Rusiyanın “Lancet” kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) 3 ilə yaxın davam edən Ukrayna müharibəsində rəqibin artilleriya sistemlərinə ciddi zərbə vurub. İndi isə bu PUA-lar satışa çıxarılır.

“Aero India 2025” beynəlxalq aviasiya sərgisi tarixdə görünməmiş və diqqət çəkən hadisələrə səhnə oldu. İnternetdə ABŞ-nin F-35 “Lightning II” və Rusiyanın Su-57E döyüş təyyarələrinin sərgi meydanında bir-birinin qarşısında dayanmasını əks etdirən görüntülər yayıldı. Təsəvvür etmək belə çətin idi ki, bu iki ölkənin qabaqcıl döyüş təyyarələri bir-birinə atəş açmadan üzbəüz dayanacaq. Dünyanın hər yerində sərgi ilə bağlı müxtəlif şayiələr yayılarkən, ruslar bu marağı daha da artıraraq yeni nəsil “Lancet-E” kamikadze PUA sistemlərini nümayiş etdiriblər.

Buradakı “E” hərfi “eksport” mənasını verir, çünki “Aero India 2025” sərgisinin əsas məqsədi müxtəlif dövlətlərin və müdafiə şirkətlərinin öz məhsullarını xarici alıcılara təqdim etməkdir. Bu halda, “Lancet” seriyasından olan kamikadze PUA-ları Rusiya dövlət ixrac şirkəti “Rosoboronexport” tərəfindən satışa çıxarılır.

“Lancet-E” sistemi birlikdə fəaliyyət göstərən 3 müxtəlif pilotsuz uçuş aparatından ibarətdir. Bunlardan “Product 51-E” və “Z-16-E” kəşfiyyat, müşahidə və hədəf aşkarlama məqsədləri üçün nəzərdə tutulub. Əsas hücum missiyasını isə “Product 52-E” PUA-sı həyata keçirir. Rusiyanın hələ özünü döyüş meydanında tam sübut etməmiş, amma zərif görünüşlü Su-57 təyyarələrindən fərqli olaraq, “Lancet” PUA-larının effektivliyi artıq Ukrayna səmasında, 2022-ci ilin fevralında başlayan müharibədən bəri dəfələrlə təsdiqlənib.

Lancet PUA-ları Ukraynadakı NATO artilleriyasının baş bəlası olub

Həqiqətən də “Lancet-3” (Lancet ailəsinin təkmilləşdirilmiş variantı) PUA-larının, müharibənin əvvəlindən indiyə qədər Ukraynanın istifadə etdiyi NATO mənşəli artilleriya sistemlərinin təxminən yarısının məhv edilməsində iştirak etdiyi güman edilir. Bu fakt özü belə kifayət edir, xarici müştərilərin diqqətini cəlb etmək üçün bundan yaxşı reklam ola bilməzdi.

Xüsusilə, Lancet PUA-ları müharibə müddətində Ukraynanın istifadə etdiyi ABŞ istehsalı M777 haubitsaları, Polşa istehsalı KRAB özüyeriyən artilleriya qurğuları və hətta səyyar zenit-raket komplekslərini (SAM) uğurla vuraraq sıradan çıxarıb. Ukrayna ordusu bu raket komplekslərindən Rusiya təyyarələrinə qarşı istifadə edir.

“Lancet” PUA sistemi barədə texniki məlumatlar

“Lancet” kamikadze PUA-larının effektiv uçuş məsafəsi təxminən 60-80 kilometr (40-50 mil) təşkil edir. Bundan əvvəlki Rusiya istehsalı kamikadze PUA-larının məsafəsi təxminən 2 dəfə daha qısadır. Bu isə o deməkdir ki, Rusiya indi Ukrayna ərazisinin daha dərin nöqtələrindəki artilleriya və hava hücumundan müdafiə sistemlərini məhv edə bilər. Bu cür hücumlar nəticəsində Ukrayna hava müdafiəsində yaranan boşluqlar, Rusiyanın hərbi təyyarələrinə daha effektiv hücum əməliyyatları aparmaq fürsəti yaradır.

“Lancet” PUA-ları nisbətən ucuz və çoxfunksiyalı silahlardır. Onlar müxtəlif tip partlayıcı başlıqlarla təchiz edilə bilər: yüksək partlayıcı (HE), qəlpəli-fuqas, həmçinin istehkam və zirehli texnikaya qarşı effektiv olan kumulyativ başlıqlar. Optik-elektron naviqasiya sistemi ilə idarə edilən “Lancet” PUA-ları həm avtonom, həm də uzaqdan insan operatorları tərəfindən idarə olunan rejimlərdə işləyə bilir. Termal kameralar bu silahları gecə şəraitində də təhlükəli edir.

“Lancet” PUA-ları xüsusi boru formalı konteynerdən buraxılır ki, bu da onların istifadəsini daha sadə hala gətirir və sürətli yerləşdirməni mümkün edir. Ukrayna müharibəsinin səngərlərdə və palçıqlı sahələrdə yaxın məsafəli döyüşlər şəraitində aparıldığını nəzərə alsaq, bu cür sürətli və dağıdıcı silah sistemlərinin istifadəsi Rusiyanın ciddi üstünlüyünə çevrilir.

Bu tip kamikadze PUA-ları xüsusilə effektivdir, çünki partlayıcı yük daşıyan PUA-nın özü, əslində, raketin daşıyıcı platforması rolunu oynayır. Bu, həm iqtisadi baxımdan səmərəli, həm də döyüş meydanında effektiv olan silahdır. Bir daha təkrar etməyə dəyər ki, müharibə dövründə Ukrayna tərəfindən itirilmiş NATO artilleriya və hava müdafiə texnikasının təxminən yarısı məhz “Lancet” PUA-ları ilə məhv edilib.

Müharibənin gələcək siması artıq formalaşır

Ukrayna müharibəsi hər iki tərəf üçün çox ağır, son illərin ən qanlı qarşıdurmasıdır. Amma həm Rusiya, həm də Ukrayna orduları müharibə dövründə çox sürətlə adaptasiya olmağı bacarıblar. Bununla belə, böyük hərbi gücə malik olan Rusiya öz hərbi təcrübəsindən qazandığı nəticələri indi qlobal silah bazarında böyük satışlara çevirə bilər.

Kamikadze PUA-ları müharibə sənətini kökündən dəyişib. ABŞ ordusu belə Ukrayna müharibəsində pilotsuz aparatlar sahəsindəki yeniliklərin müasir müharibə sənətinə necə böyük təsir etdiyini tam dərk edə bilməyib. Artıq “Lancet” kimi silah sistemləri XXI əsrin müharibə qorxularını formalaşdıran əsas amillərdən biri olacaq və gələcəkdə müharibələrin simasını yenidən müəyyənləşdirəcək.

Firuz Bağırov