
Bu gün Azərbaycanın dünyaca məşhur ictimai, siyasi, dövlət xadimi, müəllim, publisist, yazıçı, aktyor, maarifçi, həkim milli yönümlü bolşevik Nəriman Nərimanovun müəmmalı vəfatının 100-cü il dönümüdür. Böyük şəxsiyyətin həm ölümün, həm də oğlu Nəcəfə yazdığı “Bitməmiş məktub”unun yüz illiinin tamam olması ilə bağlı Nəriman Nərimanovun ev muzeyində tədbir keçirildi. Tədbirdə Nəriman Nərimanov irsinin davamçısı mərhum Teymur Əhmədovun oğlu Füzuli Əhmədov, tədqiqatçı alim, tarix üzrə fəlsəfə doktoru, “Azərbaycanın Əməkdar müəllimi” Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktorları Rəna Əhmədova və Həvva Məmmədova muzeyə təşrif buyuran Azərbaycan Turizm və Menecmentlik Universitetinin bir qrup tələbəsi və digər qonaqlar qarşısında tarixi şəxsiyyətimizin Azərbaycan ərazi bütövlülüyü, dövlətçiliyin qorunması azərbaycanlılar başqa olmaqla bütün Müsəlman-türk dünyasının ağ günə çıxması üçün apardığı maarifçilik və inqilabı mübarizəsiylə bağlı geniş söhbət açdılar.
Daha sonra Azərbaycanın görkəmli tarixi simasının oğlu Nəcəfə 28 yanvar 1925-ci ildə yazdığı “Bitməmiş məktub” gözəl qiraətiylə seçilən şagird Ləman Hacıyevanın ifasında səsləndirildi. Eləcə də Nəriman Nərimanovun və oğlu Nəcəfin həyatında mühüm anları özündə əks etdirən videoçarx da nümayiş olundu.
ABDULLA İSMAYILOĞLU
Globkom.info