Onsuz da bu ölkədə bütün qərarları hamı cənab Prezidentdən gözləyir. İrili-xırdalı istənilən məmurdan hər hansı bir  təşəbbüs gözləmək sadəlövhlük olardı. Ölkə təhsili illərdir tənəzzüldədir. İş o yerə çatıb ki, artıq təhsil məktəblərdən çıxıb, repetitor evlərinə, kurslara və tədris mərkəzlərinə köçüb.

Mətbuatda hər gün durmadan təhsil ocaqlarından korrupsiya, rüşvətxorluq və digər kriminal xəbərlər yayılmaqda davam edir.

Təhsildəki bu acınacaqlı durumdan çıxış yolları barədə uzun illərdir ölkə ziyalıları daim könkret təkliflərlə çıxış etsələr də, bu sahəyə rəhbərlik edən adamlar ictimai fikrə tam etinasızlıq göstərir və saymazlıq nümayiş etdirirlər.

Odur ki, təhsildə yaranmış bu vəziyyətdən çıxış yolunu yalnız ciddi islahatlarda görürəm və ölkə rəhbərliyinə müraciət üçün aşağıdakı  konkret layihəni təhsil ictimaiyyətinin müzakirəsinə təklif edirəm:

1. Orta və ümumi təhsilə ayrılan bütün büdcə vəsaitini dövlət ETN-ə yox,  təhsilalanların illik təhsil haqqı kimi, ünvanlı şəkildə hər bir şagirdin "Təhsil Bankı"ndakı şəxsi hesabına köçürsün. Bunu çox asan yolla hesablamaq olar. Şagird başına maliyyələşmə hesabatı bir neçə ildir artıq hazırlanıb, sadəcə maraqlı qüvvələr var ki, bu sistem indiyədək işə düşməyib. (Yəni, burada söhbət hər bir şagirdin 1 illik təhsilinə dövlətin ayırdığı vəsaitdən gedir).

2. Ölkədəki bütün təhsil subyektləri, o cümlədən dövlət ümumtəhsil məktəbləri də özəlləşdirilib publik hüquqi şəxsə çevrilsin. Onsuz da məktəblərin direktorları oranı özlərinin şəxsi obyektinə çeviriblər. Beləliklə, özəl litseylərdə, gimnaziyalarda olduğu kimi, hər məktəb özünün aylıq və illik təhsil haqqını müəyyənləşdirsin. Belə olsa, şagirdlər və onların valideynlərinin də seçim imkanı olacaq, həmçinin, verdiyi təhsilin keyfiyyətinə görə də məktəblər arasında sağlam rəqabət mühiti yaranacaq və onlar təhsilalanlar üçün daha yaxşı təlim-tədris mühiti yaratmaqda maraqlı olacaqlar.

3. Başlıcası isə, pedoqoji heyətin əmək haqqı yetərincə yüksələcək, məktəblərdə yalnız peşəkar və səriştəli müəllimlər qalıb işləyə biləcək, valideynlər isə  repetitorlara və hazırlıq kurslarına çəkdikləri xərclərdən tam azad olacaqlar.

4. Ən əsası, bu halda dövlət də təhsilin idarə edilməsinə ayrılan milyonlarla vəsaitə qənaət edəcək və son 15 ildə Azərbaycan təhsilini inhisara almış ETN-nin qurduğu çoxpilləli, tamamilə səmərəsiz idarəçilik iyerarxiyasına da özü özlüyündə heç bir ehtiyac qallmayacaq.

Əminəm ki, qısa bir zamanda heç bir böyük vəsait xərclənmədən ölkə təhsili düşdüyü bu ağır durumdan çıxacaq və sürətli inkişafa nail olacaq.

Aydın məsələdir ki, bu təklifləri bir qrup adamlar narazılıqla qarşılayacaqlar. Təhsilə ayrılan büdcədə oturan xeyli idarəetmə qurumları, vəzifələr ixtisara düşəcək, iri maliyə kanalları bağlanacaq. Amma, inanın, biz bura istənilən bir ölkədən, ən qabaqcıl təhsil proqramını gətirsək belə, onlar da Kurikulumun taleyini yaşıyacaq. Yenə böyük maliyyə və dəyərli zamanımızı itirəcəyik. Çünki, təhsildə hər belə eksprement yenə yüz minlərlə gəncin taleyini və ölkənin gələcəyini təhlükəyə atmaq deməkdir.

Famil Səfərov

psixoloq