Zaman yaşadıqca Stalin sağdır,

Stalin ömrünü bizim ömrümüz

Nəsildən-nəsilə uzadacaqdır!

Bu misralar ölməz şairimiz Səməd Vurğuna məxsusdur. Amma 5 mart 1953-cü ildə böyük rəhbərin ürəyi həmişəlik dayandı. O vaxta kimi doğmaları üçün yanmayan ürəklər də yandı, ağlamayan gözlərdən göz yaşları sel-su kimi axdı.... Hamı ağlayırdı. Uşaq idim. Ucqar bir dağ rayonunun ücqar bir kəndi idi kəndımiz. Böyüklərin nəyə ağladıqlarını başa düşmürdüm. Deyirdilər ki, padşah ölübdür (Stalinin nəzərdə tuturdular). Aylardan, illərdən başım çıxmırdı. Amma o xəbəri eşitdiyim gün üstü küləşli bir otaqlı palçıqdan tikilmiş kiçik daxmamızın yanındakı yolda iri gilas ağacının altında durduğum yer və qar əridiyindən torpaqdan qalxan buxar indi də gözümün qarşısında canlanır. Adətən mart ayında qar əriyir, torqaq günəşin hərarətindən qızır, torqadan buğ, buxar qalxır. Deməli, onda mart ayı imiş. Padşahın kim olduğunu, yaşlı adamların bu qədər için-için, hönkür-hönkür ağlamalarının səbəbini bilmirdim. Böyüyəndə, ağlım kəsəndə, padşahın Stalin olduğunu biləndən sonra yaşlı qohumlarımdan, müharibə iştirakçılardan onun üçün bu qədər ağladıqlarının səbəbini soruşdum. Dedilər ki, Stalin sadə adamaların, zəhmətkeşlərin, fəhlə-kəndlinin padşahı olub. Əvvəllər kasıbları incidən hökümətin, Niqolayın (Rus çarı II Nikolay nəzərdə tutulur) qayıdacağını zənn edirlərmiş, övladlarının gələcəkləri üçün ağlayırmışlar ki, Stalin ölən kimi Nikolay, xanlar, bəylər, mülk, torpaq sahibləri yenidən qayıdıb onlara zülm edəcəklər.

Stalinə məhhəbbət və hörmətin bir səbəbi də, elə onun bu sadə zəhmət adamlarını müdafiə etməsi, o, ölən kimi yenə də zülmə, istismara məruz qalacaqlarından narahat olmaları imiş. Bu isə xalqın sovet hakimiyyətini təmsil edən öz rəhbərinə - Stalinə böyük inamın olduğunu sübut edirdi.

Sovet hakimiyyəti illərində Leninlə yanaşı Stalinin şəxsiyyət və fəaliyyətinə, sonuncunun sovet dövlətinə rəhbərlik etdiyi illərdə məhz bu sadə adamların içindən çıxmış yeni sovet ziyalıların, şairlərin, yazıçıların, rəssamların, memarların və başqa sənət sahiblərinin ən çox müraciət etdikləri mövzulardan biri olubdur.

Böyük şairimiz S.Vurğun da ona çoxlu şerlər həsr etmişdir. “Xanlar” dramında Koba obrazını yaratmışdı. Lakin 1956-ci ildəki məlum qərardan sonra “Xalqlar atası”na həsr edilmiş əsərlərin yayılması qadağan edildi. Hətta nəşr edilən əsərlərdə Stalinə aid hissələr, misralar ya başqa söz və ifadələrlə əvəz edimiş ya da tamamilə çıxarılmışdır.

Belə “əməliyyatlar” Səməd Vurğunun şeirləri üzərində də aparılmışdır. Şairin "Azərbaycan" poemasının sonuncu - 22-ci bəndinin necə qurtardığı yaşlı nəslə yaxşı məlumdur. Orada deyilirdi:

“Dinlə məni, əziz Vətən,

Bir söz gəlir ürəyimdən

Stalinin eşqi ilə sən

Yaşayarsan hər bir zaman

Azərbaycan, Azərbaycan!”

Stalinin adı qadağan ediləndən sonra “Stalinin” sözü "partiyanın” sözü ilə əvəz edilərək şairin müəlliflik hüququnu pozdular. Kommunist partiyasının fəaliyyəti qadağan ediləndən sonra “Azərbaycan” poemasından həmin kupleti tamamilə çıxartdılar. Elə bil bu əsəri onlar yazmışdılar... Amma Kommunist partiyasının fəaliyyəti qadağan edilməzdən əvvəl 1956-cı ildən sonra ondan əvvəlki aşağıdakı 5 misra tamamilə əsərdən çıxarılmışdır:

Nəğmələrin sərin-sərin,

Aşiqiyəm bu günlərin.

Atamız-şanlı rəhbərin,

Gəncliyi söylənir burda,

Həyat vermiş bizim yurada.

Şairin Böyük Oktyabr Sosialist İnqilabına həsr etdiyi “Oktyabr” şerinin bir bəndində Stalinin adı çəkildiyi üçün həmin şeirdə “əməliyyat”a məruz qalmışdır.

Yadımdadır bu şeri orta məktəbdə əzbərləyərdik. “Repressiya” olunmuş kuplet bu idi:

“İndidən görürəm bu sabahı mən

Yoldaş Stalinin baxışlarında,

Şanlı kommunizmə zəfərlə gedən

Dünya xalqlarının alqışlarında”

“Rus ordusu” şerindən çıxarılan:

“Gələndə düşmənlə süngü-süngüyə,

Bir nərən sovurur külünü göyə.

Doğma vətən deyə, Stalin deyə

Sən polad sinəni gərdin səngərə,

Çıxdın döyüşlərdən bəlkə min kərə” kupletləri və onlarla digər şerlərində Stalinin adı çəkilən hissələr nəşr edilməmişdir.

Böyük Xalq şairimizi sağalmaz dərdə salan əsas amillərdən biri də Stalinin şərəfinə şeirlər yazıb onu tərif etməkdə ittiham olunması idi. Səməd Vurğunu buna görə çox qınadılar, indi də yerində duran onu qınayır, təhqirlər yağdırır. Amma heç kim dahi Nizamini şahları tərif etdiyinə görə qınamır. Çox qəribədir, deyilmi?! Xalqa, zəhmətkeş insanlara zülm edən şahlar təriflənəndə etiraz edilmir, qınanılmır, amma xalqın mütləq əksəriyyətini təşkil edən fəhləni, kəndlini müdafiə edən, ömürünü, həyatını onun uğrunda qurban verən Lenin, Stalin və onlar kimi tarifi simaları təriflənəndə, tərif edənlər qınanılır, pislənilir, söyülür...

Ən qəribəsi də o idi ki, cəmiyyət və hakimiyyət dairələrində hörmətə malik olan övladları da bu haqsızlığa qarşı çıxmadılar, etiraz etmədilər. Lenin və Stalinsevərlərin köməyi ilə Leninə və Stalinə həsr olunmuş şerləri toplayıb kitab şəklində hazırlayıb nəşr etmək arzum da müəyyən obyektiv səbəblər üzündən indiyə kimi gerçəkləşə bilməyib.. Səməd Vurgunun Stalin haqqında yazdığı əsərləri, o cümələdən də “Stalin”, “Rəhbərə alqış”, “Mənim andım”, “Rəhbərə salam”, “Səadət nəğməsi”, “Rəhbərin Vətəni”, “ Azad İlham”, “Ölməz Stalin”, “Stalin qanunları”, “Günəşin keşiyində”, “Atamız-sərkərdəmiz”, “Nəsibimiz səadətlə ilk bahardır”, “Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır. Stalinin mərd əlini dönə-dönə sıxacaqdır” və 1956-ci ildən sonra əsərlərinə daxil edilməmiş digər şerlərin də başqa əsərləri ilə birlikdə nəşr olunmasını tələb edilməsi barədə təklifim də dəstəklənmədi.

İndi də təklif edirəm. Əgər imtina edilsə, şairin varislərinin razılığı ilə bu şerləri əsərlərinə daxil etməkdən imtina edən cavabdeh şəxsləri məhkəməyə verib onun müəlliflik hüquqlarını qorumaq da borcumuzdur! Varisləri də razı olmasalar, bir oxucu kimi mərhum şairimizisevən və stalinistlərin köməyi ilə bu işi üzərimə götürəcəyəm. Hələlik səsimə səs verən olmasa da, bu amalım uğrunda fəaliyyətimi davam etdirəcəm.

İndi isə Səməd Vurğunun 1935-ci ildə qələmə aldığı və Stalinə həsr etdiyi, xalqımızın da böyük bir hissəsinin oxumadığı “Stalin” şerini diqqətinizə çatdırıram.

Mən cocuq deyiləm, xeyli yaşım var.

Bilirəm söz nədir, məhəbbət nədir,

Mənim könül adlı bir yoldaşım var,

Könülsüz bir həyat bir viranədir....

Mən az bilməyirəm boş dastanları;

Həyatda çarpaşıq bir yol keçmişəm;

Qılınclı, buynuzlu “qəhrəmanları”

Çoxdan axtarmışam, çoxdan seçmişəm.

Bilirəm İskəndər Azərbaycanı

Gəldi quduz kimi taladı keçdi,

Qacar ayaqladı böyük İranı,

Tiflisi odlara qaladı keçdi.

Neron bir şəhəri birdən yıxdı ki,

Sönük vicdanına bir ilham gülsün;

Qan rəngli odlara dönüb baxdı ki,

Gücsüz ayaqları yerdən üzülsün.

İldırım Bəyazid, Teymur, Çingiz xan

Min ocaq söndürüb, qapı bağladı;

Gözlərdə intiqam, qılınclarda qan,

Bulutlar kişnədi, göylər ağladı.

Nadirin qəlbini kin etdi qat-qat,

Dilindən qoymadı “şöhrət” sözünü,

Tacından, taxtından qorxan o cəllad

Doğma balasının tökdü gözünü.

Napoleon dedi ki, “Göy allahındır.

Fəqət yer üzünün tanrısı mənəm!”

Demək ki, kainat bir padşahındır!

Tarix utanmazmı-gülüncdür-desəm?!

Tutub əsrlərin daş yaxasından

Sordu bu adları hər duyan ürək;

Bunların hamısını ayılmış insan

Bu gün qarşılayır nifrətləyərək.

Fəqət bir qüvvə var, gün kimi aydın,

Ondan işiq alır ulduzlar, aylar.

Ləkəsiz, boyasız bu aydınlığın

İçində sayrışan bir kainat var!

O kimdir? O nədir? Canlı bir insan!

Əynində boz rəngli adi bir şinel,

Günəşlə yanaşı duran bir vicdan.

İsinir qoynunda hər oba, hər el...

O, göydən gəlmədi... göy baxır bizə...

Göyün yer üzünə həsədi vardır.

Uzadır əlini əllərimizə,

Bu əli sıxanlar nə bəxtiyardır!...

O, gülür, görünür, sevinir hər an

Məsud insanların baxışlarında...

Onun heykəlini toxuyur insan

Türkmən xalçasının naxışlarında.

Aşıqlar bu adı çalır sazında,

Uşaqlar rəsmini qurur çiçəkdən,

Elin xoş səsində, xoş avazında

Bütün danışıqlar qopur ürəkdən;

Tatar da, gürcü də, rus da, türkmən də

Ehtiram saxlayır bu böyük ada,

Bu ada könlümü vermişəm mən də,

Şerim qanad çalır yeni dünyada.

O, yeni dünyanın çətin yolunda

Bizimlə yaşayır, bizimlə durur,

Əyilmək bilməyən polad qolunda

Milyon ürəklərin bir nəbzi vurur...

Stalin! Tanıyır yaxın da, yad da...

Hər sözü sönməyən canlı sənətdir!..

Məhəbbət yaşayır bu böyük adda,

Bu adı yaşadan bu məhəbbətdir!...

 

A.Sultanov

Globkom.info