
Ağ Evdə qalmaqal zamanı Tramp Zelenskiyə dedi ki, sizin əsgərlər yaxşı döyüşürlər, amma bizim köməyimiz olmasaydı, siz 2 həftə davam gətirə bilməzdiniz.
Zelenski bu yerdə onun sözünü kəsərək, replika atdı ki, "Biz bu sözləri Putindən eşitmişik – 3 günə Kiyevi tutarıq".
Əvvəla, Putin belə bir söz deməyib, heç müdafiə naziri də deməyib. Bunu deməsini sübut edən heç bir sübut yoxdur. "3 gün" məsələsini Qərb mətbuatı yazmışdı.
İkincisi, bu çox qeyri-etik hərəkət idi, dövlət başçısına, xüsusən də, ABŞ yardımından kritik asılı olan dövlət başçısına yaraşan davranış deyildi. Bir növ "boş-boş danışma!" demək idi.
Tramp elə buna görə Zelenski ilə söhbəti dərhal kəsə bilərdi, lakin Tramp kimi özünəvurğun bir adam bunu biruzə vermədi. Görüşdən sonra isə Zelenskiyə dərs vermək qərarına gəldi.
Göstəriş verdi ki:
1. Ukraynaya hərbi yardım dayandırılsın. Zelenskinin məlumatına görə, Ukraynanın hərbi təchizatının 30%-i ABŞ-ın payına düşür. Fikrimcə, ABŞ-ın payı daha böyükdür, sadəcə, Zelenski Avropanın payının ABŞ-dan az oldmadığını (onun da payının 30% olduğunu deyib) vurğulamaq istəyir. Hətta Avropa istehsalı texnikanın da bir çox komponentləri ABŞ istehsalıdır. Avropa etiraf edir ki, ABŞ-ın payını kompensasiya edə bilməyəcək. Ekspertlərin məlumatına görə, mövcud silah-sursatla Ukrayna uzağı iyula qədər müqavimət göstərə bilər.
2. Ukraynaya hücum xarakterli kəşfiyyat məlumatlarının verilməsi dayandırılsın. Bu nə deməkdir? Anqlosaksların "5 göz" adlanan ortaq kəşfiyyat sistemi var. Bu sistemə 5 ölkə daxildir: ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya. Bu ölkələrin əldə etdikləri bütün kəşfiyyat məlumatları bir platformada toplanır və onların hamısı həmin məlumatlardan sərbəst istifadə edə bilərlər. Lakin məsələ burasındadır ki, bu məlumatların 90%-ə yaxını ABŞ tərəfindən əldə olunur. Indi Tramp hücum xarakterli məlumatların Ukraynaya verilməsini qadağan edib, yəni qalan 4 dövlət onları Ukraynaya verməməlidir.
Əvvəl aydınlaşdıraq ki, müdafiə xarakterli kəşfiyyat məlumatları hansılardır. Düşmənin qoşunları, hərbi sursat, yanacaq və digər anbarları, qərargahları, təchizat məntəqələri, HHM və REM qurğuları, kommunikasiya yolları və qurğuları, aerodromları və digər məntəqələrinin dislokasiyası, düşmənin canlı qüvvəsi və texnikasının hərəkət marşrutları və onlayn rejimdə mövqeyi, döyüş mövqeyinə çıxan düşmən aviasiyasının tipləri və vaxtları, düşmənin əməliyyat planları haqda elektron kəşfiyyat məlumatları və sair məlumatlar. Bu məlumatlar əsasında Ukrayna ordusu müdafiə planını qurur və düşmənə qarşı əks-həmlə hazırlaya bilir, düşmən isə döyüşdə çox vacib olan "gözlənilməz hücum" faktorunu itirir. Belə məlumatlara qadağa qoyulmayıb.
Hücum məlumatları isə yuxarıdakı məlumatlardan əlavə düşmənin strateji (daha dərində olan) obyektləri haqqında məlumatları da ehtiva edir. Sual oluna bilər ki, əgər müdafiə məlumatları ilə hücum məlumatlarının çoxu eynidirsə, ABŞ hücum məlumatlarını necə qadağan edə biləcək və sırf hücum xarakterli özünə məxsus məlumatların, məsələn, Britaniya tərəfindən Ukraynaya ötürülməsinin qarşısını necə alacaq – axı Britaniya onları görür. Hücum məlumatları düşmənin taktiki və strateji obyektlərinə zərbələr endirmək üçün lazımdır. Nüans məhz burdadır. Həm də müdafiə xarakterli məlumatlar əsasında taktiki obyektlərə zərbələr endirilir, bunun üçün adi toplardan, tanklardan və dronlardan istifadə edilir. Lakin strateji obyektlərə zərbə endirmək üçün onlayn rejimdə peyk müşayiəti tələb olunur. Döyüş zonasında isə peyklərin 99%-i ABŞ-a məxsusdur. ABŞ məhz bu məlumatları vermir. Bunsuz isə nə HIMARS işləyir, nə StormShadow, ATACMS raketləri atmaq, nə də uzaq məsafələrə PUA göndərmək mümkündür.
Göründüyü kimi, ABŞ Ukrayna ordusunu tam iflic etməyib. İflic etmək istəsəydi, bütün kəşfiyyat məlumatlarını dayandıra bilərdi. Əslində, heç buna da ehtiyac yoxdur. Sadəcə, Starlinki dayandırsaydı, Ukrayna ordusu tam nizamsız hala gələcəkdi. Çünki bütün Ukrayna ordusunun kommunikasiyası Starlink üzərində qurulub. Ordunun komanda heyəti, NATO standartlarına uyğun olaraq, əsgərlərin yanında olmur, həmişə arxada, təhlükəsiz məntəqədə olur. Lakin o Starlinkin köməyilə bütün əsgərləri və döyüş şəraitini onlayn rejimdə görür və idarə edir. Starlink dayandırılsa, Ukrayna ordusu heç 2 həftə də dayana bilməz. Rusların bu müharibədə ən zəif yeri məhz rabitədir, onlarda Starlinkin analoqu yoxdur. 2023-cü ildən analoji sistemi yaratmaq üçün yaxın kosmosa 100-dən artıq peyk buraxıblar. Lakin sistemin yaxşı işləməsi və tam əhatəli olması üçün minlərlə peyk tələb olunur.
Bu gün oxudum ki, İlon Mask deyib: "Mənim Starlink sistemim Ukrayna ordusunun bel sütunudur. Əgər mən onu söndürsəm – onların bütün ön xətti çökər".
Məncə, Zelenskiyə başa salmaq istəyirlər ki, sən Britaniyadan yox, bizdən asılısan. İnad eləsən...
Asif Şəfəqqətov