Sovetlər dönəminin siyasətdəki, ədəbiyyatdakı, mədəniyyətdəki... və digər sahələrdəki ideoloji xəttini, tələbini və təbliğini çağımızın fikir adamları, o dövrü yaşamış azad düşüncəli aydınlar heç vaxt qəbul edə bilməyib, bu gün də etmir. Olsun! Haqları da var. Çünki həmin ideoloji xəttin çatışmazlıqları da yetərincə idi. Bu öz yerində...

Amma “sovet” adlandırdığım istismarçı bir quruluşun bu mənfilikləri ilə yanaşı elə qadağaları olub ki, onlar dəyərlərə, enməzliyə xidmət edib. Bu səbəbdəndir ki, hələ də “senzura” kəlməsi saçları alnı kimi ağ olan bir çox əliqələmlilərin, sənət adamlarının dilindən düşmür. Nəinki düşməmək, hətta yenidən arzulayırlar da! O qadağalar ki, özünü bütün sahələrdə, xüsusən də mətbuatda, informasiya orqanlarında aşkarca göstərib. Əslində bu (bir az da!) var olanı necə deyərlər, urvatda, ucalıqda saxlamaqdır...

Məqsədim Sovet quruluşunu (və onun diqtələrini, məhrumiyyətlərini) təhlil (və ya təqdir!) etmək deyil, “senzura”nın hökmü ilə müəlliflər üçün əlçatmazlığa çevrilən bir sıra mətbu orqanların indi bütün “əllərdə” (bəli, məhz bütün “əllərdə”!) olmasını göstərməkdir...

“Azərbaycan” jurnalı... “Ulduz” jurnalı... “Ədəbiyyat qəzeti”... bu adlar əli qələm, dərki ədəbiyyat, gözü kitab tanıyan hər kəsə bu gün də yaxşı tanışdır.

Amma necə tanışdır? Gələk o məsələyə.

Nə “Azərbaycan” jurnalının, nə “Ulduz” jurnalının, nə də “Ədəbiyyat qəzeti”nin az yaşı var. Kifayət qədər böyük yol keçiblər. Ədəbiyyat tarixinə çevriləcək yol...

Çox uzağa getmirəm, gəlin son illər ərzində həmin bu dövri nəşrlərin taleyinə üz tutaq. Nələr yaşamayıblar, nələr görməyiblər? Qəribə gəldi, eləmi?

Bir mətbu orqanın ki, baş redaktorunu onun gözünün qabağında səhifə – səhifə, zəng – zəng, xahiş – xahiş “güllələyələr”... ondan danışmağa başlayanda bilmirsən haradan başlayıb, harada qurtarasan.

... Elçin Hüseynbəyli... Azər Turan... Qulu Ağsəs... İntiqam Qasımzadə...

Elə bu ismlər də o mətbu orqanlar qədər sizlərə tanışdı. Həm də çox yaxşı agahsız!

Bu gün gedib bu ismlərin sahiblərinə sual etsəm ki, məsələn, Sovetin idarəçilik mexanizmini, təbliğat maşınını bəyənirdinizmi? Bir ağızdan deyəcəklər ki, yox, yalnız müstəqillik! Yaxşı, mən də deyirəm – azadlıq, müstəqillik! Amma sonra qayıdıb adama deməzlərmi, ay hörmətli baş redaktor(lar!), Sovetin illərlə dəyərlər naminə qoruyub “senzura”ların sayəsində əlçatmazlıqda, ucalıqda saxladığı mətbu nəşrləri siz Namiq Mənaların, Yusif Nəğməkarların, Vahid Əzizlərin... daha kimlərin (ədəbiyyatın üzünü tanımayan) “yazdıqlarından”, Əsəd Cahangirlərin, Vaqif Yusiflilərin, Rüstəm Kamalların... (“maraqlar” üstündə) qələmə aldığı “boz sicilləmə”lərindən, cəfəngiyatlarından qoruya bilmədiniz. Təbii ki, bu da səbəbsiz deyildi. Çünki siz öncə baş redaktor olaraq özünüzün prinsiplərinizi itirdiniz. Bəli, “güllələnərək” itirdiniz! Mövqeyiniz, səlahətləriniz, qətiyyətiniz, məqsədləriniz “güllələndi”...

... Hüseyn Cavidlərin... İsa Muğannaların... Vaqif Bayatlıların... Yusif Səmədoğulların... Əkrəm Əylislilərin dərc olunduğu əlçatmaz orqanlar görün hansı “müəllif” əllərinə çatdı, hansı şəxslərin “boz meydan”ına çevrildi. Yoxsa yanılırammı? Bəlkə müstəqil olmaq Azər Turan üçün, İntiqam Qasımzadə üçün qəzetdə, jurnalda hər kəsə yer ayırmaqdır, yoxsa, ədəbi dəyərləri məhv etməkdi? Ya bəlkə Qulu Ağsəs üçün universitet tələbəsinin ilk qələm təcrübələrini dərc etmək? (Hələ digər nüanslar bir yana)...

Emil Rasimoğlu

Globkom.info