
I Liqanın XXIII turunda “Qaradağ Lökbatan” doğma meydanda “Difai Ağsu” ilə qarşılaşdı. Gərgin keçən görüşdə qəsəbə təmsilçisi hesabda geridə olmasına rəğmən oyunun gedişatında geridönüş edərək 3:1 hesablı qələbə qazandı. Globkom.info Forvard.az istinadən lökbatanlıların kapitanı Araz Abdullayevin müsahibəsini təqdim edir.
- Son oyunda “Difai Ağsu” üzərində əzmkar qələbə qazandız.Görüşlə bağlı təəssüratların maraqlıdır...
- Həmin qarşılaşmaya ciddi hazırlaşmağımıza baxmayaraq ilk dəqiqələrdə meydanda istədiyimiz oyuna sərgiləyə bilmədik və erkən qol buraxdıq. Amma ruhdan düşmədik, toparlandıq və matçda geridönüş edib qələbə qazanmağa nail olduq. Komandamız çox güc sərf etdi. Qarşıda bizi daha 4 ağır tur gözləyir, ona görə həmin görüşlərə də son dərəcə ciddi hazırlaşacağıq. Sonuncu tura kimi qələbə qazanmalıyıq.
- “Difai Ağsu”nun qapısından iki qol keçirdin, zədədən yeni qayıtdığını nəzərə alsaq, dubl edəcəyini gözləyirdinmi?
- Hazırkı vəziyyətimizdə bizə ancaq qələbə lazımdır. Ona görə də kimin qollar vuracağı önəmli deyil. Komanda olaraq hamımız rəqib qapısına yol tapıb, qələbə qazanmaqda maraqlıyıq.
- Zədən tam sağalıbmı?
- Şükürlər olsun ki, yaxşılaşmağa doğru gedir. Çalışıram tam sağalım və komandama kömək edim.
- Yetirməsi olduğun “Neftçi”nin bu mövsüm titulsuz qalacağı rəsmləşdi, digər sabiq komandan “Qarabağ” isə finala çıxdı. Bu barədə nə deyərdin?
- “Nefçi”də futbol sirlərini öyrənmiş, oranın çörəyini yeyərək yaşıl meydanlarda böyümüşəm. “Qarabağ”da oynadığım vaxtlarda belə, ürəyim “Neftçi” ilə döyünürdü. Təbii ki, “ağ-qaralar” hazırkı halına, çox üzülürəm. “Neftçi” qalib gələndə bütün Azərbaycan sevinir. Odur ki, futbol azarkeşlərimiz köhnə, “flaqman”ın yenidən dirçəlməsini gözləyir. Ağdam təmsilçisinə gəlincə, onlar layiqli qələbə qazanaraq finala çıxdılar. Düşünürəm ki, “Qarabağ” – “Sabah” qarşıdurması çox maraqlı olacaq.
ABDULLA İSMAYILOĞLU