
Azərbaycan ŞC rəhbərliyinin Naxçıvan uğrunda mübarizəsi
Ermənistanda Şura hakimiyyətinin qurulmasına ilk cəhd 1920-ci ilin may ayında olmuşdur. Həmin vaxt Aleksandropolda (Gümrü) bir qrup erməni bolşevik üsyan qaldıraraq ölkədə sovet quruluşunu elan etmişdilər. Ancaq üsyan Daşnak hökuməti tərəfindən amansızlıqla yatırıldı. Üsyançıların bəziləri edam edildi, qalanları isə Bakıya qaçdı.
1920-ci il noyabrın 22-də Azərbaycan Şura Cümhuriyyətinin paytaxtı Bakıda Rusiya Kommunist partiyasının Qafqaz Bürosu və Azərbaycan ŞC Xarici İşlər Komissarlığının ortaq əməliyyat planı nəticəsində daşnaklardan qaçıb Azərbaycan hökumətindən sığınacaq alan erməni kommunistlərdən ibarət Ermənistan İnqilab Komitəsi quruldu. (H. Demirci, “Ermenistanın bolşevikleştirilmesi sürecinde türk-ermeni ilişkilerine bir bakış” (1920-1921), 2015 s.25).
Ermənistan Revkomunun üzvləri 1920-ci il noyabrın 29-da Azərbaycan Qırmızı Ordusunun müşayiəti ilə Ağstafadan İcevana (o vaxtkı Karvansara) doğru hərəkətə başladılar. AQO-u və XI Qırmızı Ordunun İrəvana doğru hərbi əməliyyatlara başlaması ilə paralel şəkildə İcevanda erməni kommunistləri üsyan qaldırıb ölkədə Şura hakimiyyətinin qurulduğunu elan etdilər. İcevanda başladılan qiyam, AQO-u ilə XI Qırmızı Ordunun İrəvan şəhərinə yaxınlaşması nəticəsində noyabrın 30-da Rusiya SFSR-in rəsmisi Boris Leqran Ermənistan hökumətinə ultimatum verərək hökumətin dərhal bolşeviklərə verilməsini tələb etdi. Elə həmin gün Bakıda Orconikidzenin iştirakı ilə Azərbaycan Siyasi Bürosunun iclası keçirildi. 30 noyabr 1920-ci il tarixində keçirilən iclasda Nəriman Nərimanova Azərbaycan ŞC-in Zəngəzura və Naxçıvana olan iddialarına əl çəkdiyini və Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququnun verildiyini bildirməsi ilə bağlı bəyannamə hazırlaması tapşırıldı (İ. E Atnur, “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)”, 2001 s. 408).
1 Dekabr 1920-ci ildə Ermənistanın Şura hakimiyyətinin qələbəsinə həsr olunmuş Bakı Şurasının təntənəli iclasında Nərimanov tərəfindən elan edilmiş Azərbaycan İnqilab Komitəsinin bəyannaməsində deyilirdi: “Şura Azərbaycanı Ermənistan və Zəngəzurdakı kommunist yoldaşlarımızın günahsız qanını tökən daşnakların hakimiyyətinə qarşı vuruşan erməni zəhmətkeşlərinin mübarizəsini alqışlayaraq bəyan edir ki, bundan sonra heç bir ərazi məsələsi ermənilərin və müsəlmanların qarşılıqlı qan tökməsinə səbəb ola bilməz.“ (И. Шукюров, “Конфликт в Нагорном Карабахе: сборник статей”, 1990 s.13). Nərimanov və Xarici işlər komissarı Mirzə Davud Hüseynov tərəfindən imzalanan ikinci bir bəyannamə mübahisəli ərazilərin Ermənistana verilməsi ilə bağlı idi: “Bu gündən etibarən Ermənistan və Azərbaycan arasındakı sərhəd mübahisələri həll olundu. Zəngəzur və Naxçıvan Ermənistan Sovet Respublikasının bir hissəsidir, Dağlıq Qarabağ ermənilərinə isə öz müqəddəratlarını təyin etmək haqqı tanınır.” (H. Kruger “The Nagorno-Karabakh Conflict,: A Legal Analysis”, 2010 s.15).
Orconikidze Ermənistana təklif olunan ərazilər barədə danışarkən bu əraziləri çılpaq dağlar və bataqlıqları xəstəliklə dolu, “heç bir dəyəri olmayan yerlər” adlandırdı. Onun fikrincə, bu ərazilər Şura Azərbaycanına bir yük idi və önəmli olan Şura xalqlarının birliyini simvollaşdıran qırmızı bayraqdı. 1920-ci il dekabrın 2-də Orconikidze, Lenin və Stalinə Azərbaycanın Qarabağı, Zəngəzuru və Naxçıvanı Şura Ermənistanına verdiyini bildirdi. Dekabrın 4-də Stalin “Pravda” qəzetində Azərbaycanın mübahisəli ərazilərdən imtina etdiyini rəsmən təsdiqlədi. Yazıda deyilirdi: “Şura Azərbaycanı mübahisəli ərazilərdən rəsmən imtina etdi. Ermənistanla, müsəlman qonşusu Azərbaycan arasındakı əsrlik münaqişə tək bir həmlə ilə həll edildi.” ( Ohannes Geukjian “Ethnicity, Nationalism and Conflict in the South Caucasus: Nagorno-Karabakh and the Legacy of Soviet Nationalities Policy”, 2012 s.69). Bəyanatın məzmununun saxtalaşdırılması Nəriman Nərimanovun özünün ciddi etirazına səbəb olmuşdu. O, 1921-ci ilin iyununda Tiflisdə səfərdə olan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova tapşırmışdı ki, onun Dağlıq Qarabağ barədə aşağıdakı fikrini Qafqaz Bürosuna çatdırsın:
“Əgər mənim bəyanatıma istinad edirlərsə orada sözbəsöz belə deyilmişdir. Dağlıq Qarabağ Ermənilərinə öz müqəddəratını təyin etmək hüququ verilir”. (C.Həsənli “Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939)”, 2012. s.184).
Sual olunur görəsən Nərimanovun bu bəyatının həqiqətən hüquqi qüvvəsi var idimi?
Həm 30 noyabrda qəbul edilən, həm də Nərimanovun 1 dekabrda səsləndirdiyi məlum bəyanat Ermənistanın şuralaşdırılmasını asanlaşdırmaq üçün təbliğat hiyləsindən başqa bir şey deyildi. Yəni Azərbaycan və rus bolşevikləri erməni millətçilərini şirnikləndirib hakimiyyəti asanca erməni bolşeviklərinə təhvil vermələri üçün daşnaklara kələk gəlmişdilər. Azərbaycan hökuməti də bu bəyanatdan imtina edərək Qarabağ, Zəngəzur və Naxçıvan üzərində hüquqlarını yenidən bərqərar etdi. (Ohannes Geukjian “Ethnicity, Nationalism and Conflict in the South Caucasus: Nagorno-Karabakh and the Legacy of Soviet Nationalities Policy”, 2012 s.70). 1 dekabr bəyatının təbliğat hiyləsi olduğunu erməni tarixçi Arsen Saparov da təsdiq edir (A, Saparov “From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh”, 2014 s.75 ). Saparov bu məsələni belə şərh edir:
“Qafqaz Bürosunun bolşevik liderləri (xüsusən də Serqo Orconikidze) Erməni İnqilab komitəsinin daşnak meylli bolşeviklərdən təşkil olunduğunu və bunun Qafqaz üçün təhlükə olduğunu görürdü. Məhz bu kontekstdə Ermənistanın şuralaşması ərəfəsində Ermənistanla Azərbaycan arasında bəyannamə mübadiləsi ilə ola biləcək üsyanların qarşısını almağı düşünürdü” (A, Saparov “From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh”, 2014 s.102). Osmanlı ATAŞE arxivində saxlanılan bir sənəddə də məlum bəyanatın təbliğat hiyləsi olduğunu müşahidə etmək olar:
“Daşnakların illərdə vuruşaraq ala bilmədiyi Naxçıvan və qismən nəzarət edə bildikləri Zəngəzur Ermənistana hədiyyə ediləcəkdi. Nəticədə müharibə ilə alına bilməyən ərazilər, qələmlə hədiyyə edilərək daşnaklar nüfuzdan salınacaq, əhalinin yeni Şura hakimiyyətinə uyğunlaşması təmin ediləcəkdi”. (İ. E Atnur, “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)”, 2001: s. 407)
Bəyanatın qəbul edilməsindən sonra Naxçıvan əhalisi yalnız Azərbaycana birləşmək istəyirdi. Naxçıvanın Ermənistana verilməsi xəbəri Naxçıvan əhalisinin kütləvi etiraz və çıxışları ilə yadda qaldı. Naxçıvan diyarının Ermənistana verilməsi xəbəri elan olunduqdan sonra regionda türklərin də dəstəyi ilə kütləvi etiraz nümayişləri başladı. Çıxışları türk zabit Veysel Ünüvarın rəhbərlik etdiyi türk dəstələri təşkil edirdi. Bu çıxışlarla bağlı məlumat alan Azrevkom üzvü Behbud Şahtaxtinski 15 dekabr 1920-ci ildə Naxçıvana gəlir. Şahtaxtinski burada Azrevkomun Naxçıvanı Sovet Ermənistana verməsi barədə qərarını açıqlayır. O, bu qərarı bildirərkən ehtiyatsız bir ifadə işlədir: “Azərbaycan sizi satdı, mən Bakıda olsaydım buna icazə verməzdim”. Daha sonra kütləyə tərəf dönərək deyir: “Azrevkom üzvü olaraq bu gün mən yoldaş Vəlibəyovu da götürüb burdan gedirəm. Bu qərarın verilməsində nə mənim, nə də Vəlibəyovun heç bir rolu yoxdur. İndi sizin yeganə qurtuluşunuz türklərdir. Onlardan bərk yapışın” (А. А Саркисян, “Из истории деарменизации Нахичеванского края (1920–1921 гг.)”, 1990: s.80-81). Lakin Şahtahtinskinin bu çıxışının təbliğat hiyləsi olduğunu Naxçıvandakı bolşeviklər və yerli camaat, həmçinin Ermənistanın bolşevik rəhbərliyi hələ də dərk etmirdilər. Bəyanatın verildiyi gün erməni kommunisti Nazaretyan “Əhsən azərbaycanlılar! Mən sabahdan mətbuatda ucadan danışmağa başlayacağam!” deyə öz sevincini bildirmişdi.
Naxçıvanın Ermənistana verilməsi qərarı elan edilsə də, ərazi faktiki TBMM ordusu tərəfindən idarə edilirdi. Şura diplomatlarının (azərbaycanlı və erməni bolşeviklərin – red. Əli Novruzov) belə Naxçıvana giriş və çıxışı sərhəddəki türk dəstələri tərəfindən yoxlanılırdı. Naxçıvan məsələsində türk nümayəndə heyəti əhalinin istəyi ilə Naxçıvanın onlarda qalacağını düşünürdü (А. Саркисян “Из истории деарменизации Нахичеванского края (1920–1921 гг.)”, 1990 s.88). Naxçıvan əhalisi isə Behbud Şahtahtinski və Vəlibəyovun iştirakı ilə təşkil etdikləri mitinqdə Naxçıvanın Ermənistana verilməsi deyil, müstəqil Şura Cümhuriyyəti kimi Azərbaycanın himayəsinə keçməsini istəyirdilər (İ. E Atnur “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)”, 2001 s. 409). Maraqlıdır ki, Naxçıvanın Ermənistana verilməsi ilə bağlı bəyanatdan 25 gün sonra - 26 dekabr 1920-ci ildə Vəlibəyov tərəfindən Naxçıvana öz müqəddəratını təyin etmə hüququnun verildiyi bildirildi. Ancaq elə həmin gün Ermənistan Revkom-u 1920-ci il dekabrın 26-da Naxçıvan haqqında geniş bəyanat verərək bu ərazinin könüllü surətdə Ermənistana birləşdiyini elan edir. Lakin cəmi iki gün sonra — dekabrın 28-də Naxçıvan barədə özünün ikinci bəyanatında Ermənistan Revkomu Naxçıvanı müstəqil Şura Cümhuriyyəti kimi tanıdı və Naxçıvan ərazisində yaşayan azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu təsdiqlədi (İ. E. Atnur “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)”, 2001: s.102). Ancaq Nərimanovun 1 dekabr bəyanatı kimi Ermənistan Revkomunun Naxçıvanla bağlı 28 dekabr 1920-ci il tarixli bəyanatı da təbliğat xarakterli idi. Azərbaycan Şura hökuməti kimi Ermənistanın Şura hökumətinin də Naxçıvan və Zəngəzurdan əl çəkmək niyyəti yox idi. Bunu erməni tarixçisi Arsen Saparov belə şərh edirdi:
“Bu bəyanatların səmimiliyi şübhə doğurur; onlar ilk növbədə təbliğat hərəkətləri kimi nəzərdə tutulmuşdu. Ermənilərin Naxçıvandakı iddialarından könüllü imtina etməyəcəkləri kimi, Nərimanovun da bu mübahisəli ərazilərə dair iddialarından əl çəkmək niyyətində olmadığına şübhə yoxdur. Bu bəyannamələr, ilk növbədə Azərbaycan və Ermənistan liderlərinin hər hansı həqiqi niyyətindən çox, Qafqaz börosunun bolşevik nəzarətini təmin etmək üçün siyasi ehtiyaclarını əks etdirirdi”. (A. Saparov “From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh”, 2014 s.102).
Son nəticədə Ermənistan Revkomunun 28 dekabr tarixli bəyanatının Leninin təzyiqi ilə verildiyi güman edilir. Lenin bu barədə belə deyirdi: “Azrevkomun Naxçıvanın Ermənistana “qardaşlıq” missiyası kimi vermək təklifi alqışlanmalıdır. Lakin bu məsələdə xalqın istəyi əsasdır. Ermənistandakı Şura hakimiyyəti xalqın iradəsini əks etdirir. Bu səbəblə zəhmətkeş Naxçıvan əhalisi də xalqların müqəddərat haqqından istifadə edərək öz taleyini özü seçməlidir” (Гараш Мадатов “Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР”, 1969: s.95).
1921-ci ilin əvvəllərində keçirilən referendumla Naxçıvan əhalisinin 90 faizindən çoxu “muxtar respublika hüquqları ilə” Azərbaycana daxil olmaq istədiklərini bildirdi (Audrey Altstadt “The Azerbaijani Turks. Power and Identity under Russian Rule”, 1992: s.119).
Ermənistanın Şura hökuməti rəhbərliyinin 28 dekabr 1920-ci ildə Naxçıvana öz müqəddəratını təyin etmə hüququnu verməsi Leninin təzyiqi ilə əlaqələndirilsə də 2 dekabr 1920-ci ildə TBMM ilə Daşnak Ermənistanı arasında imzalanan Aleksandropol (Gümrü) sazişinə görə Naxçıvan Türkiyənin himayəsinə keçmişdi. Müqaviləyə görə Şahtaxtı və Şərur rayonlarında plebissit keçirilənə qədər Naxçıvanda Türkiyənin himayəsi altında idarəetmə formasını və sərhədlərini müəyyənləşdirən yerli özünüidarəetmə yaradılırdı və Ermənistan ona qarışa bilməzdi (H. Həsənov “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti”, 2005: s.101). Son olaraq 1921-ci il martın 16-da Moskvada və 13 oktyabrda Qars həyata keçən müqavilələr nəticəsində Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət hüququ verildi. (Sərlövhə, “Gümrü, Moskva və Qars müqavilələri”, 2004: s. 26-27; 79-80). Beləliklə Naxçıvanı Azərbaycandan qoparmaq mümkün olmadı.
Əli Novruzov
İstifadə olunan ədəbiyyat
Azərbaycan dilində
C.Həsənli “Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939)”, 2012
H. Həsənov “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti”, 2005
Sərlövhə, “Gümrü, Moskva və Qars müqavilələri”, 2004
Türk dilində
H. Demirci, “Ermenistanın bolşevikleştirilmesi sürecinde türk-ermeni ilişkilerine bir bakış” (1920-1921), 2015
İ. E Atnur, “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)”, 2001
Rus dilində
И. Шукюров, “Конфликт в Нагорном Карабахе: сборник статей”, 1990
А. А Саркисян, “Из истории деарменизации Нахичеванского края (1920–1921 гг.)”, 1990
Гараш Мадатов “Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР”, 1969
İngilis dilində
H. Kruger “The Nagorno-Karabakh Conflict,: A Legal Analysis”, 2010
Ohannes Geukjian “Ethnicity, Nationalism and Conflict in the South Caucasus: Nagorno-Karabakh and the Legacy of Soviet Nationalities Policy”, 2012
A, Saparov “From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh”, 2014
Audrey Altstadt “The Azerbaijani Turks. Power and Identity under Russian Rule”, 1992