
Aprelin 2-də “Bəlkə də” filminin premyerası baş tutdu. Ekran əsərinin ssenaristi, rejissoru, baş rol ifaçısı Taleh Yübəyovdur. Həmçinin kinoda Əlixan Rəcəbov, İranə Kərimova, Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə və digər aktorlar yer alıblar. Globkom.info olaraq filmlə bağlı aktyor Əlixan Rəcəbovun fikirlərini öyrəndik.
- Rol aldığınız “Bəlkə də” filminin bu ay premyerası reallaşdı. Sizcə ekran əsərinin təqdimatı necə keçdi və kinonun hazırkı nümayişləri necə gedir
- Düşünürəm ki, filmin premyerası çox gözəl oldu, Azərbaycanda belə təqdimat olmamışdır. Filmi izləyən tamaşaçılar da çox xoş hislər və emosiyalarla çıxmışdılar. Ekran əsərimizdən razı qalıblar, düşünürəm ki, yenə təkrar hisləri yaşayacaqlar.
- Həm janr, həm də mövzu fərqliliyi baxımından “Bəlkə də” filmi Azərbaycan kinematoqrafiyasında yeni səhifə açaraq özünü doğruldacaqmı?
- “Bəlkə də” say-fay, drama və mistika qarışıqlı ekran əsəridir. Düşünürəm ki, Azərbaycanda belə bir film bu vaxta qədər çəkilməyib. Təbii ki, kino sənətimizdə yeni səhifədir.Taleh Yüzbəyovun özü dediyi kimi ifadə etsək, onun ən səmimi filmlərindəndir. Düşünürəm ki, film uğurlu alınıb, ona maraq var, həmçinin rejissor dostumuz bundan sonra da daha böyük və uğurlu layihələrə addım atacaq.
- Taleh Yüzbəyov “Bəlkə də” filmində həm ssenarist, həm rejissor, həm də baş rol ifaçısı kimi çıxış edib. Sizcə, o, bütün ampulua üzrə özünü doğrulda bilibmi?
- Əslində sadaladığınız 3 funksiya ilə yanaşı Taleh müəllim müəyyən qədər montajlar da edib. Hesab edirəm ki, o, hər 4 mövqedən yaxşı çıxış edib.
- Sizin qarşıda hansı hədəfləriniz var
- Filmlər çəkmək, tamaşaçıları sevindirmək (gülür)
ABDULLA İSMAYILOĞLU
Globkom.info