Elmi kommunizm təlimi inqilabdan dərhal sonra parlamentin ləğvini nəzərdə tutur. Sual oluna bilər- Sosialist respublika hakimiyyəti zamanı mövcud olmuş Ali Sovet məgər parlament deyildimi?

Deyildi. Ali Sovet və hazırki Milli Məclis istər funksiyasına, istər iş prinsipinə istərsə də mahiyyətinə görə tamamilə fərqli sistemlərdir. Bu gün orta statistik Azərbaycan vətəndaşında yanlış olaraq belə bir təsəvvür mövcuddur ki, Ali Sovetlə indiki Milli Məclis eyni şeylərdir və sadəcə ad dəyişib. Gəlin müqaisəli təhlilə keçək, onda görəcəksiniz ki, təkcə ad yox, əslində, vacib olan hər şey dəyişib.

Əvvalcə, geniş oxucu kütləsi üçün daha maraqlı olan bir məqamdan başlayaq. Məlumunuz olsun ki, Sovet vaxtı Ali Sovetin saxlanılması üçün vəsait nəzərdə tutulmurdu, ona görə ki Ali Sovet deputatları maaş almırdılar. Deputatlar fabrikdə, zavodda, kolxoz və sovxozlarda elm və təhsil sahələrində adi bir vətəndaş kimi işləyirdilər və işlədikləri yerdən maaş alırdılar, yəni fəhlə kimi, kolxozçu kimi və s. maaş alırdılar.

Bəs indi Milli Məclisdə necədir? Hər il dövlət işçilərin cibindən qırxdığı milyonlala vəsaiti 125 nəfər millət vəkilini bəsləmək üçün xərcləyir. Əsil parazitlik nümunəsidir. Nəticədə hazırki Milli Məclis üzvü xalqın cibindən hər ay azı 5-6 min manat maaş alır üstəlik maaşın 50%-i məbləğində əlavə ödənişlər alır. Komitə sədrləri dövlət hesabına xidməti avtomobillə, dövlətdən maaş alan köməkçi ilə təmin olunurlar.

Milli sərvətin yaradıcısı olan fəhlə, işçi yaratmış olduğu milyardlardan bölgələrdə 300-400 manat Bakıda isə 500-700 manat maaş aldığı və heyvan kimi işlədildiyi halda milli məhsula bir qəpik də real dəyər əlavə etməyən parazitlər işçidən 10- 15 dəfə çox maaş alırlar. Deməli Ali Sovetdən fərqli olaraq Milli Məclis millətin üzərində əzici bir yükdür və millətin boğazına keçirilmiş tüfeyli boyunduruqdur.

Ali Sovetlə Milli Məclisin 2-ci ən böyük fərqi onun tərkibindədir. Belə ki, Sosialist respublika zamanı 7 milyon əhalisi olan ölkədə 400 nəfər deputat seçilirdi. İndi isə millət vəkillərinin sayı 3 dəfə az, cəmi 125 nəfər nəzərdə tutulub ki, bu, hətta Azərbaycanda 1.8 milyon nəfər əhali yaşadığı dövrdəki qədərdir. Deməli xalqın təmsilçilik hüququ Sovet dövrüylə müqaisədə xeyli məhdudlaşdırılıb. Ali Sovetin deputatlarının yarıdan çoxu (50+1%) fəhlə və kolxozçulardan ibarət idi. 400 deputatdan 131 nəfəri fəhlə 70 nəfəri isə kolxozçu idi, qalanları ziyalılar və digər peşə sahibləri idi.

Hazırki Milli Məclisin tərkibi isə hamısı milyonçulardan ibarətdir. Dəhşət burasındadırki hazırda insanların beyninə belə bir zərərli və zəhərli ifadələri yeritməyə çalışırlarki; “Deputat hara sağıçı hara, deputat hara çoban hara, fəhlə hara”, sanki indi Milli Məclisdə bəslədikləri parazitlər çox ağıllı imişlər. Bu o mənaya gəlir ki, fəhlə, kolxozçu milli sərvəti yarada bilər, amma bu sərvətin hara necə xərclənməsinə qərar verə və nəzarət edə bilməz. Başqa sözlə, liberal heyvərələr davamlı olaraq fəhləyə, işçiyə belə bir qul psixologiyasını təlqin edirlərki: “Sən heyvan kimi işləmək üçün yaranmısan, sən özünü idarə edə və qərar qəbul edə bilməzsən. Sənin əvəzindən bunu biz edəcəyik”.

Sovet vaxtı Ali Sovetə kolxozçuların, fəhlələrin deputat seçilməsinə rişxənd edib gülmək indiki qul psixologiyasını qəbul etmək kimi alçaldıcı və təhqiredici bir şeydir.

Sovet vaxtı heç kəs “gender siyasəti” və sarə bu qəbildən sözləri eşitməmişdir. Amma qadınların hüququ yüksək səviyyədə təmin edilirdi. Fikir verin, Ali Sovet deputatlarının 40%-i qadınlardan ibarət idi. Bu gün Milli Məclisdə bir neçə qadın- o da eksponat xatirinə- oturdublar ki, xaricdən gələnlərdən ayıbdır.

Ali Sovet Milli Məclisdən fərqli olaraq ölkənin yeganə ali hakimiyyət orqanı idi. Yəni, Ali Sovet nazirləri seçir, Nazirlər Sovetini təşkil edir, hakimləri təyin edirdi və bu orqanlar Ali Sovet qarşısında hesabat verirdilər.

/FotoArxiv- Azərbaycan SSR Ali Sovetinin Sessiyası 1939/

İndi isə Milli Məclisin bu səlahiyyətləri islahat qayçısı ilə sünnət olunub, kəsilib atılıb. Başqa sözlə, Ali Sovet hazırki Milli Məclisdən fərqli olaraq həm qanun qəbul edən, həm də bu qanunun icrasına nəzarət edən işgüzar icraçı  orqan idi. Ona görə də , Sovet vaxtı seçici öz deputatına icra strukturlarından şikayət etdikdə deputatın səlahiyyəti çatırdı ki, həmin vətəndaşın şikayətinin təmin edilməsini o idarədən tələb etsin. Xahiş etsin yox, tələb etsin. Bu səbəbdən də Sovet vaxtı yazılan şikayət ərizələri indiki kimi havada qalmırdı.

Amma indi şahidi olduğumuz faktdır ki, fəhlə gündə 13-14 saat işlədilməsinə etiraz etdiyi üçün işdən qovulub və millət vəkilinin yanına şikayətə gedib ki “bu qanunu siz qəbul etmisiz, mən də bu qanundan çıxış edib haqqımı tələb etmişəm və işdən qovulmuşam, sizdən kömək istəyirəm”, millət vəkili cavabında bildirib ki, bizim işimiz ancaq qanun qəbul etməkdir, onun icrasına nəzarət səlahiyyətimiz yoxdur”. Vəssalam, kimə lazımdır milyonlarla pul sərf olunub saxlanan belə səlahiyyətsiz bir parlament?

Fəhlə, işçi ömür boyu işləməli və vergi ödəməlidir ki pensiya hüququ qazansın, millət vəkilinə isə bunun üçün sadəcə 5 il kifayət edirki, xalqın hesabına ən yüksək əmsalla ömürlük pensiya qazansın.

Ali Sovet deputatı isə nə maaş almırdı, nə də ki toxunulmazlıq hüququ və hər hansı əlahiddə imtiyaza sahib deyildi. Leninin təbirincə desək Ali Sovet “deputatlar üçün imtiyazlı bir vəziyyət təmin edən parlamentarizm”in aradan qalxması demək idi. Lenin yazırdı ki, “…hansı parlamentar ölkəyə nəzər salsanız görəcəksiniz ki, əsas “ dövlət” işini xəlvətdə görürlər və görənlər də departamentlər, dəftərxanalar, ştablardır. Parlamentlərdə “ qara camaatı” aldatmaq məqsədi ilə ancaq boşboğazlıq edirlər”.

Bu gün Milli Məclisdə o qədər qanunlar qəbul olunur ki, əslində onlara qətiyyən ehtiyac yoxdur. Açın Sovet qanunlarına baxın, görün necə sadə dildə tərtib olunublar. Adi məişət sözlərinə belə siz Sovet qanunlarında rast gələ bilərsiniz. Nə üçün? Çünki Sovet qanunları adi, orta statistik Sovet vətəndaşı üçün yazılırdı və o qədər sadə, anlaşıqlı və canlı xalq dilində yazılırdı ki, istənilən vətəndaş onu asanlıqla oxuyub qavraya bilərdi.

Milli Məclisdə “istehsal olunan” qanunlardan baş çıxarmaq üçünsə ya hüquq elmlər doktoru olmalısan ya da pul verib özünə vəkil tutmalısan. Qəbul olunan qanunların 90%-dən heç hüquqşünasların özünün xəbəri yoxdur, bunlar heç kəsə lazım olmayan və ölü doğulan qanunlardır ki, əslində, muzey eksponatından başqa bir şey ifadə etmirlər.

Ali Sovetdə fəhlə, kolxozçu naziri vəzifəyə təyin edirdi və yaratdığı milli sərvət üzərində nəzarətə malik idi. Milli Məclis isə işçinin, fəhlənin bu hüququnu əlindən aldı və siyasəti İMTİYAZLI bir təbəqənin qazanc mənbəyinə, məşğuliyyətinə çevirdi. Bu səbəbdəndə adı “milli” olsa da, əslində tamamilə milli mənafenin əksinə çevrilmiş, bir ovuc zəngin azlığın maraqları üçün çalışan orqana, burjua oliqarxiyasının dəftərxanasına çevrilmişdir.

Azərbaycan ekososialistləri