
Demək, bir müddət öncə Əkrəm Əylisli ilə bağlı silsilə şəkildə fundamental yazılar yazdım... Bu məqamda xüsusən QEYD EDİM Kİ, yazdığım bütün yazılar necə deyərlər, nöqtə — vergülünə qədər Əkrəm Əylislinin haqqıdır...
İndi o yazılardan sonra nə zaman ədəbi fikir ortaya qoyuramsa əksəriyyət gəlib bir ağızdan Əkrəm Əylislidən söz açır. Olsun! Mən bütün yazdıqlarımın, yazacaqlarımın (həmçinin də Əkrəm Əylisli haqqında yazdıqlarımın, yazacaqlarımın!) daim yanında olmuşam... olacağam da! SƏNƏT kütlənin yox, FƏRDlərin qəbuludur... Burası belə!
Əkrəm Əylislidən söz açmışkən, qısaca olaraq bir daha onu da deyim ki, Əkrəm Əylisli bütün əsərlərində, eləcə də “Daş yuxular” əsərində nə yazdığının, nə yaratdığının çox gözəl fərqindədir. Hələ də davam edən hay — küyə... şüuraltı əsassız, yanlış nifrətə... korkoranə münasibət sərgiləmələrinə... gərək yox!
“Daş yuxular” əsərinin öz ideyası var... və YAZIÇI MİSSİYASI... FÖVQƏL ENERJİ... YARADICI MEXANİZM... SPESİFİK ƏDƏBİ TƏFƏKKÜR ümumbəşəri kodlarla məhz o ideyanı təqdim edir. Əsəri “siyasət masası”nda, müəyyən “dişli ideologiyalar”ın fonunda... VƏ YA hansısa “maraqlar” naminə, kortəbii tərzdə, kütlə təfəkkürü ilə hissə — hissə, ayrı — ayrılıqda müzakirə etdikdən SONRA, yanlış qənaətə gəlinirsə, o artıq bir sənətkarın, yazıçının problemi deyil...
... Əkrəm Əylisli kimi (məhz Əkrəm Əylisli kimi!) bir YAZIÇInın adına “xəyanətkar” damğası vurmaq (hətta adını çəkməkdən “qorxmaq”!) sadəcə kortəbiilikdir, sənətin fərqinə varmamaqdır, vara bilməməkdir.
Bitməlidi “Əkrəm xofu”, “yaradılmış” vahiməli “Əkrəm mifi”nin “erası”...