
18 fevralda Ər-Riyadda (S.Ərəbistanı) keçirilən ABŞ-Rusiya danışıqlarında ABŞ tərəfinə vitse-prezident J.D.Vens başçılıq etmişdi. Vens suverenistlər cərəyanına aiddir. Bu danışıqların nəticələri qlobalistlər tərəfindən kəskin tənqid edildi.
11 martda Ciddədə (S.Ərəbistanı) keçirilən ABŞ-Rusiya danışıqlarında ABŞ tərəfinə dövlət katibi M.Rubio başçılıq edirdi. Rubio Tramp komandasında sayı az olan neokonservatorlar (qlobalistlər) cərəyanına aiddir. Bu danışıqların nəticələri, demək olar ki, bütün qlobalistlər tərəfindən təqdir edildi. Trampın danışıqlar komandasına niyə Rubionu təyin etməsi hələ ki cavabsız sualdır.
ABŞ-ın ilkin planına görə Ciddə danışıqlarında Rusiya nümayəndələri də iştirak etməli idi (bu haqda ABŞ mətbuatı yazmışdı). Rusiyanın niyə bu danışıqlarda iştirak etməməsi dəqiq məlum olmasa da müəyyən ehtimallar irəli sürmək olar:
Bu halda Rusiya və Ukrayna münaqişə tərəfləri, ABŞ isə tərəflər arasında moderator rolunda görünəcəkdi. Rusiya isə Ukraynanı tərəf saymır, Rusiya üçün tərəf ABŞ-dır. Ukrayna məsələsi ABŞ-Rusiya danışıqlarının bir elementi ola bilər.
ABŞ-ın təklif etdiyi danışıqlar formatı 18 fevral razılaşmasına zidd idi, faktiki Trampın qlobalistlərin xeyrinə geri çəkilməsi idi.
ABŞ nümayəndə heyətinə Rubionun başçılıq etməsi Rusiya üçün qəbuledilməz ola bilərdi.
Çox güman ki, danışıqlarda qəbul ediləcək sənədin (Atəşkəs razılaşması) ilkin versiyası ABŞ tərəfindən Rusiyaya da göndərilmişdi və Rusiya onunla qəti razı deyildi. Böyük ehtimalla narazılığını diplomatik kanallarla bildirmiş, lakin gözlədiyi cavabı almamışdı.
Ciddə danışıqları başa çatdı. Qəbul edilmiş sənədin müddəaları elan edildi. Sənəd sanki qlobalistlər tərəfindən hazırlanmışdı. Orada elə şərtlər yazılmışdı ki, Rusiya onları:
- qəbul etsəydi, bu Putinin geri çəkilməsi sayılacaq və Rusiyada haqlı olaraq böyük narazılığa səbəb olacaqdı, Ukrayna isə bundan daha da güclənmək üçün vaxt qazanacaqdı.
- qəbul etməsəydi, bu Putinin sülh istəməməsi, danışıq qabiliyyətli olmaması, Trampın təklifinə imtina kimi təqdim ediləcək və Trampla Putin arasında "isti" münasibət "soyudulacaqdı".
Qlobalistlər ümid edirdilər ki, Putin bu sənədə imtina edəcək. Trampın narsist, özünəvurğun xasiyyətini nəzərə alaraq, düşünürdülər ki, Putinin imtinası Trampın qəzəbinə səbəb olacaq və bu onun Ukrayna müharibəsində mövqeyni dəyişəcək– o, seçki kampaniyası vaxtı dediyi kimi Ukraynanı daha da çox silahlandıracaq.
Qlobalistlər yalnız ümidə arxalana bilməzdilər. Onlar ümidin gerçəyə çevrilməsi üçün də çox şey etdilər.
- Martın 10-dan 11-nə keçən gecə Ukrayna Rusiyaya, o cümlədən Moskvaya ən böyük dron hücumu etdi (337 dron).
-Danışıqlardan dərhal sonra Rubio bəyan etdi ki, Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının ötürülməsi bərpa edilir.
- Fransa prezidenti E.Makron və Britaniya XİN-i D.Lammi ultimativ şəkildə bəyan etdilər ki, Putin Ciddə razılaşmasını qəbul etməlidir.
- Bir çox ABŞ rəsmiləri atəşkəs şərtlərini qəbul etməzsə, Rusiyaya qarşı maliyyə sanksiyaları tətbiq ediləcəyi barədə bəyanatlar verdilər.
-12 martda Ukrayna Ali Radasına orta məktəblərdə dərs və tənəffüs zamanı rus dilində danışmağın qadağan edilməsi barədə qanun layihəsi çıxarıldı.
- Bütün qlobalistlər atəşkəs şərtlərini müdafiə etdilər, bunu Ukrayna diplomatiyasının uğuru saydılar (hərçənd oxşar şərtlər əvvəlcədən Britaniya tərəfindən hazırlanmış və mətbuatda danışıqlardan 4-5 gün əvvəl dərc olunmuşdu) və s.
Bütün bunlar elə bir fon yaradırdı ki, Putin istəsəydi də həmin sənədi qəbul edə bilməzdi, çünki bu Rusiya əhalisinin qəzəbinə səbəb olardı. Məntiqlə Putin də qəzəblənib, sənədi rədd etməli idi.
Rusiya qlobalistlərin, Ukraynanın və Trampın əlində olan yeganə "kartı" vurmaq üçün Ciddə görüşü qabağı Kurskun azad edilməsi əməliyyatına başladı və 11 martadək Kursk məsələsi Rusiyanın "kart"ına çevrildi. Çünki Kurskda minlərlə ukrain əsgəri mühasirəyə düşmüşdü. Mariupoldan sonra bu qədər Ukrayna əsgəri mühasirəyə düşməmişdi.
Rusiya rəsmiləri sənədə dərhal reaksiya vermədilər və danışıqların detalları barədə məlumatları gözlədiklərini bildirdilər. Danışıqlardan sonra Trampın Rusiya üzrə xüsusi nümayəndəsi Stiv Uitkof Rusiyaya uçmalı və Putinlə şəxsən görüşməli idi. Bu görüşdən əvvəl Rusiyaya danışıqların ictimaiyyətə açıq və gizli olan protokolları göndərildi.
Yəqin ki, protokollarla tanış olduqdan sonra Rusiya mövqeyini müəyyənləşdirdi. Artıq 12 martın 2-ci yarısında Rusiyanın Britaniyadakı səfiri, sonra XİN-i S.Lavrov, daha sonra Putinin köməkçisi, Ər-Riyad danışıqlarının iştirakçısı Y.Uşakov sənədlə bağlı iradlarını bildirdilər. Lakin hamı Putinin necə reaksiya verəcəyini gözləyirdi.
Həmin günün axşamı Putin gözlənilmədən Kurs vilayətinə hərbi qərargahlardan birinə gəldi. Putin 3 illik müharibə zamanı ilk dəfə hərbi forma geyinmişdi. Bu geyimin özü deyirdi ki, Rusiya atəşkəs şərtləri ilə razı deyil. Putin qərargahdakı çıxışında Ciddə sənədinə toxunmadı, lakin onun verdiyi tapşırıqlar və mesajlar həmin sənədin ziddinə idi. O qeyd etdi ki, Kurska müdaxilə edən silahlılar terrorçulardır: müqavimət göstərənlər məhv ediləcək, təslim olanlar hərbi əsir yox, cinayətkar sayılacaq və məhkum ediləcəklər; xarici muzdlulara müharibə qanunları şamil edilmir və onlar məhv ediləcəklər. Bəzi məlumatlara görə Putin bu sözləri boş yerə deməyib: Kursk mühasirəsində çoxsaylı xarici, o cümlədən amerikalı muzdlular (hətta zabitlər) var.
Aydındır ki, günü və saatı razılaşdırmadan Uitkof Putinlə görüşə bilməzdi. Rusiya protokolları araşdırdıqdan və ona necə cavab verəcəyini müəyyənləşdirdikdən sonra Uitkofu Moskvaya dəvət etdi. Uitkofun təyyarəsi 13 martda gündüz vaxtı Moskvaya endi və təyyarədən düşən Uitkof ABŞ səfirliyinə gedərək, Putinlə görüşə dəvət ediləcəyini gözləməyə başladı. O, Moskvada 12 saat qaldı, lakin bu vaxtın 8 saatını səfirlikdə Putinlə görüşü gözləməyə məcbur oldu. Niyə?
Gözlənilmədən məlum oldu ki, 13 martda Lukaşenko ilə Putinin rəsmi görüşü olmalıdır və Putin Uitkofu Lukaşenko ilə görüşdən sonra qəbul edəcək. Görüş başa çatdı, Uitkof çağırılmadı. Sonra birgə brifinq oldu və başa çatdı, Uitkof çağırılmadı. Sonra Lukaşenko ilə rəsmi şam yeməyi oldu, şam yeməyi saatlarla uzandı, hətta şam yeməyinin uzanmasını əsaslandırmaq üçün internetdə menyunu və onun neçə dəfə (deyəsən, 7 dəfə idi) dəyişdirilməsi haqda məlumat yerləşdirildi.
Brifinq zamanı Putin atəşkəs sənədinə münasibətini bildirdi. Putinin münasibəti haqda oxumusunuz deyə onun haqqında yazmıram. Mahiyyəti bu idi ki, biz atəşkəsə nail olunması üzrə Trampın səylərini yüksək qiymətləndiririk, onunla razıyıq, lakin müəyyən şərtlərimiz nəzərə alınmalıdır. Putinin cavabı çox ustalıqla hazırlanmışdı– yuxarıda qeyd etdiyim kimi, Rusiya sənədi qəbul etsəydi də, etməsəydi də diplomatik "tələ"yə düşəcəkdi, buna görə də onun cavabı nə "hə" oldu, nə də "yox". Bu ictimaiyyət üçün açıq olan cavab idi. İctimaiyyət üçün gizli olan cavab isə yazılı şəkildə Uitkofa bildirilməli idi.
Əlqərəz, 8 saatdan sonra, demək olar ki, gecə yarısı Putin Uitkofu qəbul etdi. Görüşün nəticəsi barədə heç bir məlumat verilmədi. Görüşdən dərhal sonra Uitkof Moskvanı tərk etdi.
Rusiya bütün bu gedişlərlə nə demək istəyirdi:
- 11 fevralda Putin Uitkofu dərhal qəbul etmişdi. Bu dəfə isə onu qəsdən 8 saat gözlətdi. Yəni səni keçən dəfə xoş niyyətinə görə hörmətlə qarşıladıq. İndiki niyyətiniz isə əvvəlkinə uyğun deyil.
- Əvvəlcədən razılaşdırılmış görüşün 8 saat təxirə salınması ilə Putin deyir ki, ABŞ Rusiya ilə ultimativ dildə danışa bilməz və Rusiya ilə danışıqlarda eyni səviyyədə olduğunu qəbul etməlidir.
- Əvvəl Lukaşenkonu qəbul etməsi və Trampın şəxsi nümayəndəsinə görə hətta rəsmi şam yeməyini belə qısaltmaması ilə deyir ki, Rusiya üçün Belarusla münasibətlər ABŞ-la münasibətlərdən daha vacibdir.
- Brifinqdə Putin Trampı bir növ qlobalistlərin hücumundan xilas etdi: onsuz da Tramp Rusiyaya qarşı müharibədə iştirak etmək iqtidarında deyil, lakin onun təklifi rədd edilsəydi, "sərt oğlan" simasını itirəcəkdi. Buna görə də Trampın səylərini təriflədi, lakin sənədin üzərində işləmək lazım olduğunu qeyd etdi. Hərçənd sənədlə bağlı Putinin qeydləri Ukrayna və qlobalistlər tərəfindən heç cür qəbul edilə bilməz. Yəni indi qlobalistlər çıxılmaz vəziyyətə düşüblər.
-Rusiya Kurskda ukrain və xarici əsgərləri mühasirədə saxlamaqla Trampa qarşı daha bir "kart" əldə edib. Ondan istədiyi kimi istifadə edəcək və artıq edir də.
14 martda:
-Tramp NATO-nun baş katibi Mark Rütteni qəbul etdi. Görüşdən sonra Rütte bildirdi ki, Ukrayna NATO-nu yadından çıxartsın.
-Putin Venesuela prezidenti N.Maduro ilə videogörüş keçirtdi və bu zaman bildirdi ki, 2 ölkə arasında strateji tərəfdaşlıq haqqında müqavilə razılaşdırılıb və imzalanmaq üçün hazırdır. Xatırladıram ki, 27 fevralda Tramp Venesuelaya qarşı sanksiyaları bir az da sərtləşdirib.
-Tramp Putindən xahiş etdi ki, Kurskda mühasirəyə düşmüş hərbçilərə qarşı humanist davransın. Putin cavabında dedi ki, biz humanist davranmağa hazırıq, qoy Zelenski əmr versin ki, mühasirədəkilər təslim olsunlar. Zelenski isə Kurskda ukrainlərin mühasirədə olmadıqlarını bildirdi.
Başqa sözlə, Putin Trampa deyir ki, mən sənin xahişini yerinə yetirməyə hazıram, amma Zelenski buna imkan vermir. Zelenski isə belə bir əmr verə bilməz, çünki onun təbliğatı 7 gündür Kurskda ukrainlərin mühasirəyə düşdüyünü danır, bunu Rusiya təbliğatı adlandırır və ukrainlərin planlı şəkildə geri çəkildiyini bildirir. Əks halda minlərlə ukrain hərbçisinin vaxtında Kurskdan çıxarılmaması səbəbindən ölümə məhkum edilməsinə görə cavab verməli olacaq. Tramp isə mümkün amerikalı muzdluların Kurskda ölümünə görə Zelenskini günahlandırmalıdır...
Faktiki olaraq, Marko Rubio Trampı çox pis bir oyuna salıb. Mənə elə gəlir ki, Tramp bu uğursuzluğa görə Rubionu Ukrayna müharibəsi ilə bağlı danışıqlardan kənarlaşdıracaq və tezliklə özünü doğrultmazsa, ümumiyyətlə, onu ya vəzifəsindən çıxaracaq, ya da arabanın 5-ci təkəri kimi saxlayacaq.
Bax, belə bir diplomatik şahmat oyununu izləyirik.
Asif Şəfəqqətov