünür ki, Tramp Bayden komandasına qarşı qəti hücuma keçmək üçün hazırlıq işlərini aparmaqda davam edir.
Asif Şəfəqqətov
Əlavə məlumatlar:
Baydenin oğlunu əfv etməsi: https://www.facebook.com/share/p/18eKALqZSk/
Baydenin başqalarını əfv etməsi: https://www.facebook.com/share/p/15uub69KRT/
Trampın Baydenə qarşı qisas hazırlıqları:
https://www.facebook.com/share/p/1Ezje43hy4/
https://www.facebook.com/share/p/1FgW2Vfvj4/
Trampın Bayden və Zelenski ilə şəxsi ədavətinin səbəbi: https://www.facebook.com/share/p/16FePfJqQx/