Artıq hamıya məlumdur ki, Ukrayna müharibəsində Rusiya qalib gəlib. Buna görə ABŞ faktiki olaraq müharibədən çıxıb. ABŞ-sız isə Aİ müharibənin gedişində dəyişiklik etmək iqtidarında deyil. Sual yaranır: niyə Aİ Ukraynada müharibənin bitməsini istəmir? Axı onsuz da Ukrayna itirilmiş ərazilərini qaytara bilməyəcək, əksinə, bundan sonra daha çox insan itkisi verəcək və daha çox ərazi itirəcək.

Kapitalist sərmayəsinin batacağını bildiyi layihəyə pul qoyarmı? Amma Aİ Ukrayna layihəsinə pul qoyur. Düzdür, getdikcə sərmayə azalır, lakin dayandırmır axı, hətta Ukraynaya "yağlı" vədlər də verir.

Aşağıda sizə bu suala öz cavab versiyamı təqdim edirəm.

Eurostat-ın məlumatına görə hazırda Avropada qaçqın statusu ilə 4,3 milyon ukraynalı yaşayır. Onların 45%-i qadın, 32%-i uşaq, 23%-i kişidir. Kişilərin əksəriyyəti qocalar və tələbələrdir. Əslində Ukraynadan Avropaya qaçanlar daha çoxdur, sadəcə, onlar ya müxtəlif səbəblərdən qaçqın statusu almayıblar (və ya verilməyib), ya da artıq həmin ölkələrdə vətəndaşlıq alıblar.

İndi düşünək: Ukraynada müharibə dayanarsa, nə baş verər?

1. Bir milyondan çox hərbçi və ya hərbiləşdirilmiş qurumların işçiləri tərxis olunacaq.

2. Məğlubiyyət və ölkə ərazisinin xeyli hissəsinin itirilməsi ilə əlaqədar nifrət formalaşacaq:

-əhalinin hakimiyyətə (korrupsiyalaşdığına, müharibənin başlanmasına imkan verdiyinə və ya başlanandan 1,5 ay sonra İstanbul sülh müqaviləsini rədd etdiyinə görə);

-əhalinin Qərbə (Ukraynanı gözlənilən həddə müdafiə etmədiyinə, ona xəyanət etdiyinə görə);

- əhalinin hərbi komissarlıq işçilərinə (övladları, qardaşları, atalarını, özlərini zorla müharibəyə apardıqlarına və müharibədə həyatlarını və ya sağlamlıqlarını itirdiklərinə görə);

- döyüşənlər müharibədən gizlənənlərə (“sizə görə biz qan tökmüşük!”);

- şikəst olanlar hamıya (“mən nəyə görə sağlamlığımı qurban verdim?”);

- ukraindillilər rusdillilərə (işğalçının dilində danışdıqlarına görə) və rusdillilər ukraindillilərə (“hər şey sizin sayənizdə oldu!”);

- kasıblar varlılara (“sizin uşaqlar kef elədi, bizimkilər canından-qanından keçdi”) və s.

3. Qərb dağılmış Ukrayna iqtisadiyyatına investisiya qoymayacaq (Avropanın pulu və Ukraynanın perspektivi yoxdur) deyə ölkədə ciddi işsizlik olacaq.

4. Müharibə dövründə yüksək maaş alan keçmiş hərbçilər ya işsiz qaldıqlarına görə heç nə almayacaq, ya da iş taparsa, çox aşağı maaş alacaqlar.

5. Yüz minlərlə əlil yaşayış minimumundan da aşağı müavinət alacaq (ala bilərsə).

Bir sözlə, həm müharibənin nəticələri, həm də müharibədən sonrakı dözülməz həyat Ukraynada inqilabi mühit yaradacaq. Müharibədən çıxmış əhalinin əlində isə saysız-hesabsız silah olacaq. Nəzərə alaq ki, müharibənin ilk günlərində hakimiyyət özü əhaliyə heç bir uçot aparmadan 5 milyon avtomat və qumbaraatan paylamışdı. Nifrətlə yüklənmiş, 3 illik müharibədə psixikası pozulmuş və adam öldürməyə alışmış silahlı əhali öz vəziyyəti ilə barışacaqmı?

Deməli, Ukraynada xaos labüddür. Banditizm, reket, silahlı basqınlar, pul müqabilində adam oğurluğu adi hala çevriləcək. Döyüşməyi və öldürməyi peşəkarcasına bacaran, başqa bir şey bacarmayan adamlardan ibarət çoxsaylı qanunsuz silahlı dəstələr yaranacaq. Az-çox gəlir gətirən biznes obyektlərinə nəzarət uğrunda onlar arasında qanlı toqquşmalar baş verəcək. Hakimiyyət onlarla bacarmayacaq.

Ukraynanın gələcəyi olmadığı üçün xaricdəki qaçqın ukraynalılar Ukraynaya qayıtmayacaqlar. Müharibə bitdiyi üçün ölkəni tərk etmək qadağası götürüləcək. Avropa ölkələri müharibədən qayıtmış və gizlənmiş ukrainlərin xaricdəki ailələri ilə qovuşmasına mane ola bilməz. Ölkədəki ağır və kriminal vəziyyətdən can qurtarmaq üçün hamı xaricə qaçmağa çalışacaq...

Avropanın qorxduğu da budur. Ukrainlər Avropaya özləri ilə silahlarını (necəsə) və onlara qarşı nifrətlərini də gətirəcəklər. Bu Avropada peşəkar killerlərin, kriminal hadisələrin kəskin artmasına səbəb olacaq. Avropada isə polis heç silahsız miqrantlarla bacara bilmir. Avropa odun-alovun içindən çıxmış milyonlarla ukraynalı ilə nə edəcək?!

Buna görə də Avropaya lazımdır ki, Ukraynada müharibə dayanmasın. Bu halda ölkədə hərbi vəziyyət qüvvədə olur deyə sərhədlər bağlı qalır. Müharibə nə qədər uzanarsa, bir o qədər ukraynalı qırılır və Avropanın potensial kriminaliteti azalır.

Müharibə dayandırılsa da Avropanın marağındadır ki, məsələ kökündən həll edilməsin: sülh yox, atəşkəs müqaviləsi bağlansın. Çünki sülh olsa, Ukrayna tərksilah olacaq və sərhədlər açılacaq. Atəşkəs olsa, Ukraynada hərbi vəziyyət qalacaq, Ukrayna ordusu saxlanılacaq və kişilər xaricə buraxılmayacaqlar.

ABŞ-ın isə Avropa qədər qorxusu yoxdur. Əvvəla, ABŞ okeanın o tayındadır. İkincisi, ABŞ artıq miqrantları, hətta ukraynalıları da qəbul etmir.

Bəli, siyasət səhnəsində etika yoxdur, yalnız maraqlar var.

Nəhayət son sual: Bunları bilirdisə, niyə Kollektiv Qərb Ukraynada müharibənin başlanmasına imkan verdi?

Məsələ burasındadır ki, Kollektiv Qərb birgə səylə Rusiyaya qalıb gələcəyini düşünürdü. Bu halda qalib ukraynalılar nifrət yox, sevinclə yüklənəcək, Avropaya sevgi ilə baxacaq, həmçinin müharibədən qayıdanlar Rusiyadan alınan reparasiyalar əsasında ölkədə aparılacaq böyük quruculuq işlərində çalışacaq və Avropa üçün problem yaratmayacaqdılar.

Necə deyərlər: Allahı güldürmək istəyirsənsə, ona planlarından danış.

Asif Şəfəqqətov