“Sabah” Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail” səfərində qolsuz heç-heçəyə nail oldu. Masazır təmsilçisinin futbolçusu Abdullah Xaybullayev Globkom.info – a danışdı.

“Səbail” ilə oyunda meydanda dominantlıq edən tərəf biz idik, təəssüf ki, əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Qol imkanlarını boşa vermək problemə çevrilib, bu çatışmazlığın üzərində çox işləməliyik”.

Dağıstanlı futbolçu baş məşqçi Vasili Berezutskinin futbol fəlsəfəsini oyunçulara aşılaması və komandanın hədəfləri barədə də söz açdı.

“Berezutski komandamızda yenidir, buna rəğmən bütün bacarıqlarını, biliyini, futbol fəlsəfəsini bizə aşılamağa çalışır. Sadəcə biz hələlik onun tam istəklərini reallaşdıra bilmirik. Düşünürəm ki, zamanla rusiyalı mütəxəssisin bizdən istəklərini daha yaxşı həyata keçirəcəyik. Bizim qarşımızda bəlli hədəf var – avrokuboklara vəsiqə qazanmaq.  Məqsədimizə çatmaq üçün maksimum gücümüzü ortaya qoyacağıq. Hər oyuna qələbə əzmiylə çıxırıq. İnanıram ki, istəyimizə nail olacağıq”.  

ABDULLA İSMAYILOĞLU

Globkom.info