
Münhen konfransından sonra Avropa əmin oldu ki, ABŞ Avropadan əlini üzür– təhlükəsizliyinə təminat, iqtisadiyyatına dəstək verməyəcək. 1945-ci ildən bu günədək ABŞ-ın qucağında bəslənən Avropa üçün bu siyasi ölüm demək idi.
14 fevraldan 28 fevraladək Avropanın liderləri– Britaniya, Fransa və Almaniya Trampı müxtəlif vasitələrlə "yola gətirməyə" çalışdılar, alınmadı. Sonra qərara gəldilər ki, onu "bal" (Ukraynanın mifik yeraltı sərvətləri) tələsinə salsınlar. Tramp alver məsələsində "bişib-bərkimiş" adamdır. Təklifi o elə çevirdi ki, təklifçilər özləri tələyə düşməli idilər.
Vəziyyətin bu yerində Avropanın Trampa qarşı axırıncı vasitəsi qalırdı – onu qorxutmaq. Yəni Avropanın bir nümayəndəsi Ağ Evə gəlib, mətbuatın qarşısında ona deməli idi ki, ya bizim şərtlərlə müqaviləyə qol çək (tələyə düş), ya da özündən küs (sənin üçün pis olacaq!): https://www.facebook.com/share/p/1BCtLaJGj6
Burda bir lətifə yadıma düşür.
Günlərin bir günü siçanlar yığışıb müşavirə edirlər ki, biz bu yaramaz pişikdən canımızı necə qurtaraq. Çox mübahisələrdən sonra siçanların ən ağıllısı belə bir təklif verir:
– Gəlin, pişiyin boynuna zınqırov asaq, o tərpənən kimi zınqırov səs salacaq, biz də dərhal qaçıb gizlənərik.
Hamı təklifi bəyənir, əl çalırlar. Bu zaman bir çəlimsiz siçan səsini çıxardır:
– Bəs o zınqırovu pişiyin boynuna kim asacaq?
Bizim hadisədə Tramp pişik, Avropa liderləri siçanlardır. Zınqırovu asmağı isə Zelenskiyə tapşırırlar. Əlbəttə, Zelenski kamikadze deyil– bunu etməsi üçün ona hər cür təminat verirlər. Bütün şöhrətpərət aktyorlar kimi Zelenski də həyatının ən böyük rolunu məmnuniyyətlə qəbul edir.
Zelenski Avropanın emissarı kimi göndərilmişdi. Emissar tapşırığı yerinə yetirəndən sonra, bir qayda olaraq, şefinə hesabat verməlidir. Zelenski də 1 martda Vaşinqtondan Kiyevə yox (çünki o, Ukrayna Ali Radasının adından getməmişdi), birbaşa Londona uçdu. Bəs niyə Paris, Berlin və ya başqa paytaxt yox, məhz Londona? Çünki ABŞ-dan sonra Avropaya şeflik etmək iddiasında olan ölkə Britaniyadır, həm də Ukrayna Britaniyanın nəzarətindədir. Hətta Zelenskinin şəxsi mühafizəsi də Britaniya xüsusi xidməti tərəfindən təşkil edilir. Bəzi məlumatlara görə Trampın istədiyi yeraltı və yerüstü sərvətlər də Zelenski tərəfindən 17 yanvarda 100 illik müqaviləyə görə Britaniyaya verilib. Həmin müqavilə Ali Radada ratifikasiya olunsa da ona məxfi qoşma deputatlara təqdim olunmamışdı.
2 martda Londonda Avropa liderlərinin sammiti keçirildi. Sammitdə kimlər iştirak edirdi (fotoya baxın):
- mərkəzdə Britaniyanın baş naziri Kir Starmer,
- Starmerdən sağda Fransanın prezidenti Emmanuel Makron,
- Starmerdən solda Ukraynanın prezidenti Vladimir Zelenski,
- Makrondan sağda Finlandiyanın prezidenti Aleksandr Stubb,
- Zelenskidən solda Türkiyənin XİN-i Hakan Fidan,
- Avropa Komissiyasının başçısı Ursula fon der Leyen,
- Avropa Şurasının sədri Antoniu Koşta,
- Almaniyanın kansleri Olaf Şolts,
- İtaliyanın baş naziri Ciorcia Meloni,
- İspaniyanın baş naziri Pedro Sançes,
- Danimarkanın baş naziri Mette Frederiksen,
- Polşanın baş naziri Donald Tusk,
- İsveçin baş naziri Ulf Kristersson,
- Norveçin baş naziri Yonas Qar Styore,
- Niderlandın baş naziri Dik Sxof,
- Kanadanın baş naziri Castin Trüdo,
- Çexiyanın baş naziri Petr Fiala,
- NATO-nun baş katibi Mark Rütte.
Summitdə Ukrayna müharibəsi prizmasından Avropa təhlükəsizliyinin gələcəyi müzakirə olunurdu.
Göründüyü kimi, sammitdə:
- 18 nəfər iştirak edib.
onlardan:
- 15 nəfər ölkəni təmsil edib.
o cümlədən:
- 14 nəfər Avropa ölkəsini,
- 1 nəfər Kanadanı
- 3 nəfər beynəlxalq təşkilatı təmsil edib.
o cümlədən:
- 2 nəfər AB-ni,
- 1 nəfər NATO-nu.
AB-yə 27 ölkə daxildir. Lakin sammitə yalnız 11 ölkə lideri dəvət edilmişdi. Bu sammit antitrampistlərin sammiti idi. Aydındır ki, Viktor Orban (Macarıstan) və Robert Fiko (Slovakiya) kimi trampist liderlər sammitə dəvət edilə bilməzdilər. Məncə, AB-nin digər 14 ölkəsinin liderlərinin sammitə dəvət edilməməsi səbəbləri aşağıdakılar olub:
- onların Avropada vacib rolu yoxdur (Baltikyanı ölkələr kimi);
- onlar dəvət olunmayıblar ki, ayrıseçkilik Orban və Fikonun trampist olmalarına görə görünməsin;
- onlara çox da etibar etmirlər.
Mark Rütteni stolun lap axırında oturdublar, çünki ABŞ-sız NATO Avropada söz sahibi deyil.
Türkiyə yeganə ölkədir ki, ölkə lideri səviyyəsində təmsil olunmayıb. Türkiyə həmişəki kimi "bütün yumurtaları bir səbətə yığmır": həm antitrampistlər, həm də trampistlərlə münasibət qurmağa çalışır. Antitrampistlər Türkiyənin hərbi gücünə ehtiyac duyduqlarından təmsilçinin ranqına uyğun olmasa da onu yuxarı başda oturdublar.
Mərkəzdə isə 3 ölkə lideri oturub: Fransa, Britaniya və Ukrayna, ortada– Britaniya.
Əlbəttə, deyilə bilər ki, Britaniya qəbul edən ölkə idi deyə onun mövqeyi mərkəzdədir; Ukrayna məsələsi əsas müzakirə mövzusu olduğundan onun mövqeyi yuxarı başdadır və s. Aydındır ki, bunlar da əvvəldən düşünülmüşdü ki, sual olarsa, belə cavab verə bilsinlər.
Ondan çox ölkə liderinin toplaşdığı tədbir 1-2 saata hazırlanmır. Onun bütün detalları (təhlükəsizlik məsələləri, yerləşmə, reqlament, yekun sənədin versiyaları və s.) azı 1 həftə əvvəl razılaşdırılır. Bu müddət ərzində Britaniyada dəyirmi stol tapa bilmədilər ki, gətirib arxasında otursunlar? Axı adətən belə görüşlər dəyirmi stol arxasında keçirilir ki, heç kimin üstün mövqedə olduğu gözə girməsin. Deməli, bunu bilərəkdən etmişdilər.
Beləliklə, Zelenski də Ağ Evə getməzdən əvvəl bilirdi ki, Trampın boynuna "zınqrovu" asandan sonra Avropa liderləri onu təntənə ilə qarşılayacaq və öz "ağışlarına" alacaqlar. Həmin günü Zelenski hətta Britaniya kralı ilə görüşmək şərəfinə də nail oldu. Bilməmiş olmazsınız ki, kralla görüş qrafiki əvvəlcədən tərtib edilir, heç kim gələn kimi kralın qəbuluna düşə bilməz. Deməli, Zelenskiyə bu da əvvəlcədən vəd edilmişdi.
Britaniyanın antitrampistlərə başçılıq etməsinin, hətta kralın məsələdən kənarda qalmamasının bir səbəbi (bəlkə də əsas səbəbi) də Trampın Kanadaya iddia etməsidir. Kanada Birləşmiş Krallığa daxildir. Trampın onu ABŞ-ın 51-ci ştatı kimi görməsi Britaniya kralı üçün təhqirdir, onun nüfuzuna vurulan ağır və kobud zərbədir (ətraflı: https://globkom.info/butun-xeberler/trampin-istahi-kanada-abs-terefinden-isgal-edilecek-analiz).
Buna görə də Kanada lideri Avropa tədbirinə dəvət edilmişdi. Qrenlandiya da elə– o da Britaniya kralı ilə qohumluq əlaqəsində olan Danimarka kralına məxsus ərazidir (ətraflı: https://globkom.info/butun-xeberler/abs-qrenlandiyani-isgal-edecek-dunyanin-en-boyuk-adasi-ugrunda-mubarize-basladi-analiz).
Bütün bunları "saf-çürük" edəndən sonra hansı nəticələrə gələ bilərik:
1. Zelenskinin Ağ Evdəki qalmaqalı əvvəlcədən qurulmuş ssenarinin bir variantı idi.
2. Avropa liderlərinin qalmaqaldan dərhal sonra Zelenskini sosial şəbəkələrdən birmənalı müdafiə etməsi, 1 gün sonra Londonda Starmer tərəfindən çox hörmətlə qarşılanması, 2 gün sonra Avropa və Kanada liderlərinin onun ətrafına toplaşması və həmin gün kral tərəfindən qəbul edilməsi o demək idi ki, Avropa Trampa qarşı açıq "müharibəyə" başlayır.
3. Antitramp koalisiyasına Britaniya rəhbərlik edəcək, Fransa 2-ci əsas ölkə olacaq. Avropadan məhz bu ölkələr nüvə silahına malikdirlər və BMT TŞ-nin daimi üzvləridirlər.
Güc nümayiş etdirildikdən sonra Britaniya və Fransa liderləri Trampa zəng edib, yenidən Zelenski ilə görüşməyi "xahiş" ediblər. Görək, sonrası nə olacaq.
Bu yerdə yadıma bir köhnə hadisə düşür.
Stalinin tərcüməçisi Valentin Berejkov xatirələrində yazır ki, 1944-cü ildə bir dəfə Çörçil Stalinlə Polşanın bölüşdürülməsi məsələsini müzakirə edərkən deyir ki, Polşa katolik ölkədir, biz gərək Vatikanın, Roma Papasının da maraqlarını nəzərə alaq və sairə...
Stalin qəflətən onun sözünü kəsərək, sual verir: Roma Papasının neçə diviziyası var?
Bununla da Çörçil məsələnin bağlandığını başa düşür.
İndi Tramp da Starmerə eyni sualı verə bilər.
Asif Şəfəqqətov
GlobKom.Info