
2025-ci ildə ən yaxşı kitabımı - “Mənim epifaniyam” çap edə bildim. Bu əsərim mənalı adamlardan yaxşı rəylər gətirdi. Təbii ki, kitabım geniş oxucu kütləsinə təqdim olunmadı. Səbəb isə boyunduruğunun altında başımızı ayaqlarımıza qədər əyməyə məcbur qaldığımız siyasi rejimin nəzarət edə bilmədiyi müəlliflərə tətbiq etdiyi qeyri-leqal senzuradır. Yəni, məndə digər müəlliflər kimi kitab yazıram, hətta arada bəzi portallarda da dərc olunuram, hərdən bir “onlar”ın nəzərində yaxşı yazılarım da peyda olur. Bəzən görürsən ki, kimsə sözarası mənim pis yazmadığımı pıçıldayır, amma yazıçılığın sənədli sübutlu hadisəsi - kitab doğumu baş verəndə elə bil qurbağa gölünə daş atırsan. Hamı susur. Çünki, artıq sənin bu təsirli sənəti həqiqətən icra etmək ehtimalın yaranır. Bizim ölkədə isə yazıçılar müəyyən şərtləri ödəməldir.
***
Gözəl bir gündə, elə günləri tale bizə tez-tez bəxş eləmir, dostum dedi ki, Həmid Herisçi böyük şairdir. Mən yenə duruxmalı oldum. Zülmlə içdiyim ucuz yerli pivəmizi böyük həvəslə masaya qoydum. Ağzıma iki dənə qırduz noxud tullayıb dilləndim:
-Noxuda bu qədər duzu kim töküb?
Dostlarım məni eşitmədi. Odur ki, daha mənalı bir cümlə qurdum:
-Həmid Herisçi yaltaq bir televizya aparıcısıdır, o nə qanır şairliyi!
Sonra nə baş verdi, xatırlamıram. Bircə o yadımda qalıb ki, Həmid Herisçinin böyük şair olduğunu iddia edən dostum evə qayıdarkən, mənə bu əcayib soyadlı adamı yenidən oxumağı şiddətlə tövsiyyə etdi. Mənim təmiz kitabxanamda isə Həmid Herisçidən bir sətir də yox idi. Həmid Herisçinin “böyük ədib” olduğunu iddia edən dostum söz verdiki onun kitabını da tapıb gətirəcək, təki mən bu aparıcının şeirlərini oxuyum.
***
Kitabım çap olunanda yaman sevinmişdim. “Mənim epifaniyam” ərsəyə gətirdiyim üçüncü kitabımdır. Bundan əvvəl doğulan kitablarım təbii ki, öz tarixi həqiqətləri və danışdıqları ilə mənim üçün dəyərlidir. Amma sonuncu kitabda həm müəllif həm də müəllim kimi nə lazımdısa, yazmağa çalışmışam. Sual yarana bilər ki, müəllim kimi nə lazımdısa, yazmışam nə deməkdi? İzah edim.
Müəllim kimi “Mənim epifaniyam”-da mən keçmişdən utanmamağı, geridə qoyduğumuz illər, qərinələr, yarıməsr, əsrlərlə bağlı bu gün də danışmağın zərüri olduğunu yazmışam. Evdə yemək yoxdu? Çörəksizliyi yaz. Atan “allahın” hər günü işdə olub? Yarımçıqlığı yaz. İtin ölüb? Qardaşsızlığı yaz. Yaz, həm də ona görə yaz ki, qoy, çörəksizlik, yarımçıqlıq və qardaşsızlıq adiləşməsin ədəbiyyat qoy, haqqyeyenlərə, istismarçılara, itvuranlara nifrət bəsləməyə əsas verə bilsin. Qoy, dünyanı yaxşı yerə çevirmək istəyən insanlar güc almaq üçün təzə bir əsas tapsın.
***
Dostum növbəti görüşdə Həmid Herisçinin üstündə SSRİ altında “Oktyabr İnqilabının 90 illiyinə həsr olunur” yazılmış olduqca köhnə hətta qədim bir kitabı mənə verdi. Yenə möhkəm-möhkəm tapşırdı kİ bilik mənbəsindəki şeirləri oxuyum. Mənim zövqümcə “geyinmiş” bu kitabı necə deyərlər it kimi havada qapdım. Həmid Herisçi “ağamız” hara, müqəddəs Sovet İttifaqı, məzlumlar inqilabı hara? Bu sualı təkrarlaya-təkrarlaya gəlib çıxdım evə?
Dönə-dönə, həvəslə, öyrənmək üçün, hə bax öyrənmək üçün oxumaq lazımdır. Mən öz yurduma, Bakıda yeganə azad olduğumu hiss etdiyim yerə otağıma gəldim. Nevrotik oxucu ənənəsinə sadiq qalaraq ön sözdən oxumağa başladım ki, görək Həmid “ağa” 2007-ci ildə qələmə aldığı əsərində nə deyib. Həmid Herisçinin “SSRİ” adlı kitabı belə başlayır: “Hardadı həyatın bütün gizlinlərini özündə yaşadan bədii mətn, hardadır dünyaya meydan oxuyan sehirli kitab?” - Bizim “şair” deyəsən, mətnşünas olmaq istəyirmiş. Müxtəlif söz və hərf oyunları ilə göz yoran müəllif uzun, öz söz əvəzində qəliz sualın axtarışına çıxıb. Şairimiz Umberto Ekonun ədəbiyyat dünyasına bəxş elədiyi açıq mətn fenomeninin sorağında yaxşı bir bənzətmə tapır, açıq mətni böyük inqilabçı, 1917-ci il inqilabının pioneri, marksist nəzəriyyəçi Lev Davidoviç Trotskinin timsalında, qapalı mətni isə Trotskinin qatili Stalinin obrazında “vəsf” edir, uzun-uzadı yazır... Sonda da üstünlüyü Trotskidən, açıq mətndən, proqresiyadan və təxəyyülün hədsizliyindən verir. Mən açıq mətn anlayışını filoloq Qorxmaz Quliyevdən oxumuşam. İndi həm onun, həm də şairin dilindən açıq mətnə bağlı tərifləri 200 manata aldığım netbukumun ekranına döyəcləyirəm.
“Oxucu sənətkarın məqsədyönlü şəkildə açıqlamağa cəhd göstərdiyi ikinci hədəfdir: sənətkarın dünyaya və oxucuya açıqlanması əslində yaradıcılığının məqsədinin və təyinatının iki bir-biri ilə bağlı tərəfləridir. Bəzən yazıçını gerçəklikə oxucu arasında medium kimi təqdim edirlər” Qorxmaz Quliyev “Açırıq qapıları, örtürük qapıları, keçirik qapılardan” adlı məqalələr kitabında belə buyurub. Müəllim yazıçını medium kimi təqdim edib, Deni Didronun dili ilə desək, ədəbiyyatı həqiqi həyata yaxınlaşdırmağın zərürilyini xatırladır. Çünki bu müdrik adam bilir ki, ədəbiyyat nə olan şeydir. Yeri gəlmişən, Qorxmaz müəllimə Remark haqqında yazıdığı “Müharibə mövzusunun qüdrətli bədii təcəssümü” adlı məftunedici məqaləsinə görə də təşəkkür edirəm.
Sovetnostalgisti Həmid ağa isə belə yazır:
“Açdığımız mövzunu dərindən öyrənmək işində vətənimiz SSRİ-nin bizə saysız örnəklər verə bilər. Götürək elə Trotski ilə Stalinin 20-30-cu illərdəki öz aralarında apardıqları savaşı. Stalinistərin bu mübarizədə söykəndiyi fəlsəfi dayaqlar, özünüz deyin, orta əsrlər xurafatının mitil yarğanına çəkilmiş təzə üzlükdən başqa nəydiki? Provaslav kilsəsi İsa peyğəmbərin təlimini xurafata çevirdiyi kimi stalinistlər də ölməz Leninin ideologiyasını xurafata çevirmək, şanlı Oktyabr inqliabını doqmatik dona bürümək istəyirdilər… bəli yenə də təkrarlayırıq həmin ideoloji diskusiyalar zamanı stalinstlər daha çox orta əsrlər ritorikasına izaha ehtiyacı olan qapalı mətn məntiqinə söykənirdilərsə, trotskistlər bunu əsla qəbul etmir “gürcü keşişi” açıq mətn fəlsəfəsinin köməyi ilə yerinə otuzdurmaq istəyirdilər.”
Mücərrədhəmvətənim Həmid Herisçi açıq mətn izahını bəzi məqamlarda uğurlu allyuziyalarla verə bilir. Mən onun da açıq mətn izahını başa düşürəm. O, mətnin açıqlığının atəşin tərəfdarıdır. Qapalı klassik ortadoks mətnlərlə barışa bilmir. Gələcəyin münəccimi üçün olduqca sərt bəyandır. Mən bunu da təsdiq edirəm. Həmid Herisçi vaxtı ilə ədəbi camiyada pis getmirmiş və yaman dissident imiş.
***
O qədər kitab almışam ki, heç bilmirəm hansı birini oxuyum. Yəqin ki, qəfildən çoxlu pul qazanmağım məni qudurdub. İndi kitabxanam da var amma bu artıqlıq məni çaşdırıb, nə gəldi oxuyuram, yarım qalan onlarla kitab başım içində yeniyetmə otağına çevrilib. Hər şey hər yerdədir. Hərdən o illəri xatırıayıram. Kitab almağın mənim üçün çətin olduğu çox da uzaq olmayan illəri... Bu məqamda Haynrix Bölldən bir cümlə yadıma düşür: o illər yuyulandan sonra balacalaşmış köynək kimi məni sıxır.
***
Əlbəttə ki, tək kitab ilə müəllifi tanımaq müşkül məsələdi. Mən Həmid Hersiçinin müsahibələrinə də nəzər saldım. Görüm, bu kişi sehirli bədii mətnin hüdudularından kənarda, yəni, həyatda nələr danışır, o, ümumiyyətlə nə işlə məşğuldu.
Əcayip soyadlı aparıcı müsahibələrinin birində deyir: “əsl şair Mayakovskidir”. (eşq olsun!)
Həmid Herisçi deyəsən bir başa bolşevikdir. Hətta müsahibəsinin bir yerində deyir ki, o, İran inqilabında əhəmiyyətli yer tutan Tudə partiyasının fəal üzvü olub. Mən bilmirəm, deyəsən bizim “ağa”mız bizi ələ salır. Nəysə, bir az da səbrizmizi basaq, onu eşidək. Hemid Herisçi dayanmır: “mən solçuyam, atam inqilabçı olub. Epioqonlar məni sevmir”.
Daha bəsdir! Ay Həmid ağa Hersiçi, mən düşünürəm ki, artıq yalanlar mənim mətnimi doldurur, onlar həqiqətləri üstələyir. Kifayətdir!
Bir neçə sualım var. Siz necə özünüzə solçu deyirsiz?! Doğrudur, “liçkaları” mən paylamıram amma solçu olmaq ümumiyyətlə çox sadə bir yolu izləməklə əldə olunan addır. Sən diktatorları, monarxları, faşistləri, bir sözlə solçu olmayan şəxləri sevmirsən ( bu izah hələ iqtisadi və ya fəlsəfi izah deyil, ən ümumi tələbdir) Həmid Herisçi isə heç bir solçu xassəyə sahib olmayan hətta bəzi sol xüsusiyyətləri zərərli adlandıran Azərbaycan prezidentinə fanatlıq edir. Onun doğum gününü Mirşahin Ağayevi qısqandıracaq yaltaqlıqla təbrik edir. Oxuculara kəndlinin (Həmid Herisçinin rəsmi soy adı) əsl ağaya təbriki maraqlı olar.
“Məşhur səyyah Marko Polo, İsa peyğəmbəri aşkarlamış münəccimlər barədə danışarkən xüsisi olaraq Azərbaycanın adını çəkib. Qeyd edir ki, İsanı aşkarlamış münəccimlər məhz Azərbaycan mənşəliydilər. Səyahətnaməsində deyilir: “İrəlidə, üç günlük yol məsafəsində “Qala Ataperistan” ( yəni Azərbaycan) adlı bir qəsr var. Fransızca bu “atəşpərəstlər qalası” mənasını verir. Sakinləri oda sitayiş edirlər. Buranın üç hökmdarı vaxtiylə göydə İsanın ulduzunu tapırlar. Ulduzu təqib edərək gəlib yetişirlər İsanın doğulduğu dəqiq ünvana”.
Marko Polo, mahir kəşfiyyatçı kimi hərəkət edərək, 1400 il sonra, katolik kilsəsi üçün çox vacib bu coğrafi nöqtəni yenidən aşkarlamışdı.
İndi növbə bizimdi. Mövzunu yenidən, bu dəfə sırf Azərbaycanın maraqları çərçivəsində “aşkarlayaq”.
İsfər, Baltasar, Melxior öz səma müşahidələrini ulu Zərdüştün ulduz xəritəsi, təqvimi əsasında aparırdılar. Müşahidələrin hədəfi aydındı- zamanın Səyavuşunu, yəni Xilaskarını tapmaq!
Parfiya dövləti buna o vaxt siyasi rəng verdi. Qüdsdə yeni dinin-xristianlığın doğmasına şərait yaratdı.Nətəicədə bu Romanı laxlatdı. Həmin İsfər, Baltasar, Melxiorun nəşləri indi Almaniyanın Köln kilsəsində saxlanmaqdadır.
Uzağa getməyək, uşaqlara milad günü hədiyyə vermək adəti də bax burdan yaranıb.
P.S Xatırladıram. Ənənə davam edir. Ölkə prezidenti İlham Əliyev məhz belə bir gündə dünyaya göz açıb”.
Ay mənim “solçu”m, tarix bu məqamları xatırlayır, yazır. Bu dövran həmişə belə olmayacaq axı. Çərxi fələyə köhnə çomaq yenə soxulacaq. Həmid Herisçi müsahibəsində elə hey epiqonlardan danışırdı. Kimlərisə Trotskinin dili ilə epiqon adlandırırdı. Mən, Həmid Herisçinin epiqon sözünün mənasını bildiyini düşünmürəm. Epiqon öz azad yaradıcı siması olmayan təqlidçilər deməkdir. Həmid Herisçi bu gün özü epiqondur. Bir vaxtlar tənqid etdiyi AYB-nin sahibi Azərbaycan hökümətinin epiqoundur. Bütün azadlığını itirmiş bir epiqon. O, bəh-bəhlə danışdığı inqilabı tarixçəsinə xəyanət etmiş bir reneqatdır.
Sonda, məndən tez-tez soruşurlar ki, niyə İlham Əzizi tənqid edərkən onun yaradıcılığını əsas götürmürsən? Çünki, o yolun doğru olmadığı qənaətindəyəm. Bu insanların yaradıcığını tənqid etdikcə onların illiuziyasının bir hissəsinə çevriləcəyik və bir növ matçı kimi onların meydanında oynamağa məcbur olacağıq. Bir də ki, elə götürək yenə İlham Əzizi, bu adam “antiterror əməliyyat”ı zamanı yazmışdı ki, “gərək İlham Əliyevə layiq xalq olaq”. Keçən il isə kədərlə paylaşmışdı ki, “iqtisadi problemlər xalqı boğaza yığıb”. Burnunun ucundan o tərəfi görə bilməyən ilhamlara, həmidlərə, əlilərə heç bir ədəbi dəyər verə bilmərəm. Bu adamlar sinfi düşmənlərdir.
Yusif Bidan
Globkom.info