
“Problem deyil, siz gedin kommunist fiqurların heykəllərini pomidor, yumurta atəşinə tutun. Biz isə gedib həmin heykəllərə gül qoyacağıq. Amma heykəlləri dağıtmaq, onların izini tamamilə itirmək vandalizmdir”.
Bu sözləri illər əvvəl ANS telekanalının efirində KXCP-in sədri Mirmahmud Mirəlioğlu ilə debat edən Azərbaycan Vahid Kommunist Partiyasının Baş katibi Musa Tukanovun demişdi...
Vaxtilə SSRİ-də, o cümlədən həmin ittifaqın bir parçası olan Azərbaycan Sovet Sosialist Respublikasında da məşhur sovet siyasi xadimlərinin, inqilabçılarının abidələriylə göz oxşayırdı. Siyasi ideologiyamı kənara qoyaraq qeyd edim ki, məmləkətimizdə bir çox sovet fiqurlarının heykəllərinin götürülməsi labüd idisə, bir qrup tarixi şəxsiyyətlərin heykəlləri saxlanılmalı və ya muzeylərə daşınmalıydı. Təbii ki, əli xalqımızın qanına batmış şaumyanların, çaparidzelərin heykəllərini və Bakının simvollaşdıran Kirovun uca abidəsi saxlanılması ən azından 1918-ci ildə qanları axıdılan fəhlə-kəndlilərin, qadınların, uşaqların ruhuna hörmətsizlik idi. Buna rəğmən biz mədəni, sivil xalq olmağımızı və ölkə turizmini inkişaf etdirmək üçün bütün Sovet şəxsiyyətlərinin heykəllərini, büstlərini bir yerə toplamalıydıq. Eynən tarixçi Firdovsiyə Əhmədova demiş “Sovet parkı yaradılmalıydı”. Təəssüf ki, mərhum Musa Tukanov demiş vandallığımızı göstərməyə davam etdik. Özü də bu vəhşilik bolşeviklərə qarşı yönəlsə, yenə dərd yarıydı. Böyük Vətən Müharibəsində misilsiz qəhramnlıq göstərən oğul-qızlarımıza qarşı da davam etdirildi və etdirilməkdədir...
Dünyada ilk sosialist quruluşlu dövlətin banisi Vladimir Leninin heykəlləri də Azərbaycanda çox idi. İndiki Hökümət Evinin qarşısından tutmuş, ən geridə qalmış bölgələrdə belə “Lenin baba”nın heykəlləri, büstü vardı. Məmləkətimizdə proletariatın böyük simasının sonuncu abidəsi 2016-cı ilin oktyabrında Qəbələnin Qəmərvan kəndində dağıdıldı. Halbuki, 71 illik Sovet dövrünü xatırladan bir dənə heykəlin qalması kimlərinsə üzüyünün qaşının düşməsi demək deyildi. Həmçinin o, heykəli bir qədər də rekonstrusiya edib, ətrafında da qəşəng park salıb turistlər üçün yaxşı məkana çevirmək olardı. “Berlin divar”ı almanların tarixində qara ləkədir, amma onlar o divardan bir parça saxlamaqla həm tarixi yaddaşını qoruyur, həm də turistlərin gəlib görməsinə şərait yaradıblar. Bizdə də bir Leninin heykəlinin olmasıyla kimlərinsə bağrı partlamayacaqdı.
Ən maraqlısı isə budur ki, bu gün Lenin ideyalarına müxalif olmuş, hələ də müxalif olan ölkələrdə SSRİ-in ilk rəhbərinin abidələri mövcuddur və kimsə onu dağıtmaq fikirində deyil. Vladimir İliçin ABŞ-da 6, Böyük Britaniya ilə İtaliyada 3, Meksika, Hindistan, Yunanıstan, Vyetnam İsveç və digər ölkələrdə bir heykəl var. Almaniyanın isə bir neçə şəhərində proletariatın liderinin heykəlləri var. Elə son olaraq 2020-ci ildə Almaniyanın Gelsenkirhen şəhərində Leninin şərəfinə abidə ucaldıldı.
Ən maraqlısı isə odur ki, Leninin şərəfinə Yer kürəsinin cənub qütbü olan Antraktida da abidə ucaldılıb. Elmi-tədqiqat işiylə məşğul olan Sovet alimləri buzlu qitənin mərkəzinə doğru gedib çıxmışdılar. 1958-ci ilin dekabrın 14-də Yevgeni Tolstikovun rəhbərlik etdiyi ekspedisiya qrupu burda “Əlçatmaz Qütb” adlı stansiya yaradır. Bir qədər sonra Vladimir İliç Leninin büstünü stansiya üzərində ucaldılır. Amma qitənin bu hissəsi olduqca soyuq olduğundan Antraktidanı Leninin büstü ilə şərəfləndirən sovet ekspedisiyası burda uzun müddət tədqiqat aparmağın və məskunlaşmağın mümkün olmadığını anlayaraq çıxıb gedirlər. Belə ki, yaradılan yayaşış obyekti ən yaxın sovet stansiyasına 600 km məsafədə yerləşdiyindən və orta temperatur – 58,2 dərəcə idi. Burada buzun qalınlığı 2980 metrə qədər çatırdı. Amma yaşayış obyekti və onun üzərindəki məşhur abidə dağıdılmadan tərk olunur.
Artıq 67 ildir ki, Antraktidada proletariatın rəhbərinin büstü qalmaqdadır və riski sevən turistlər bu abidəni görmək üçün böyük fiziki əziyyət, dözüm və külli miqdarda vəsait xərcləyərək Leninin buzlaşmış abidəsiylə tanış olmaq və xatirə şəkli çəkdirmək üçün ora can atırlar. 1965-ci ildə ABŞ ekspedisiya qrupu Lenin büstünü ziyarət edərək çəkilişlər apardı. Yankilər büstün üzünü Vaşinqton istiqamətinə çevirməyə də macal tapdı.
1967-ci ildə Sovet tədqiqatçıları yenidən mənəvi babalarına baş çəkirlər. Bundan sonra yaşayış obyektini və büstü 40 il ziyarət edən olmur. Yalnız 2007-ci ildə britaniyalı Henri Kukson Leninin büstünə baş çəkməyi qət edir. Onun abidə ilə rastlaşması yürüşü 46 gün çəkir və 19 yanvar 2007-ci ildə Henri Kukson təyinat yerinə çatır. Amma uzun illərdən sonra yaşayış obyektinin böyük hissəsi qar altında qaldığından səyyah turistlər yalnız proletariatın liderinin büstü ilə tanış olmağı bacarır.
2008-ci ildə norveç-amerikan qrupu Lenini yad edir. 2017-ci ilin dekabrında avstraliyalı səyyah Ceff Uilson proletar diktatorunun büstünü ziyarət edir. Artıq abidə bir qədər də qar altında qaldığından standart insan boyundan da aşağı idi. Antraktidakı Leninə sonuncu dəfə 2020-ci ildə 38 yaşlı çinli qadın Fen Çzin baş çəkib.
Sözüm o ki, siyasi, ideoloji məsələləri kənara qoyub, bir az neytral, XXI əsrin insanı kimi yaşamağı və yanaşmağı da bacarmaq lazımdır. Təbii ki, bu sözüm o demək deyil ki, milli, mənəvi dəyərlərimizə tüpürək. Amma keçmişi dağıtmaqla, tarixi təhrif etməklə, abidələri dağıtmaq, izi tamamilə itirməklə hələ heç bir xalq nə xeyir tapıb, nə də irəli gedib. Heykəllərin, büstlərin demontaj edə bilərsiz, bəs sənədləri, qaynaqları, şahidləri, nəsildən-nəsilə ötürülən söhbətləri, pıçıltıları necə məhv edəcəksiz?
Bir vaxtlar Bakıda “Sovet Yunion” adlı pub-restoran vardı. Həm gözəl dizayn olunaraq insanlara nostaji xatirələr yaşadırdı, həm də hər kəsin cibinə uyğun idi. Nə obyekt yiyəsi, nə də bura gələn müştərilər inqilabçılıq, dövlət çevrilişi, SSRİ-ni geri qaytarmaq barədə düşünürdü. Həm kef çəkilirdi, həm xatirələr yad olunur, həm fərdi sahibkar qazanır, həm də dövlət büdcəsinə pul gedirdi. 2006-cı ilin avqustunda Hindistanın Mumbayi şəhərində “Hitlerin Xaçı”, 2019-cu ildə isə İraqın Dahuk şəhərində “Adolf Hitler” adında restoran açılıb. İndi bu o anlamamı gəlir ki, hindlilər ilə iraqlılar nasist ideologiyasını təbliğ edirlər?! Sözüm o ki, bu gün Azərbaycanın hansısa bölgəsində Vladimir Leninin bir abidəsinin qalmasında iblis, dəccal, lutsifer simvolunun olması və insanlara qarşı vandallıq, mazaxizm, sodomazaxizm, pedofiliya təbliğ olunmur. Hər halda Lenin abibəsindən sosial taun, xof, murdarlıq yayılsaydı amerikalılar, almanlar, danimarkalılar, yunanlar və başqaları öz ölkələrində proletariatın rəhbərinin heykəllərini, büstünü sökərdilər. Bolşevizmə, leninizmə, SSRİ-yə əks dövlətlər bunu etməyibsə, demək onlar bizdən daha sivil, mədəni yanaşmaq da öndədirlər. Gəlin, bu gün yaxşı nümunələr götürməklə rəngarəng fərqlilik, həqiqi tolerantlığımızı (təbii ki, bununla xalqın yaşam tərzinə, milli mentalitetinə zidd iyrəncliklərin təbliğini nəzərdə tutmuram) sərgiləyək. XXI əsrin ¼ -ni geridə qoymağa doğru getdiyimiz zamanda Bakımızda və ya hansısa bölgəmizdə Leninin (Stalinin, Kalininin, Molotovun, Beriyanın, Brejnevin və bunlar kimi başqalarının) abidəsinin olması xalqımızın tolerantlıq səviyyəsinin yüksəlməsinə, ölkənin turizm potensialının inkişafına və dövlətin büdcəsinə pul gətirmək mövqeyindən baxaq. Ən əsası anlayaq və qanaq ki, heykəllərin, büstlərin dağıdılması, demontaj edilməsiylə xalqın ötən əsrdəki yaşantıları və tarix dəyişdirilməz.
Abdulla İsmayıloğlu
GlobKom.İnfo
Mənbələr
https://sonxeber.az/130159/leninin-azerbaycandaki-sonuncu-heykeli-yixildi-ozumuz-dagitdiq
https://www.nuh.az/8386-azrbaycanda-leninin-son-heyklini-d-yxdlar-foto.html
https://russkiymir.ru/publications/301155/
https://www.anywayanyday.com/blog/travel/lenins/
https://www.sostav.ru/news/2006/08/28/7/
https://www.newsru.com/world/22aug2006/hitlerr.html
https://lenta.ru/news/2019/09/04/hitler/
https://stmegi.com/posts/73454/restoran-gitler-menyaet-imya/