
Dünən I Liqanın XX turunda “Baku Sportinq” doğma divarlar arasında “Qəbələ”yə böyük hesabla uduzdu. Bununla da paytaxt təmsilçisi mükafatçılar sırasında düşmək üçün gedən yolda daha bir zərbə aldı. Qarşılaşma ilə bağlı Bakı klubunun üzvü Asim Əlizadə Globkom.info – a danışdı.
“Qəbələ” ilə matça yaxşı hazırlaşmışdıq. Məqsədimiz rəqibi məğlub etmək idi, amma alınmadı və böyük hesabla uduzduq. Yenilgiyə baxmayaraq pis mübarizə aparmadıq. Belə uduzmaq istəməzdik, amma artıq bu oyunu unutmalı, toparlanmalı və qarşıdakı oyunlara fokuslanmalıyıq. Çempionatın bitməsinə 7 tur qalıb, bu o deməkdir ki, hələ ilk “3-lük”də yer almaq şansımız var. Odur ki, 3-cü pilləyə iddiamızı davam etdirəcəyik. Məqsədimiz bürünc medalları təmin etməklə elitaya yüksəlməkdir və bunun üçün sona qədər döyüşəcəyik”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info