Şəxsən Sabir Rüstəmxanlı və ədəbiyyat mövzusunda daha əvvəl də bir neçə kəlmə danışmışam, elə bu məqamda bir — iki kəlmə də danışmaq istəyirəm...

Öncə onu deyim ki, Sabir Rüstəmxanlı da daxil olmaqla “demokratam” deyib, söz və düşüncə azadlığına qarşı hər məqamda, hər addımbaşı aqressivlik göstərən qəribə bir toplum formalaşıb. Bu tendensiyadan xilas olmaq lazımdır. Bəs, harada qaldı demokratiya, ay azadlıq carçıları?

Qayıdım, Sabir Rüstəmxanlı və ədəbiyyat mövzusuna.Bilirsiniz, əksəriyyət hələ də ciddi ədəbiyyatın mahiyyət etibarı ilə özünəməxsus xüsusiyyətlərə, prinsiplərə malik olmasını qəbul etmir... edə bilmir... etmək istəmir!

Ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, hadisədir...

Əzizlərim, oxumuşuq da Sabir Rüstəmxanlının şeirlərini. Dəfələrlə oxumuşuq. İlahiləşdirdiyiniz “Sağ ol, ana dilim”i də, “Salam, Gəncə qapısı”nı da... və.s agahıq. Eyni zamanda Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün fundamental, gerçək YARADICI MEXANİZMdən uzaq olmasına da bələdik.

... Dediyim kimi, Sabir Rüstəmxanlının şeirləri ilə bağlı fikirlərimi öncəki dönəmlərdə də bir neçə dəfə ifadə etmişəm. Söz düşmüşkən, qısaca bir daha deyim ki, o şeirlərin mahiyyətində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır. Yalnız, populizm, sentimentallığın ibtidai forması, “tribuna didaktikası”, publisistik — kütləvi fikirlərin texniki səsləşməsi  və emosional nəzm! Məhz bu detallardan ibarətdir o şeirlər. Bu detallar isə ciddi ədəbiyyatın, sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” yaddır...

... Yox, əgər məlum fikirlərimi kimsə qəbul etmirsə o zaman Sabir Rüstəmxanlını korkoranə “müdafiə” etməkdənsə, onun yazdığı şeirlərdən elə birini ortaya qoysun ki, ciddi ədəbiyyatı, sənəti əks etdirsin.

EMİL RASİMOĞLU

Globkom.info