Bu yazı Səməd Şıxının məqaləsinə cavab yox, rəy kimi qələmə alınıb.

Yazıçı Səməd Şıxının sonuncu yazısını oxudum. Oxudum və itulayan azad ədəbiyyat meydanındakı hərflərin pıçıltısı məni cavab yazmağa sövq elədi. Elə bil kimsə mənə dedi ki, tarix vərəqləri başçının lakey müəlliflərinin cızma-qaraları ilə dolmaqdadır. Onlardan fərqli olaraq, ürəyin istəyəni yaz.

***

Bir həftə əvvəl menşeviklərin tarixi vətəni Gürcüstanda yaşayan bir tələbə bakalavr işi üçün məndən müsahibə götürmək arzusunda olduğunu imeyl vasitəsi ilə yazdı. Dərin bir məna, ümid verən bir mövzunu əhatə etmədiyi üçün həmin hadisə barəsində bura müfəssəl yazmağı gərək görmürəm. Diqqətə çatdırmaq istədiyim məqam odur ki, insan olduğu yerin, şəhərin qəlibinə elə yerləşir, həyatının sonuna kimi ölçülərini dəyişmir ya da dahi Karl Marksın dili ilə desək “ictimai mövcudluq ictimai şüur yaradır”. Xəyali menşevik bakalavrın imeyli mənə gələndə öz ali məktəb illərimi xatırladım. Mən də buraxılış işi yazmışdım. Amma uydurma iş idi. Kələk iş idi, fırıldaqla zəngin idi. Heç ağlım kəsmirdi ki, buraxılış işinə görə əziyyət çəkmək, həvəslə yazmaq, diqqətlə araşdırmaq, cəsarətlə müdafiə etmək lazımdır.

***

Deməli, Səməd Şıxı son yazısında qeyd edir ki, “niyə müxəlifət yazıçıların onlara tərəf durmadığından gileylənir, axı onlar heç yerli yazıçılara dünyaya çıxmağa kömək eləmir, onların təbliğatını aparmır, ən əsası heç onların kitabını da alıb oxumur.” Mən bilmirəm Səməd Şıxı belə bir yazını kimə cavab olaraq yazıb. Amma deyəsən, indi Məmməd Süleymanovun Sartrdan təsirlənərək “Anqajament” dediyi məsələ yenə gündəmdədir. Olsun. Hökümətin lakey müəllifləri bu mövzunu gündəmə gətiribsə, deməli hardasa ləyaqətli bir müxalif siyasətçi və yazıçı qalıb.

Bax, bizdə hər mənada xüsusi vəziyyətdi. Azərbaycandakı üsuli-idarənin tayı-bərabəri yoxdur. İstənilən situasiyada biz müqayisəyə gəlmirik. Dünyada yazıçı və siyasətçi birliyi var və bu birlik imperiya dili ilə desək “win-win” prinsipinə əsaslanır, amma o demək deyil ki, kapitalizmin məxsusi formasıyasının qüvvədə olduğu Azərbaycanda da belə olmalıdır. Qətiyyən! Əksinə, heç ümumiyyətlə olmamalıdır. Bizim “vətəndaş müharibəmiz” nəsə başqa şeydir. O özündən əvvəlkilərə oxşamadığı kimi özündən sonrakılara da bənzəməyəcək.

***

Bakalavr illərim haqqında düşünəndə həmişə Çexovun “xoşbəxtlər ona görə xoşbəxtdirlər ki, bədbəxtlər kədərlərini susaraq çəkirlər” cümləsi yadıma düşür. Bircə dəfə intihar etmək istəmişəm. 2016-ci ilin noyabırnda. 20 Yanvar metrostansiyasının müasir tüccarlar ilə dolu keçidinə enərkən, öz-özümə “sahilə gedib özümü dənizə atacam” fikirini ağlımdan keçirmişdim.Ölmək istəyirdim, çünki fəhlə atam təhsil haqqımı verə bilmirdi və jurnalda mənim adımın qarşısına artıq neçənci dəfə idi ki, dərsdə ola-ola qayıb yazılacaqdı. Utanırdım. Elə düşünürdüm ki, bizim də pulumuz olmalıdır. Hamı da var axı. Hamı təhsil haqqını vaxtında ödəyir. Mən isə hər dəfə gecikdirirdim. Özümü yazıq adam sayırdım. Ölməyi daha məqsədəuyğun hesab edirdim. Ölüb canımı qutarmaq istəyirdim. Yaşamaq istəmirdim. Səs-küy salmadan, səssizcə kədərimi çəkirdim. Həyat isə qaynayırdı. Bəlkə də bakalavr illərim maddi çətinliklərlə “zəngin” olduğundan heç vaxt o dörd ildən ağızdolusu danışa bimirəm. Mən kədərimi susaraq çəkdiyim dörd ili xoşbəxtlərin məndən oğurladığı zaman kimi xatırlayacam. Bax, elə buna görə də hay-küylu xoşbəxtlərə qarşı nifrətim daimi olacaq.

***

Yazıçının müxalifət ilə münasibətinin necə olması barədə düşüncəm nədir? Hesab edirəm ki, yazıçı vakuumda, Yerdən kənarda yaşamır. Hadisələr ona bir başa təsir edir. Özümdən danışım nümunə çəkim. Mənim üçün müxalifətin yaradıcılığıma diqqət göstərməsi lazım deyil. Onlar öz işləri ilə məşğul olsun. Mən, özümü İ.Əliyev hökümətindən narazı bir yazıçı kimi təqdim edirəm, bu qədər sadə. Daha müxalifət mənə qayğı göstərdi, kitablarımı oxudu, məni paylaşdı və s. maraqlı deyil. Mən müxalifəm və müxalif düşüncələrin yanındayam. Amma onların çətiri altına girmək məqsədim yoxdur. Müxalifətdəkilərin kitab oxumamağı, sərgilərə getməməyi, təqdimatlara gəlməməyi isə ümumiyyətlə mənasız söhbətdi. Bəyəm, İlham Əliyev hansısa bir yerli yazıçının kitabını oxuyur, sərgiyə gedir bəlkə kitab təqdimatında iştirak edir? Yox, bunların heç birini eləmir. Amma 2-3 nəfər müəllifi çıxmaq şərtilə bütün qələm və klaviatura əhli onun tərəfindədir. Deməli, bu işlər diqqət göstərmək, mütaliəli olmaqla əlaqəli deyil. Müxalifətdən gileylənənlər sadəcə olaraq öz piarları üçün məqam axtarır. Müxalifətin yazıçıya dəstək olmaq öhdəliyi yoxdu, amma rejimdən gileylənən yazıçının əməli iş görən müxalifətə dəstək vermək məcburiyyəti var. Deyilən arqumentlər məsuliyyətdən qaçmaq üçün yaxşı taktika olsa da, yazıçıya təkcə oxucunun reaksiyası maraqlı olmalıdır. Onun müxalifətin ya da iqtidarın yanında olmasının təyin edən yazıçının vicdanıdır.

Narazısansa, narazılar cərgəsinə qoşul, narazı deyilsənsə, onda birinci YAP-a, sonra isə AYB-ə üzv olmağa tələs. Azərbaycan yazıçısı öz günahlarını müxəlifətin üstünə ata bilməz. Onun hələ xalq qarşısında nəsillərdən “miras” qalmış öhdəlikləri var.

Yusif Bidan

Globkom.info