
19 yanvar öz maşınımla şəhərin cənub çıxışındakı qəsəbəyə - Lökbatana gedirdim. Dəniz kənarından Lökbatana dönən yol ayırıcında barrikadalar qurulmuşdu və tonqallar qalanmışdı. Bir dəstə kişi tonqal ətrafında dövrə vurub nəyisə gözləyirdi. Mən onlara yaxınlaşıb kim olduqlarını soruşdum. Cavab verdilər ki, AXC üzvləridir və şəhəri rus qoşunundan qorumağa hazırlaşırlar. Soruşdum:
-Qoşunu nə ilə saxlayacaqsınız?
Cavab gəldi:
-Söz veriblər ki, silah və maye ilə dolu butulka gətirəcəklər. Onu deyim ki, ucu utilənmiş bir metr-metr yarım uzunluğunda armatur parçaları talançı silahı olub orduya müqavimət üçün hətta nəzəri cəhətdən yaramırdı. Buna baxmayaraq Milli Müdafiə Şurası AXC adından müəssisələrdəki dayaq dəstələrinə belə “silahları” hazırlamağı tapşırmışdı. Cəbhəçi mühəndis Sahib Məmmədov tapşırığı canla-başla yerinə yetirib işlədiyi Bakı metropoliteninin bir ton yarım armaturunu bir metrlik tikələrə kəsib əhalinin "silahlanması"na öz töhfəsini vermişdi.
Mən maşınımı şəhərə digər giriş yolu sayılan Qurd Qapısına sürdüm. Orada da mənzərə təkrar olundu. AXC təxribatçıları adamlara silah və “Molotov kokteylləri” vəd verib onları barrikadalara çıxarmışdılar. Boş butulkalarla dolu taxta yeşiklər dururdu, yanar mayeni "sonra gətirəcəyik" demişdilər. Mənə qəribə gəlirdi ki, hətta orduda qulluq etmiş, əli-gözü silah görmüş kişilər belə sanki düşünmək və təhlil etmək qabiliyyətlərini itirərək həqarət doğuran "barikkada"ların ətrafına sürü kimi yığışmışdılar. Sanki bu tədbirin təşkilatçılarına ordunun vurmalı olduğu hədəfə mümkün qədər çox insanın toplanması lazım idi.
Günün ikinci yarısında mən atamı Bilgəhdəki bağımıza apardım. Yolda Maştağanın girəcəyində, Məmmədyarovun abidəsinə çatmamış yolun kənarında tonqal ətrafına toplanmış adamları gördüm. Onlar guya ki, yolu bağlamışdılar.
Artyom adasına döngədə də insanlarla birgə barrikadalar düzülmüşdü. AXC liderlərinin çağırışı ilə onları yollara “şəhəri qorumaq” adı ilə çıxarmışdılar. Artyom adasına və Qala hərbi aedronumuna dönən yerdə barikkada və bir dəstə adam gördüm. Onlar AXC liderlərinin "şəhəri qoruyaq" ruhlu təxribatçı çağırışlarına cavab olaraq çıxmışdılar.
Gecə yarıya yaxın qardaşımla MK binasının önünə gəldik və təxminən yarım saat şanlı Meydan günlərində tanıdığımız təxribatçıların çıxışlarını dinlədik. “Həsən Həsənovun adamı” adlandırılan, kütləni Nemətin işarəsi ilə şlyapasını taxaraq-çıxararaq idarə edən ADU-nun müəllimi Vəkil Hacıyev mikrofon deyirdi: “Bizə məlumat çatıb ki, Salyan kazarmalarına girişi bağlamaq üçün adam çatışmır. barrikadalarda adam çatmadığını xəbər verdilər. “Bakı Soveti” metro stansiyasının yanında yük maşınları dayanıb, xahiş edirəm 50 nəfər həmin maşınlara minib Salyan kazarmasına getsin”.
Kütlə dalğalandı, 50 vətənpərvər kişi izdihamdan ayrılıb vətənin müdafiəsi üçün, əslində isə bir nomenklatura xadimini həbsdən xilas etmək və digər partokratın vəzifə iddiasına dəstək vermək üçün Salyan kazarmalarına, ölüm saçan tankların önünə yollandı. Bizə hər şey aydın idi, DTK və nomenklatura təxribat maşınını işə salmışdı, biz onun qarşısını heç cür ala bilməzdik. Bizə qalırdı məşum aqibəti müşahidə etmək.
Mənim yaşadığım binanın qonşuluğunda 4-cü ordunun qərargahı, Zaqafqaziya hərbi dairəsinin Hava hücumundan Müdafiə Qoşunlarının Baş Komanda Mərkəzi yerləşirdi. Hər gün ora növbə üçün gələn əsgər və zabitləri görürdüm. Ordu xidmətimi Misir Hava hücumundan Müdafiə Qoşunlarında keçirdiyimdən orada neçə hərbçi və necə xidmət edir bu barədə tam təsəvvürüm var idi. Bu Komanda Mərkəzindən Cənubi Qafqazda yüzlərlə radar, qırıcı təyyarə bazası, zenit raket qurğusu və hərbi hissə idarə edilirdi.
Məhəlləmizin cavanları tonqal qalayıb hərbi hissəyə gedən yolda canlı zəncir yaratmışdılar. Bir dəstə qonşum həyətdə dövrə vurub vəziyyəti müzakirə edirdi. Dinmədən onların yanından keçib getmək istədim. Universitetdə müəllim işləyən bir qonşum məni yolumdan elədi, saxlayıb soruşdu:
-Zərdüşt bəy, bu işlərin axırı necə olacaq?
-Təxribatçılar əliyalın xalqı tankların qarşısına çıxarıblar, qan töküləcək, -dedim.
-Sən xalqın birliyini pozmaqdan usanmadın? - soruşan dosent kinlə mənə baxdı.
-Mən xalqın birliyini pozmuram, qaçılmaz gələcəkdən xəbərdarlıq edirəm, sizə xoşdursa buyurun, ölümə və məğlubiyyətə bir yerdə gedin -, yorğun və ümidsiz deyib bu ali təhsilli və elmi dərəcəli cahil kütlədən ayrıldım və mənzilimə yollandım.
Həmin gecə nə dosent, nə də xalqın birliyinin qızğın tərəfdarı olan milli marallardan heç kim həlak olmadı. Fəqət hadisələrin mahiyyətindən bixəbər 131 Bakı sakini həlak oldu. 6 Lənkəran və Neftçala sakini öldürüldü. Yüzlərlə adam yaralandı, şikəst oldu. Mindən çox adam həbsə atıldı. Xalqın hərəkata olan inamı bilmərrə qırıldı.
Əsgər dolu yük maşınları evimizin yanındakı yoldan maneəsiz keçib hərbi hissəyə daxil oldu. Maşından düşmüş zabit gənclərə yaxınlaşdı və onlarla söhbət etdi. Zabit onları dağılışmağın vacibliyinə inandırdı və hərbi maşınlar müqavimətsiz hərbi hissəyə keçə bildi.
Həmin gecə xalqın “ataları”, xalq “qəhrəmanları”, Vətəni “qoruyanlar” harda idilər?! Ali məktəb dosenti, riyaziyyatçı Sədrəddin Əfəndiyev xatırlayır ki, 19 yanvar 18:00-da o, 11-ci Qızıl Ordu abidəsi önundə idi və Əbülfəz Əliyevin çıxışını dinləyirdi. AXC sədri kişiləri səbata və cəsarətə səsləmişdi, demişdi ki, heç nədən çəkinmədən yolu kəsib dursunlar. Qadınlara və uşaqlara isə məsləhət görmüşdü ki, evlərinə dönsünlər. Böyük Bəyin çıxışı zamanı kimsə ona yaxınlaşıb demişdi ki, a bəy, MK-nın yanından gəlirəm, orada deyirlər ki, gecəyarısı şəhərə ordu yeridiləcək. Əbülfəz Əliyev ona susmaq və panika yaratmamaq əmri vermişdi, sonra camaata təkrar müraciət edib heç bir təhlükənin olmadığını demişdi, bir daha camaatı möhkəm durmağa çağırmışdı.
Saat 20-də onu Maştağadan bir neçə cəbhəçi tapır və təkidlə tələb edir ki, Qarabağla onların Bakıda qurduğu piket arasında əlaqəni onlara izah etsin. Əbülfəz bəy məcbur olub etiraf edir ki, piketlərin Qarabağa dəxli yoxdur, məqsəd– MK-nin birinci katibi Vəzirovu vəzifəsindən kənarlaşdırmaqdır. Maştağalı cəbhəçilər bunu eşidib kəndə qayıdırlar, piketi dağıdırlar və qonşu kəndlərə qasid göndərib məsləhət görürlər ki, onlar da dağılışsınlar.
Həmin maştağalı qasidlərdən birini Artyoma dönən yolda Sovet əsgərləri maşınına atəş açıb öldürdülər.
Mənbə: Zərdüşt Əlizadə "İkinci Respublikanın sonu", Bakı-2018