Bu il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 33 il keçir.  Azərbaycan Respublikası tarixi baxımından Azərbaycan Cümhuriyyətinin varisi olsa da, hüquqi cəhətdən fərqli inkişaf yolunu keçmişdir. Bunu 1919-1991-ci illərdə qəbul edilən hüquqi sənədlər də təsdiq edir. Bu mühüm sənədlər əsasında Azərbaycan Respublikasının dövlət kimi formalaşmasını mərhələləri prosesini dövlətin yarandığı gündən 1991-ci ilə kimi hansı qanunlarla tənzimləndiyini müəyyənləşdirək.

Milli Şura 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Cümhuriyyətini elan etsə də, onu rəsmi olaraq nə xarici dövlətlər tanıdı, nə xalq onun varlığından xəbərdar oldu. Hətta 1920-ci ilin yanvarın 11-də Versal Sülh Konfransında I Respublikamızı 20-yə yaxın ölkə “de-fakto” tanısalar da, beynəlxalq miqyasda ən üstün tanınma hesab olunan “de-yure” olaraq  onun varlığını qəbul etmədilər.

Azərbaycan Cümhuriyyəti hüquqi baxımdan dövlət müstəqilliyini 1919-cu ilin iyulun 19-da əldə edib.

1918-ci ilin iyulunda Bakı Kommunasının süqutundan sonra, Hümmət təşkilatının bolşevik qanadı böyük zərbə aldı və Hümmətin bolşevik qanadının bütün üzvləri- Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Ayna Sultanova, Mustafa Quliyev və başqaları Həştərxana getdilər. Bu ərəfədə Nərimanov Leninlə apardığı qızğın müzakirələrdə Bakı Kommunasının müsəlmanlara öz müqəddəratı hüququnu verməməsi ilə milli məsələdə böyük səhvə yol verdiyini də qeyd etdi. Bununla da 1918-ci ilin payızında Müstəqil Azərbaycan Şura Cümhuriyyəti layihəsi ilk dəfə gündəmə gətirildi.

Maraqlısı budur ki, azərbaycanlı bolşevikləri arasında bu məsələdə fikir ayrılığı var idi. Belə ki, Nəriman Nərimanov,  Dadaş Bünyadzadə, Ruhulla Axundov, Səid Qazıbəyov, Həbib Cəbiyev və digərlərinin yer aldığı bolşevik qanadı Azərbaycanın müstəqil şura cümhuriyyətinin qurulması  təklif edirdilər. Digər bolşeviklər -Əli Heydər Qarayev, Mustafa Quliyev, Həmid Sultanov (bunlara Əli Heydərçi qruplar da deyə bilərik) isə Azərbaycanın quberniyalara parçalanaraq Rusiya SFSR-ə birləşdirilməsinin tərəfdarı idilər. Buna baxmayaraq Vladimir Lenin Müstəqil Azərbaycan Şura Cümhuriyyəti ideyasını dəstəkləyərək Əli Heydərçi qrupun  ideyalarını müstəmləkəçilikdə ittiham etdi. (Dubinski, Muxadze. (1979). Nərimanov: s. 62). Bu məsələdə Lenin özü belə Şərqdəki nüfuzuna görə Nəriman Nərimanovla hesablaşırdı (Baberovski. (2021). Düşmən hər yerdədir. Stalinin Qafqazda: s.62).

Bu qərardan sonra Bakıda “Müstəqil Şura Azərbaycanı” təbliğatı aparılmağa başladıldı. Əvvəlcə 1919-cu il aprelin 25-də Azərbaycan bolşevikləri Hümmət təşkilatının konfransında “Azərbaycana Şura hakimiyyəti” şüarını elan etdilər.

1919-cu il mayın 1-də isə Bakıda menşeviklər və bolşeviklər “Müstəqil Şura Azərbaycanı” şüarı ilə kütləvi halda nümayişlərlə küçələri işğal edirdilər. Mitinqin məqsədi Bakıdakı ingilis qoşunlarının ölkədən çıxıb getməsi və Antanta imperializminin caynağında olan Müsavat  Azərbaycanının RSFSR ilə müttəfiq müstəqil Azərbaycan Şura Cümhuriyyəti ilə əvəz edilməsi idi.

Bu mitinqdən 1 gün sonra “Müstəqil Şura Azərbaycanı” layihəsi Bakı partiya təşkilatının proqramı kimi təsdiqləndi.1919-cu il mayın 22-də isə Bakı partiya təşkilatı Azərbaycan Şura Cümhuriyyətinin müstəqilliyini tanıdı (Д.П. Гулиева. (1989). К истории образования Нагорно-Карабахской Автономной Области Азербайджанской ССР: s.20)

1919-cu ilin mayın 28-də müstəqilliyin bir illiyi münasibəti ilə keçirilən tədbirlərə menşeviklər də qatıldı. Onlar mitinq zamanı fəhlələri öz tərəfinə çəkərək “Yaşasın müstəqil Azərbaycan Şura Sosialist Cümhuriyyəti” şüarları səsləndirmişdi (A. Г. Караев. (1926). Из недавнего прошлого: материалы к истории азербайджанской коммунистической партии (б.):  s.20).

Bu dövrdə artıq Rusiyada Azərbaycanın müstəqilliyini tanıması məsələsi ciddi müzakirə olunurdu. Anastas Mikoyan, Serqo Orconikidze kimi bolşeviklər Azərbaycanın müstəqilliyinin lehinə idi (Агаян, Ц. П. (1974). Некоторые особенности образования независимых советских республик Закавказья: s.8). Nəticədə 19 iyul 1919-cu ildə Lenin, Kamenev, Belobodorov və Stasovanın iştirakı ilə Qafqaz Siyasi Bürosunun iclası keçirildi. İclasda qəbul edilən protokolun 3-cü bəndində  Hümmət partiyasının müstəqil Azərbaycan Kommunist partiyası kimi tanınması və Azərbaycanın müstəqil Şura Cümhuriyyəti kimi tanınması qərara alındı. Bununla da müsavatçıların yox, məhz başda Nəriman Nərimanov olmaqla bir qrup milli bolşeviklərimizin Həştərxanda formalaşdırdıqları Mühacir Hökümət ilk “de-yure” olaraq tanınan ilk dövlət idi.

(https://istmat.org/files/uploads/51059/rgaspi._f.17._op.3._d.15_l.1-3.pdf?fbclid=IwY2xjawF6W59leHRuA2FlbQIxMQABHRnm_2Au9JBhdzqp0wEfvplz3c2hGWvhaRIP5wuocUhdfH-Iq7lDbsQESw_aem_QCPzIfIGLWfquH1gCvHClg)

Həştərxanda mühacir hökumət kimi formalaşdırılan Azərbaycan Şura Cümhuriyyəti 9 aydan sonra 28 aprel 1920-ci ildə Bakıya köçdü. Bununla da müsavatçıların yox, məhz başda Nəriman Nərimanov olmaqla bir qrup milli bolşeviklərimizin Həştərxanda formalaşdırdıqları Mühacir Höküməti regionun ağası olan Sovet Rusiyası tanıyır. Azərbaycanda Şura Respublikası qurulandan sonra Şimal qonşumuz yeni respublikanı “de-fakto” və “de-yure” olaraq tanıyan ilk dövlət olur. 5 may 1920-ci ildə RSFSR Xalq Komissarları Şurasının sədri Lenin müstəqil Azərbaycan Cümhuriyyətinin qurulması münasibətilə Azərbaycan Şura hökumətinə təbrik teleqramı göndərmişdir. Bununla da Rusiya müstəqil respublika kimi Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu (V. İ. Lenin, (1981), Əsərlərinin tam külliyatı, 41-ci cild: s. 46). Nəticədə Azərbaycanın hüquqi respublika kimi formalaşdırılmasının başlanğıcı qoyuldu. Ardınca bir çox dövlətlər də II Respublikamızı bütün səviyyələrdə tanımağa və qarşılıqlı səfirliklər açmağa başlanıldı. 19 may 1921-ci ildə Azərbaycan Şura Sosialist Cümhuriyyətinin ilk konstitusiyası qəbul edildi. Bu həm də dövlətçilik tarixində ilk konstitusiyamızdır. Ana yasanın qəbulu ilə Azərbaycan Respublikasının hüquqi dövlət kimi formalaşmasının ilk mərhələsi başa çatdı. Konstitusiyanın I bəndinə görə Azərbaycan Şura Sosialist Cümhuriyyətinin müstəqil dövlət olması vurğulanırdı.

(https://docs.historyrussia.org/ru/nodes/342265-konstitutsiya-azerbaydzhanskoy-sotsialisticheskoy-sovetskoy-respubliki-19-maya-1921-g).

1920-1922-ci illərdə Azərbaycan Şura Sosialist Cümhuriyyətini 12 dövlət “de-fakto” və “de-yure” tanıdı. 1920-ci ilin payızına qədər Rusiya SFSR, Türkiyə (Ankara hökuməti), İran, Gilan Sovet Respublikası, Gürcüstan Demokratik Respublikası (Ağstafa müqaviləsi, 1920-ci il may) İtaliya, İsveçrə, Litva, Latviya, Çexoslavakiya, Estoniya, Almaniya və Finlandiya Müsəlman Şərqinin və Türk dünaysının ilk sosialist dövlətləri rəsmən tanıdılar. 1921-1922-ci illərdə Azərbaycan ŞSC-in RSFSR, Türkiyə və İranda səfirlikləri, İtaliya, İsveçrə, Litva, Latviya, Almaniya, Finlandiya və Estoniyada diplomatik konsulluqları fəaliyyət göstərib (История государства и права Азербайджанской ССР (1920 – 1934 гг.) / Редкол.: Касумов З.М., Мильман А.Ш., Салимов И.Д., Халафов М.С. – Баку: Элм, 1973: s.237, 238)

Azərbaycan Respublikasının suverenliyinin məhdudlaşdırılması

1922-ci il martın 12-də ZSFSR-in yaradılması ilə Azərbaycan Sosialist Şura Cümhuriyyətinin müstəqilliyi məhdudlaşdırıldi. Federasiya əleyhdarları arasında Nəriman Nərimanov, Ruhulla Axundov və Mirzə Davud Hüseynov fərqlənirdi. Nərimanov Zaqafqaziya Federasiyasının yaradılmasında heç bir üstünlük görmürdü (Baberovski, (2021). Düşmən hər yerdədir Stalinizm Qafqazda: s.52).Bu addım Azərbaycanın suverenliyini məhdudlaşdırırdı.

ZSFSR-in yaranması ilə Azərbaycan ŞSC-in Rusiya SFSR, İran və Türkiyədəki səfirlikləri, Almaniya, İtaliya, Litva, Latviya və Finlandiyadakı konsulluqları bağlandı. 1922-ci ildən 1936-cı ilə qədər dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası mövcud deyildi. ZSFSR-in subyektinə çevrilməsinə baxmayaraq Azərbaycan SŞC-in dövlət atributları və Qırmızı Ordusu ləğv edilmədi. Ancaq Azərbaycan SSR-in Qırmızı Ordusu ZSFSR-in vahid komandanlığına tabe edildi. Bununla da Azərbaycan ŞSC-i müstəqil respublikadan yarımmüstəqil respublikaya çevrildi və Üç il müstəqil olan respublika 1922-ci ilin dekabrın 30-da ZSFSR tərkibində SSRİ-yə daxil oldu. (https://www.prlib.ru/history/619858)

Azərbaycan Respublikasının hüquqi dövlət kimi formalaşmasının II mərhələsi

14 il ZSFSR-in subyekti olan Azərbaycan ŞSC 1936-cı ildə qəbul edilən SSRİ konstitusiyası ilə SSRİ-nin tərkibində suveren müttəfiq respublika statusunu aldı. (https://www.hist.msu.ru/ER/Etext/cnst1936.htm). Bununla belə Azərbaycanın xarici siyasət baxımından SSRİ-dən asılılığı və yarımmüstəqilliyi davam edirdi. Qeyd etmək lazımdır ki, 1991-ci ildə Azərbaycanın SSRİ-dən hüquqi baxımdan ayrılmasında 1936-cı il konstutiyasının və bu konstitusiya əsasında tərtib edilən sonuncu SSRİ konstitusiyalarının rolu böyük idi. ZSFSR ləğv olunmayıb davam etsə idi, Azərbaycanın hüquqi baxımdan SSRİ-dən ayrıla bilib-bilməyəcəyi sual altında qalardı. 1936-cı il konstitusiyası ilə yalnız Azərbaycan suveren müttəfiq respublika statusunu almadı, həmçinin Azərbaycan tarixində 1991-ci ilə kimi davam edən III Respublika dövrü başlanıldı. 1920-ci ildən bəri “Azərbaycan Sosialist Şura Cümhuriyyəti” olan dövlətin rəsmi adı 1936-cı ildə “Azərbaycan Sovet Sosialist Respublikası”na doğru dəyişdirildi. Bu məsələni 1937-ci ildə qəbul edilən yeni Azərbaycan SSR konstitusiyasında da müşahidə etmək olar (Азәрбајҹан ССР Конститусијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 174.)

Azərbaycan Respublikasının hüquqi dövlət kimi formalaşmasının başa çatması

67 il yarımmüstəqil dövlət olan Azərbaycan SSR 1989-cu il sentyabrın 23-də suveren hüquqlarını bərpa edir. Bununla da 67 il yarımmüstəqil dövlət olan Azərbaycan SSR faktiki müstəqil respublikaya çevrildi. (http://ensiklopediya.gov.az/az/terms/9094/cild/14?s=09)

1991-ci ilin martın 17-də Azərbaycan SSR yeni qurulacaq Suveren Respublikalar İttifaqına daxil olmaq üçün referendum təşkil edir. Əhalinin müsbət qərarından (referendum_rezultat-1.pdf) sonra iyunun 24-də Azərbaycan Suveren Respublikalar İttifaqı haqqında müqaviləni təsdiqləmək (https://e-qanun.az/framework/6564) üçün nümayəndə heyətini təşkil edir. Lakin həmin ilin avqustun 21-də Moskvada baş verən hərbi çevrilişdən sonra SRİ layihəsi qüvvədən düşür.  Moskvadakı hərbi çevrilişdən 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyanatı qəbul edilir (https://e-qanun.az/framework/6592).

1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilir (https://e-qanun.az/framework/6693)

Azərbaycan 1991-ci ilin dekabrın 21-də “Alma – Ata deklarasiyası”na qoşularaq SSRİ-nin faktiki məhvini hüquqi formaya salan sənədi təsdiqləyir. (https://cis.minsk.by/reestrv2/doc/4#text). Yalnız bundan sonra 1991-ci il oktyabrın 18-də qəbul edilən Aktının legitimliyini formalaşdırmaq üçün dekabrın 29-da referendum keçirilir. Həmin referendumda əhalinin 99, 6 faizi Azərbaycanın müstəqilliyinin lehinə səs verir (Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357).

Bununla da Azərbaycanın müstəqil respublika kimi formalaşdırılmasının hüquqi prosedurları yekunlaşdı. 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin bir parçası olsa da “de-yure” dövlət kimi  Rusiya və Antanta dövlətləri tərəfindən heç vaxt tanınmamışdır. (Əliyev, Z. (2018). İrəvan 100: s. 67). Azərbaycan Respublikası yalnız tarixi varislik baxımından I Respublikanın varisi, hüquqi baxımdan isə Azərbaycan SSR-in varisidir. Azərbaycan Respublikasının hüquqi baxımdan Azərbaycan SSR-in varisi olmasını 18 oktyabr 1991-ci ildə qəbul edilən Konstitusiya Aktında  göstərilən respublika ərazisində 1978-ci il Azərbaycan SSR konstitusiyasının qüvvədə qalması ilə bağlı 4-cü bəndində və dövlət sərhədlərimizin Azərbaycan SSR-in dövlət sərhədləri əsasında tanınmasında görmək olar.

ƏLİ NOVRUZOV


İstifadə olunan ədəbiyyat

Dubinski, Muxadze. (1979). Nərimanov.

Д.П. Гулиева. (1989). К истории образования Нагорно-Карабахской Автономной Области Азербайджанской ССР

Г. Караев. (1926). Из недавнего прошлого: материалы к истории азербайджанской коммунистической партии (б.

Протокол Соединенного Заседания Политического  И Огранизационного Бюро от 19 июля 1919 года (https://istmat.org/files/uploads/51059/rgaspi._f.17._op.3._d.15_l.1-3.pdf?fbclid=IwY2xjawF6W59leHRuA2FlbQIxMQABHRnm_2Au9JBhdzqp0wEfvplz3c2hGWvhaRIP5wuocUhdfH-Iq7lDbsQESw_aem_QCPzIfIGLWfquH1gCvHClg)

Конституция Азербайджанской Социалистической Советской Республики. 19 мая 1921 г.

(https://docs.historyrussia.org/ru/nodes/342265-konstitutsiya-azerbaydzhanskoy-sotsialisticheskoy-sovetskoy-respubliki-19-maya-1921-g)

Baberovski, (2021). Düşmən hər yerdədir Stalinizm Qafqazda

İ. Lenin, (1981), Əsərlərinin tam külliyatı, 41-ci cild

История государства и права Азербайджанской ССР (1920 – 1934 гг.) / Редкол.: Касумов З.М., Мильман А.Ш., Салимов И.Д., Халафов М.С. – Баку: Элм, 1973.

Подписаны декларация и договор об образовании СССР (https://www.prlib.ru/history/619858)

КОНСТИТУЦИЯ (ОСНОВНОЙ ЗАКОН) СОЮЗА СОВЕТСКИХ СОЦИАЛИСТИЧЕСКИХ РЕСПУБЛИК Утверждена Чрезвычайным VIII съездом Советов Союза ССР 5 декабря 1936 года (https://www.hist.msu.ru/ER/Etext/cnst1936.htm)

Азәрбајҹан ССР Конститусијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976.

“AZƏRBAYCAN SOVET SOSİALİST RESPUBLİKASININ SUVERENLİYİ HAQQINDA” AZƏRBAYCAN SSR-in KONSTİTUSİYA QANUNU (http://ensiklopediya.gov.az/az/terms/9094/cild/14?s=09)

Сообщение Центральной комиссии референдума СССР Об итогах референдума СССР, 17 март 1991 года (referendum_rezultat-1.pdf)

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Suveren Dövlətlər İttifaqı haqqında Müqavilə layihəsinin müzakirə edilməsinin yekunları barəsində AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARI (https://e-qanun.az/framework/6564)

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə barəsində AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI(https://e-qanun.az/framework/6592)

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında KONSTİTUSİYA AKTI (https://e-qanun.az/framework/6693)

АЛМА-АТИНСКАЯ ДЕКЛАРАЦИЯ 9(https://cis.minsk.by/reestrv2/doc/4#text)

Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I.

Əliyev, Z. (2018). İrəvan 100

(Mənbə -azeripress.az)